Səfir Əkrəm Zeynallı: Çin Qarabağ və Şərqi Zəngəzurdakı layihələrdə iştirak etməkdə maraqlıdır | 1news.az | Xəbərlər
Müsahibə

Səfir Əkrəm Zeynallı: Çin Qarabağ və Şərqi Zəngəzurdakı layihələrdə iştirak etməkdə maraqlıdır

09:45 - 23 / 06 / 2022
Səfir Əkrəm Zeynallı: Çin Qarabağ və Şərqi Zəngəzurdakı layihələrdə iştirak etməkdə maraqlıdır

1news.az-ın “Diplomatla Söhbət” adlı rubrikasının növbəti müsahibi Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallıdır.

Müsahibəni təqdim edirik:

- Azərbaycanla Çin arasında olan münasibətlərin hazırkı durumunu necə qiymətləndirirsiniz?

- İlk öncə icazə verin müsahibə təşəbbüsünə görə sizlərə təşəkkürümü bildirim və bu xoş fürsətdən istifadə edərək, 1news.az informasiya agentliyinin kollektivinə fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayım.

Artıq 5 ilə yaxındır ki, ölkəmizi Çin Xalq Respublikasında təmsil edən səfir kimi Azərbaycan-Çin ikitərəfli əlaqələrinin hazırkı durumunu qısaca belə xarakterizə edərdim ki, hazırda Azərbaycan-Çin əlaqələri dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Azərbaycan Çin Xalq Respublikası ilə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsinə xarici siyasətinin əsas prioritetlərindən biri olaraq baxır və bu istiqamətdə fəaliyyət bizim üçün strateji əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan-Çin əlaqələri özünün elə bir inkişaf mərhələsini yaşayır ki, ikitərəfli münasibətlərimizdə fəal işbirliyinə və ciddi nəticələrə rast gəlinməyən heç bir sahə mövcud deyildir. Bu isə bizə Azərbaycan-Çin əlaqələrinin son illər ərzində mahiyyətcə yeni mərhələyə yüksəldiyini və bu əlaqələrin hazırda tarixinin ən parlaq dövrünü yaşadığını deməyə əsas verir.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri ilə əsası qoyulmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Başçıları səviyyəsində fəal siyasi dialoq ikitərəfli əlaqələrimizin möhkəm özülü və məhək daşı rolunu oynamaqla, ikitərəfli əlaqələrimizin siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, humanitar və digər sahələrində nəzərəçarpan nəticələr əldə etməyimizə geniş imkanlar yaradır. Bununla yanaşı, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birilərinin milli maraqları ilə bağlı məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Belə ki, Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda, Azərbaycan və Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əməkdaşlığımızın genişləndirilməsi üçün yaratdığı imkanlardan müvəffəqiyyətlə istifadə edir, COVİD-19 pandemiyasına qarşı mübarizədə bir-birlərinə dəstək göstərməklə xalqlarımız arasındakı dostluğun möhkəmliyini və sarsılmazlığını nümayiş etdirirlər.

Bildiyiniz kimi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində Dövlət Başçıları səviyyəsində həyata keçirilən rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bu xüsusda, Prezident İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə dövlət səfəri və 2019-cu ilin 25-27 aprel tarixlərində Pekin şəhərində keçirilmiş 2-ci “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı, bu səfərlər çərçivəsində Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin ilə dostluq və səmimiyyət şəraitində keçirdiyi görüşlər münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan yaratmışdır. Təsadüfi deyildir ki, 2 iyun 2021-ci il tarixində Prezident İlham Əliyevlə Sədr Si Cinpin arasında baş tutmuş telefon danışığı zamanı tərəflər münasibətlərimizin artıq strateji tərəfdaşlıq səviyyəsinə yaxınlaşmasından məmnunluq ifadə etmiş və ikitərəfli əlaqələrimizin “yeni tarixi inkişaf dövrünün astanasında” olduğunu vurğulamışlar.

