Vüqar Rəhimzadə: İrəvandakı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir
“Tarix faktlara əsaslanır və əsla saxtakarlığı sevmir. Bu həqiqəti Azərbaycan dövləti ən yüksək tribunalardan Ermənistana və ona zaman-zaman havadarlıq edib azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirməsinə dəstək olan dövlətlərə çatdırsa da, qarşı tərəflər laqeyd yanaşmaları ilə diqqəti özlərinə çəkməyi yeganə çıxış yolu hesab edirlər.
Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistana dost ölkənin cavabı hər kəsə məlumdur: Tarixçilərdən ibarət Türkiyə və Ermənistan komissiyası yaradılsın, bütün dünya arxivləri açılsın. Ermənistan rəsmiləri buna cavablarında “Bununla tarixçilər deyil, siyasətçilər məşğul olmalıdır” deməklə fakt qarşısında nə qədər aciz durumda olduqlarını təsdiqlədilər. Təəssüf doğuran hal budur ki, Ermənistanın bu yanlış yanaşmasına onun dəstəkçiləri də tərəfdar çıxdılar. Ermənistan və onun havadarları bu acizliklə, qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməklə, tarixi və dini abidələrimizi yerlə-yeksan edib bu torpaqları erməniləşdirmə siyasəti aparmaqla nəyəsə nail olmağın mümkünsüzlüyünün 44 günlük İkinci Qarabağ müharibəsində şahidi oldular. İnformasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Bu əsrdə danışan, Zəfər çalan yalanlar deyil, faktlar, tarixi həqiqətlər olur.”
1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər: “Artıq həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixi faktlar bu reallığı da təsdiqləyir ki, Ermənistan adlı uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının olmayan tarixinin süni surətdə şişirdilməsinə yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, tarixi memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Elə o zamanlardan başlayaraq ermənilərə göstərilən dəstəklər bu günə qədər davam etməkdədir.”
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, 1988-ci ildə ermənilərin torpaq iddiasının yenidən baş qaldırması nəticəsində yaranan, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında da dünyanın ikili standartlara əsaslanan siyasəti, ermənilərin başına çəkilən sığallar əsas rol oynadı: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər onların başına çəkilən sığal nəticəsində bu qərar və qətnamələrə məhəl qoymadılar, “evin ərköyün” uşağı” kimi istədikləri zaman danışıqlar prosesinə qatıldılar, istəmədikləri zaman da müxətilf bəhanələrlə bundan yayındılar. Yəni, himayədarlarından aldıqları dəstəklər onlarda ruh yüksəkliyi yaradır, daha böyük iddialarla çıxış etmələrinə rəvac verirdi. Mənfur düşmənin yeni ərazilər uğrunda müharibə planları da bunun təsdiqi oldu. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi ermənilərin bu planlarının faş edilməsinə yardımçı olmaqla ədalətin, beynəlxalq hüququn bərpasına yol açdı, dünyaya Azərbaycan xalqı üçün Qarabağ məsələsinin milli qürur məsələsi olduğunu, öz tariximizə, mili-mənəvi dəyərlərimizə, dünənimizə və bugünümüzə nə qədər bağlı xalq olduğumuzu nümayiş etdirdi.”
Vüqar Rəhimzadə diqqəti Azərbaycanın elm və ictimai xadimlərinin iyulun 6-da Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətə yönəldərək bildirib ki, sənəddə də qeyd olunduğu kimi, UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Dünya ictimaiyyəti isə bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi-mədəniyyət nümunələri yoxdur? Çünki bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğuna, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır. Müraciətdə bir daha bu həqiqət qurumun diqqətinə çatdırılır ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.»
YAP Xətai rayon təşkilatının sədri diqqəti xüsusi olaraq bu məqama yönəldib ki, müstəqilliyimizin yenidən bərpasından, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi həqiqətlərimiz işıq üzü görməyə, Azərbaycanın haqq səsi dünyaya yayılmağa başladı: «Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev tarixçilərimizin qarşısında tarixin saxtalaşdırılmasına yol verilməməsini əsas tələb kimi qoydu. Son 18 ildən artıq dövrdə bu siyasəti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin qorunmasına, indiki və gələcək nəsillərə çatdırılmasına, ən əsası beynəlxalq ictimaiyyətin qədim tariximizlə bağlı daha dolğun məlumatlar əldə etməsinə geniş imkanlar yaratmaq üçün biri-birindən mühüm addımlar atır. 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi özündə bu kimi məqamları tam şəkildə ehtiva edir.»
“Tarixi həqiqətlər ermənilərin əsl simasını ortaya qoyur. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərə və onlara havadarlıq edən dövlətlərə dərs olmalıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında yer alan bu hədəfimizi də yada salmaq istərdik: “Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq», -deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
Vüqar Rəhimzadə ermənilərin azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmələri ilə yanaşı, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərini dağıdaraq viran qoyduqlarını bir daha diqqətə çatdırıb: “Bunlar bizim mədəni sərvətimiz, milli kimliyimizin təqdimatlarıdır. Ermənilərin bu yolu seçmələri əvvəldə də qeyd etdiyim kimi, hər kəsə məlumdur. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan mənfur düşmən milli sərvətimiz olan tarixi və dini abidələri məhv etməklə onların Azərbaycana məxsusluğunu gizlətməyə çalışır. Araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi birləşdirməliyik.”
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, elm və ictimai xadimlərin UNESCO-nun Baş direktoruna ünvanladıqları müraciətdə yer alan bu həqiqət ümumilikdə dünyaya bir çağırışdır: “O çağırış ki, Azərbaycan tarixi Zəfəri ilə Ermənistana döyüş meydanında və informasiya cəbhəsində “Dur!” deməyi bacardı, torpaqlarımızı işğalçılardan təmizlədi, ədaləti bərpa etdi. Bu gün dünyanın aparıcı dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlarına Ermənistana tarixi saxtalaşdırmasına “Dur!” deməyə çağırışlar edilir. Bu mühüm məqamı da yada salaq ki, 2022-ci ilin 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurası Prezidentinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. UNESCO-nun bu missiyasını yerinə yetirəcəyinə ümid edirik».
1news.az