“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir” - Sevinc Fətəliyeva
“Bugünlər Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən önəmli tədbiri olan “Bakı Enerji Həftəsi” öz işinə başlayıb. “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir”.
1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Azərbaycanın neft-qaz və enerji sektorunun inkişafı ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan yeni qlobal çağırışlar fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Azərbaycanın bu prosesdə rolu dünya miqyasında hər zaman yüksək dəyərləndirilir. Bunu ABŞ Prezidenti Cozef Baydenin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda da görmək mümkündür. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmənin hazırkı dövrdə xüsusilə əhəmiyyətli olduğunu bildirən ABŞ Prezidenti qeyd edib ki, Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
“Ümumiyyətlə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası “Əsrin müqaviləsi” ilə Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçı dövlətə çevirib. Bu gün isə Azərbaycan uğurlu enerji siyasəti nəticəsində təkcə neft və qaz ixracatçısı yox, eyni zamanda, regionda elektrik enerjisi ixracatçısına çevrilir. Xüsusilə son dövrlərdə ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalı istiqamətində böyük işlər görülür. Bərpaolunan enerji mənbələrinə, əsasən də günəş, külək və su enerjisi istehsalı sahələrində beynəlxalq şirkətlərin Azərbaycana böyük marağı var. Ölkəmiz, eyni zamanda, Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Bundan əlavə, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada öncül sıralarda qərarlaşır. Bütün bu uğurların fonunda ölkəmizdə inkişaf etməkdə olan “yaşıl enerji” strategiyasını aparılan planlı layihələrin nəticəsi kimi dəyərləndirmək olar. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək. Bu amil həm də, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırır”, -deyə S.Fətəliyeva vurğulayıb.
1news.az