Bildiyiniz kimi, 2022-ci il Azərbaycan-Çin münasibətlərinin tarixində əlamətdar bir ildir və bu il biz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Cari ilin aprel ayında bu münasibətlə iki ölkənin Dövlət və Hökumət Başçıları, Parlament sədrləri və xarici işlər nazirləri arasında məktub mübadilələri baş tutmuş, Bakı və Pekində bu əlamətdar hadisəyə həsr edilmiş təntənəli tədbirlər keçirilmişdir. Geridə qoyduğumuz 30 ilə nəzər saldıqda, birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan-Çin ikitərəfli əlaqələri bu illər ərzində yalnız yüksələn xəttlə inkişaf etmiş, iki ölkə arasında dostluq, etimad və əməkdaşlıq durmadan möhkəmlənmişdir.

Sizə də məlum olduğu kimi, cari ilin 27 may tarixində ölkəmizin Çindəki Səfirliyi üçün inşa edilən yeni bina kompleksinin rəsmi açılış mərasimi keçirilmişdir. Yeni Səfirlik binası Azərbaycanın xaricdəki ən böyük və möhtəşəm Səfirlik binalarından biridir. Öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçilən bu bina ölkəmizin Çinlə münasibətlərinə verdiyi önəmin və əlaqələrimizin daha da genişləndirilməsinə olan marağının digər bir təcəssümüdür. Təbiidir ki, Azərbaycan-Çin əlaqələri o qədər zəngin və çoxşaxəlidir ki, müsahibə çərçivəsində bu əlaqələri tam ətraflı və geniş şərh etmək bir qədər çətindir. Buna baxmayaraq çalışdım ki, sualınıza cavab verərkən qısaca da olsa, bugünkü əlaqələrimizin ümumi vəziyyətini təsvir edim.

- Çinin Azərbaycan üçün və Azərbaycanın Çin üçün önəmi haqqında nə düşünürsünüz?

- Aydındır ki, dünyanın ikinci ən böyük iqtisadi gücü və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çinlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çinin nəhəng istehsal, istehlak və investisiya imkanları nəzərə alınaraq, bu gün dünyanın demək olar ki, bütün ölkələri Çinlə əməkdaşlıq etməyə maraq göstərirlər. Bu xüsusda, ölkəmiz də istisna deyil və biz də iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin yaratdığı imkanlardan istifadə etməklə, Azərbaycanda istehsal olunan yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların Çin bazarına çıxarılması, eləcə də müxtəlif sahələrdə ixtisaslaşmış Çin şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə investor və ya podratçı kimi iştiraka cəlb olunmasına çalışmaqdayıq. Azərbaycan məhsullarının Çinə böyük həcmdə ixracına nail olmaq və Çin şirkətlərini Azərbaycanda daha fəal işləməyə cəlb etməyə çalışmaqla yanaşı, nəqliyyat-logistika və turizm sahəsində əlaqələrimizi dərinləşdirməyi də prioritetlərimiz sırasına daxil etmişik.

Azərbaycanın Çin üçün önəminə gəldikdə, xüsusilə vurğulamaq istərdim ki, Çinin xarici siyasətinin ən əsas istiqamətlərindən biri məhz “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində ölkələrlə əməkdaşlığı inkişaf etdirmək, nəticə etibarilə, Çindən Avropaya və geriyə yükdaşımaların səmərəliliyini və həcmini artırmaqdır. Bu xüsusda, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində, strateji bir coğrafi mövqedə yerləşməsi, eləcə də ölkəmizdə müasir nəqliyyat infrastrukturunun formalaşdırılması bizi “Bir Kəmər, Bir Yol” layihəsi üçün, beləliklə də Çin üçün çox vacib bir tərəfdaşa çevirir. Həmçinin, Azərbaycanın Cənubi Qafqaz regionunda ən böyük iqtisadiyyata malik olması və ölkəmizin zəngin neft və qaz ehtiyatları bu tərəfdaşlığı şərtləndirən amillərdəndir. Təsadüfi deyildir ki, Cənubi Qafqaz regionunda məhz Azərbaycan Çinin əsas ticarət tərəfdaşıdır.

