İlham Əliyev: “Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk”
Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçib.
1news.az-a məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Roma Papası Fransisk həzrətlərinə təbrik məktubunda yer alıb.
“2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram. 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı münasibətlərimizin tarixində əlamətdar hadisələrdən biri olmuşdur. 2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə – Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Bütün bunlar dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığımızın və birgə səylərimizin təzahürüdür”, - deyə təbrikdə qeyd olunur.
Dövlətimizin başçısı məktubunda Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış səmərəli əməkdaşlığı xüsusi vurğulayır. Bildirilir ki, Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası həyata keçirilmiş, mədəni irsin qorunması sahəsində böyük işlər görülmüşdür. Fondun reallaşdırdığı bu layihələr multikultural dəyərlərə sadiq olan və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın ənənəvi rolunu bir daha təsdiq edir.
Prezident İlham Əliyev Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafında, konstruktiv dialoqun genişlənməsində Fransisk həzrətlərinin böyük şəxsi töhfəsini qeyd edərək, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyi yüksək qiymətə görə ona təşəkkürünü bildirib.
Məktubda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq bundan sonra da sivilizasiyalar və dinlərarası dialoqun, dünyada tolerantlığın təşviqinə xidmət edəcəyinə inam ifadə olunur.