ASCO-nun “Gəmi təmiri haqqında Əsasnamə”si yenilənib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Gəmi təmiri haqqında Əsasnamə”si yenilənib.
Bu barədə 1news.az-a ASCO-dan məlumat verilib.
Əsasnamə gəmilərin texniki istismarının və təmirinin təşkili zamanı istifadə üçün nəzərdə tutulub.
On altı fəsildən və on altı əlavədən ibarət sənəddə gəmi təmiri müəssisələrində təmir prosesinin strukturu, gəmi təmirinin növlərinin təsnifatı, təmir prosesinin planlaşdırılması, gəmi təmirinin maliyyələşdirilməsi mənbələri və qaydası, gəmi sahibi və gəmi təmiri müəssisəsi arasındakı qarşılıqlı münasibətlər, gəmi sənədlərinin təmir üçün hazırlanması və s kimi mövzular əksini tapıb.
Yeni Əsasnamə artıq razılaşdırılaraq təsdiq olunub və çap edilib.
ASCO-nun Donanmanın texniki istismar departamentinin rəis müavini Elçin Quliyevin hazırladığı yeni sənədin icraçıları departamentin gəmi təmiri üzrə aparıcı mühəndisləri Leyla Hüseynova və Səbuhi Bağırovdur.