Ümumiyyətlə vurğulamaq istərdim ki, həm Azərbaycan, həm də Çin beynəlxalq proseslərdə fəal iştirak edən ciddi və nüfuzlu aktorlardır və bu baxımdan da hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-biri ilə əməkdaşlığın dərinləşməsində maraqlıdırlar. Ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarışlıqlı Fəaliyyət və Etimad qurucu Tədbirlər üzrə Müşavirə və sair nüfuzlu beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər.

- Azərbaycan Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir Kəmər, Bir Yol” adlı nəhəng bir layihədə iştirak edir. Bu layihə çərçivəsində artıq yükdaşımalar həyata keçirilib. Layihənin hazırkı vəziyyəti necədir? Azərbaycan davamlı olaraq bu marşrutdan istifadə edirmi?

- Bildiyiniz kimi, Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən 2013-cü ildə irəli sürülmüş “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir və beynəlxalq əməkdaşlığı təşviq edən, ölkələr və xalqları bir-birinə yaxınlaşdıran bu qlobal layihənin reallaşdırılmasına əhəmiyyətli töhfələr vermişdir. Qeyd edilməlidir ki, 2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə Azərbaycan bu qlobal təşəbbüsün həyata keçirilməsi prosesinə qoşulmuşdur. Bir önəmli məqama xüsusilə diqqəti cəlb etmək istərdim ki, 2019-cu ilin aprel ayında Pekin şəhərində keçirilmiş 2-ci “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumuna Cənubi Qafqaz regionundan yalnız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəvət edilmişdir. “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə bağlı ən vacib tədbir hesab olunan və yalnız Çinlə ciddi əməkdaşlıq əlaqələrinə malik ölkələrin Dövlət və Hökumət Başçılarının qatıldığı bu mötəbər tədbirə bölgəmizdən yalnız Prezident İlham Əliyevin dəvət olunması ölkə başçımıza olan xüsusi hörmətin göstəricisi olmaqla yanaşı, həm də Çinin Azərbaycanla “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa olan marağının bariz təcəssümü kimi qiymətləndirilməlidir.

Aydındır ki, Azərbaycanın strateji coğrafi yerləşməsi və son illər ərzində reallaşdırdığı iri infrastuktur layihələri nəticəsində regionun nəqliyyat-tranzit mərkəzinə çevrilməsi onun “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əsas iştirakçılarından biri olmasına əlverişli şərait yaratmışdır. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istiafədəyə verilməsi və beləliklə də, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun formalaşdırılması Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünə verdiyi ən vacib töhfə kimi qiymətləndirilə bilər. Sizin də bildiyiniz kimi, hazırda “Orta Dəhliz” vasitəsilə Çindən Avropaya və geriyə yükdaşımalarda ən effektiv marşrut məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur. Heç şübhəsiz ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi nəticəsində Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xəttlərinin bərpası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların müddətinin qısalmasına səbəb olmaqla, sözügedən marşrutun cəlbediciliyini və rəqabətqabiliyyətliliyini daha da artıracaqdır.

Sevindirici haldır ki, Azərbaycan-Çin əlaqələrinin davamlı inkişafı nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsinə çevrilməsi və bu marşrut üzrə Çindən Avropaya və geriyə yükdaşımaların həcminin artırılması istiqamətində hər il yeni-yeni uğurlar əldə edilir. Artıq Çinin Çindao, Sian və Lyanyunqan şəhərlərindən Çin-Avropa istiqamətində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalar həyata keçirilməkdədir. Xüsusilə son dövrlərdə dünyada baş verən məlum geosiyasi proseslər səbəbindən sözügedən dəhliz üzrə daşımalara Çin şirkətləri tərəfindən daha böyük maraq göstərilir və cari ilin ilk yarısında dəhliz üzrə daşınmış yüklərin həcmində müşahidə edilən ciddi artım qeyd olunanları təsdiqləyir. Heç şübhə etmirəm ki, yaxın gələcəkdə biz hər birimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Avropaya və əks istiqamətdə yükdaşımaların həcminin sürətlə artmasının şahidi olacağıq və bu da Azərbaycanın “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində strateji mövqeyini xeyli möhkəmləndirəcəkdir.

