“Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr əldə olunub” - İlyas Hüseynov
Avropanın siyasi paytaxtı Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün ümumilikdə 5 saat çəkməsi göstərir ki, bütün məsələlər nəzərdən keçirilib və uğurlu nəticələr əldə olunub.
Bunu 1news.az-a açıqlamasında politoloq İlyas Hüseynov Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşünü şərh edərkən deyib:
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonrakı bəyanata nəzər salanda görürük ki, bəyanatda Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib, status məsələsi ümumiyyətlə olmayıb, yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyə təminat verəcəyini bəyan edib.
Bu formatda keçirilən üçüncü görüşün nəticəsi olaraq humanitar sahədə olan məsələlərə gəlincə qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi görüşdə müzakirə olunub. UNESCO ilə bağlı fikirlər də bəyanatda yer almır və görünür ki, bu məsələ gündəlikdən çıxır. Digər tərəfdən, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq.
Xüsusilə vurğulamaq lazımdır ki, aprelin 6-da keçirilmiş görüşdə razılaşdırılmışdı ki, sözügedən komissiya aprelin sonuna kimi çağırılacaq. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbində komissiyanın çağırılması baş vermədi. Bununla yanaşı, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib”.
İ.Hüseynov Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılıq ifadə olunmasını da xüsusi qeyd edib:
“Digər məsələ sülh müqaviləsi ilə bağlıdır və Brüssel sülh formatının özəlliyini əks etdirir. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə olunub. İqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi və Avropa İttifaqının əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etməsi də göstərir ki, Aİ regionda sülhün və təhlükəsizliyin dayanaqlı olmasında maraqlıdır”.
1news.az