- Ölkələrimizin iqtisadi əməkdaşlığı haqqında nə deyə bilərsiniz? Hər hansı yeni ortaq layihənin ərsəyə gəlməsi gözlənilirmi?

- Bir qədər öncə qeyd etdiyim kimi, Azərbaycanla Çin arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli münasibətlərin bütün sahələrində, xüsusilə də ticarət-iqtisadi əlaqələrimizdə mühüm nəticələr əldə etmək üçün münbit şərait yaradır. Azərbaycan Çinlə ticarət-iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu xüsusda, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın fəaliyyəti çox vacib rol oynayır. Komissiyanın mütəmadi əsasda keçirilən iclaslarında ölkələrimiz arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri və bu sahədə üzləşdiyimiz çətinliklər müzakirə olunur, eləcə də görüləcək işlərlə bağlı yol xəritələri müəyyən edilir. Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, pandemiyanın yaratdığı çətinliklərə və səfər məhdudiyyətlərinə baxmayaraq, Komissiyanın 8-ci iclası 2021-ci ilin oktyabr ayında onlayn formada uğurla keçirilmiş və ticarət-iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi üçün vacib qərarlar verilmişdir. Azərbaycan tərəfindən Komissiyaya Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etməsi faktı da ölkəmizin Çinlə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə olan marağının və bu əlaqələrə verdiyi əhəmiyyətin digər bir göstəricisidir.

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son 20 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 34 dəfə artaraq, 2021-ci ildə təqribən 1.8 milyard ABŞ dollarına çatmışdır. 1995-ci ildən bəri Çindən Azərbaycana təqribən 900 milyon ABŞ dolları, Azərbaycandan Çinə isə təqribən 1.3 milyard ABŞ dolları həcmində investisiyalar yatırılmışdır. Hazırda Azərbaycanda 200-ə yaxın Çin şirkəti fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və geniş investisiya imkanları Azərbaycanı xarici sərmayədarlar üçün çox cəlbedici edir və bu səbəbdəndir ki, ölkəmizdə fəaliyyət göstərmək istəyən Çin şirkətlərinin sayı da hər il durmadan artmaqdadır.

Eyni zamanda vurğulamaq lazımdır ki, 2017-ci ildən Azərbaycanın Çindəki Səfirliyinin nəzdində Ticarət Nümayəndəliyi fəaliyyət göstərir və Ticarət Nümayəndəliyi Çin bazarının imkanlarını öyrənməklə Azərbaycan məhsullarının bu bazara daxil olması istiqamətində səy göstərir. Qeyd etmək istərdik ki, Azərbaycan tərəfi Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə 2018-ci ildən bəri hər il təşkil olunan Çin Beynəlxalq İdxal Sərgisi də daxil olmaqla Çində keçirilən bütün əsas ticarət-iqtisadi yönümlü sərgilərdə ənənəvi olaraq öz milli pavilyonları ilə iştirak edir və bu sərgilər vasitəsilə çinli tərəfdaşlar yüksək keyfiyyətli Azərbaycan məhsulları, ölkəmizdəki investisiya mühiti, turizm potensialı, eləcə də nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlarla bağlı məlumatlandırılır. Hazırda Azərbaycanın müvafiq dövlət qurumları ilə bir neçə Çin şirkəti arasında müxtəlif layihələrlə bağlı danışıqlar aparılır və inanıram ki, bu danışıqların yaxın zamanda müsbət nəticələnməsi ilə böyük birgə layihələrin reallaşdırılmasının şahidi olacağıq.

- Azərbaycan rəhbərliyi işğaldan azad edilən ərazilərimizi dost ölkələrin şirkətləri və sərmayədarları üçün açıq elan edib. Çin şirkətləri tərəfindən Azərbaycan torpaqlarının bərpasına maraq varmı?

- Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, qısa müddət ərzində irimiqyaslı layihələrin icrası həyata keçirilmişdir və bu ərazilərin sürətlə və müasir dünya standartlarına cavab verəcək şəkildə bərpası istiqamətində hələ bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu prosesə yalnız dost ölkələrin şirkətləri cəlb olunur və sevindirici haldır ki, Çin də bu ölkələrin sırasındadır. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Çinin “Huawei” şirkəti sözügedən ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində artıq iştirak edir və digər bir sıra Çin şirkətləri ilə də müxtəlif layihələr üzrə danışıqlar aparılır. Ümumilikdə, Çin şirkətləri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrdə iştiraka böyük maraq göstərilir və yaxın gələcəkdə daha çox Çin şirkətinin işğaldan azad edilən ərazilərimizin bərpa prosesinə qoşulacağını yəqin etmək olar. Eyni zamanda, dünya miqyasında böyük nüfuza malik çoxsaylı Çin şirkətlərinin müxtəlif sahələrdə, xüsusilə də, yüksək texnologiyalar, nəqliyyat infrastrukturunun tikintisi və “yaşıl enerji” sahələrində ixtisaslaşdığını və əhəmiyyətli layihələr icra etdiyini nəzərə alaraq, belə şirkətlərin işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasına cəlb edilməsi istiqamətində tərəfimizdən də davamlı və məqsədyönlü işlər görülməkdədir.

- Təhsil, mədəniyyət, humanitar sahələrdəki əlaqələrimizdə hər hansı yeniliklər gözlənilirmi?

- Azərbaycan-Çin münasibətlərində humanitar sahədə əməkdaşlıq öz xüsusi dinamikası və əldə edilmiş nailiyyətlər baxımından seçildiyindən, bu sualınıza bir qədər ətraflı cavab verməyə çalışacam. Təbiidir ki, son illər ərzində təhsil və mədəniyyət sahələrində görülmüş işlərin hər birinə bu müsahibə çərçivəsində toxuna bilməsəm də, bir neçə əsas məqamı diqqətinizə çatdırmaq istərdim. Humanitar sahədə sadalayacağım görülmüş işlər sizlərə və oxucularınıza Azərbyacan-Çin humanitar əməkdaşlığının nə qədər dərin və nə qədər çoxşaxəli olduğunu müşahidə etməyə imkan yaradacaqdır.

Təhsil sahəsində əməkdaşlıqdan danışarkən ilk növbədə qeyd etmək istərdim ki, 2018-ci ildən etibarən Pekin Xarici Dillər Universitetində Azərbaycan dili fakültəsi fəaliyyətə başlamışdır və ölkə üzrə dövlət qəbul imtahanı vasitəsilə 10 tələbə bakalavr təhsili almaq üçün bu fakültəyə qəbul olunmuşdur. Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, bir neçə gün öncə fakültənin bütün tələbələri dövlət imtahanlarını uğurla vermiş və Azərbaycanşünaslıq ixtisası üzrə bakalavr təhsillərini tamamlayan ilk məzunlar olmuşlar. İnanıram ki, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili fakültəsində təhsil almış bu tələbələr gələcəkdə ölkəmizin Çində tanıdılması işinə töhfə verəcək və iki xalq arasında körpü rolunu oynayacaqlar.

Qeyd etməliyəm ki, Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili fakültəsi ilə yanaşı, Çinin Anhoy və Hucou Universitetlərində yaradılmış “Azərbaycanşünaslıq” Mərkəzləri də ölkəmizin Çində tanıdılması və tədqiq olunması işində əhəmiyyətli rol oynayır.

13 aprel 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, Çində dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin illik kvotası 50-dən 100-ə qaldırılmışdır. Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, son zamanlar Azərbaycanda Çində təhsilə maraq xeyli artmışdır. Qeyd etmək istərdim ki, dövlət xətti ilə təhsillə yanaşı, Çinin müxtəlif universitetləri, əyalətləri, şəhərləri və dövlət qurumları tərəfindən verilən çoxsaylı təqaüd proqramları da azərbaycanlı tələbələrin Çində təhsil alması üçün xeyli imkanlar yaradır və biz Azərbaycan Səfirliyi olaraq daha çox azərbaycanlının Çində təhsil almasında maraqlıyıq və buna görə də, bu istiqaməti daim diqqət mərkəzində saxlayırıq.

Azərbaycanla Çin arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışarkən ilk öncə bu sahədə əməkdaşlığımızın dərinləşməsində xüsusi rol oynayan Heydər Əliyev Fondunun fəaliyyətini vurğulamaq istərdim. Belə ki, 2017-ci ilin noyabr ayında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəticəsində Fondun dəstəyi ilə zəngin Azərbaycan mədəniyyətinin Çində təmsil edilməsi və tanıdılması işinə start verilmiş və bu istiqamətdə ciddi nailiyyətlər əldə edilmişdir. Belə ki, Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı ilə 2018-ci ilin dekabr ayında Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti üzrə Milli Mərkəzdə Azərbaycan-Çin dostluq konserti keçirilmiş, 2021-ci ilin 24 may tarixində isə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar, Heydər Əliyev Fondunun dəstəyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının Pekin şəhərindəki mənzil-qərargahında “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir təşkil olunmuş və tədbir çərçivəsində Nizami Gəncəvinin büstünün açılışı edilmişdir. Bu, Şanxay Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Çin mütəfəkkiri Konfutsinin büstündən sonra qoyulmuş 2-ci büst olmuşdur.

Bununla yanaşı, Tayhu Dünya Mədəniyyət Forumunun 2021-ci ilin 11-13 oktyabr tarixlərində keçirilmiş 6-cı illik sessiyasında Azərbaycan fəxri qonaq ölkə statusunda iştirak etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Foruma təbrik məktubu ünvanlamışdır. Forum çərçivəsində, həmçinin, Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə Çinin Anhoy əyalətinin Benbu şəhərində yerləşən “Qədim Məskənlər Sərgi Parkı”nda “Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonun açılışı olmuşdur. Qeyd etmək istərdim ki, Azərbaycan pavilyonu sözügedən sərgi parkında təsis edilən ilk belə xarici ölkə pavilyonu olmuşdur və burada zəngin Azərbaycan mədəniyyəti və ölkəmizin turizm imkanları növbəti 10 il ərzində parkın ziyarətçilərinə nümayiş olunacaqdır.

Bir qədər öncə qeyd etdiyim tədbirlərlə yanaşı, 2021-ci ilin 16 sentyabr tarixində Tyencin Opera Teatrının truppasının ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettasının Çin dilində yenidən səhnələşdirilməsinə də diqqəti yönəltmək istərdim. Məlumat üçün qeyd edim ki, “Arşın Mal Alan” ilk dəfə Çində 1959-cu il mayın 30-da Pekin Eksperimental Teatrında səhnələşdirilmiş və Çində səhnəyə qoyulan ilk xarici operetta olmuşdur. Keçən ilin 16 sentyabr tarixində baş tutmuş son premyera, həmçinin, onlayn olaraq birbaşa yayımlanmış və 49 miyon nəfər tərəfindən izlənilmişdir.

Cari ilin 30 mart tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat Şöbəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən isə, növbəti 5 il ərzində Azərbaycanın 50 klassik ədəbi əsərinin Çin dilində və Çinin 50 klassik ədəbi əsərinin Azərbaycan dilində nəşri həyata keçiriləcəkdir. Bu isə öz növbəsində Azərbaycanın zəngin ədəbi irsinin Çində daha geniş tanıdılması işinə xüsusi töhfə verəcəkdir.

Bir daha vurğulamaq istərdim ki, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə Çində keçirilmiş çoxsaylı mədəniyyət və humanitar xarakterli tədbirlər nəticəsində çinli dostlarımız Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmuş və bu da xalqlarımızı bir-birinə yaxınlaşdırmaqla, ikitərəfli humanitar əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində əhəmiyyətli rol oynamışdır.

- Azərbaycan-Çin münasibətlərinin gündəliyində bu gün hansı aktual mövzular mövcuddur? Yaxın zamanda Çindən Azərbaycana, yaxud əks istiqamətdə yüksək səviyyəli səfərlər planlaşdırılırmı və hər hansı sənədlərin imzalanması gözlənilirmi?

- Məlum olduğu kimi, 2020-ci ilin əvvəllində Çində meydana çıxan COVİD-19 epidemiyası sürətlə yayılaraq dünyada pandemiyaya çevrilmişdir. Həmin dövrdən etibarən pandemiyaya qarşı mübarizə çərçivəsində Çində tətbiq edilən 14 günlük məcburi karantin, Pekin şəhərinə birbaşa uçuşların ləğv edilməsi və vizaların verilməsinin məhdudlaşdırılması da daxil olmaqla bir sıra ciddi tədbirlər Çinə rəsmi və işgüzar səfərlərin həyata keçirilməsini mürəkkəbləşdirmişdir. Amma buna baxmayaraq, bu dövr ərzində çinli tərəf müqabilləri ilə bütün sahələrdə işbirliyinin və dialoqun intensivliyinin saxlanılmasına çalışılmış, dövrün reallıqlarına uyğun olaraq, iki ölkə arasında onlayn formatda əməkdaşlıq mexanizmləri yaradılmış və əlaqələrimizin irəlilədilməsinə səy göstərilmişdir.

Bu xüsusda, 2021-ci ilin 2 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında baş tutmuş telefon danışığı, 2021-ci ilin 27 oktyabr ayında Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının onlayn şəkildə keçirilməsi, 2021-ci ilin 29 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini – nazir müavini Çian Xonşan ilə videobağlantı formatında görüşü və cari ilin 20 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ arasında baş tutmuş telefon danışığı pandemiya dövründə Azərbaycan-Çin siyasi dialoqunun davamlılığını təmin etmiş və pandemiyadan sonrakı dövrdə işçi və yüksək səviyyədə həyata keçiriləcək səfərlər üçün zəmin yaratmışdır.

Bununla yanaşı, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, iki ölkənin regionları arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində də səylər göstərilmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çinin Çunçin şəhəri, Gəncə şəhəri ilə Çinin Çindao şəhəri və Bakı şəhərinin Xəzər rayonu ilə Quanco şəhərinin Nanşa rayonu arasında tərəfdaşlıq əlaqələri qurulmuş, onlar arasında onlayn görüşlər keçirilməklə pandemiyadan sonra baş tutacaq qarşılıqlı səfərlərin gündəlikləri üzərində hazırlıq işləri aparılmışdır.

Hazırda gündəmimizdə olan aktual mövzulara gəldikdə, Çində məhdudiyyətlər aradan qaldırıldıqdan sonra yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və bu çərçivədə, iki ölkə arasında ümumvətəndaş pasportuna malik şəxslərin vizasız gediş-gəlişini təmin edəcək müvafiq saziş də daxil olmaqla hazırda razılaşdırılmaqda olan bir sıra sazişlərin imzalanması, işğaldan azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərində daha çox Çin şirkətinin iştirakının təmin edilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən və geriyə göndərilən yüklərin həcminin artırılması, post-pandemiya dövründə çinli turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, pandemiya səbəbindən təxirə salınmış mədəniyyət tədbirlərinin keçirilməsinin davam etdirilməsi, regionlararası əməkdaşlığın genişləndirilməsi və regionlararası forumun təşkili, eləcə də Azərbaycan məhsullarının Çin bazarına daxil olması prosesinin təşviqinin davam etdirilməsi və s. məsələlər qeyd oluna bilər.

Yekunda, müsahibə təşəbbüsünə görə bir daha sizlərə dərin təşəkkürümü bildirir, bütün 1news.az ailəsinə yeni-yeni uğurlar arzulayıram.

Müəllif: Yalçın Əliyev

Həmçinin oxuyun: “Diplomatla söhbət”: Argentinadakı səfirimiz iki ölkəni birləşdirən ortaq maraqlardan danışır

Diplomatla SÖHBƏT: Səfir Mahir Əliyev Azərbaycan və BƏƏ arasında münasibətlər haqqında

Paylaş:
1117

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər