Azərbaycanda artan abortlar və onların fəsadları - Sosioloq və həkimdən ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda artan abortlar və onların fəsadları - Sosioloq və həkimdən ŞƏRH

Ayşən İsmayılova14:42 - 22 / 09 / 2022
Azərbaycanda artan abortlar və onların fəsadları - Sosioloq və həkimdən ŞƏRH

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb.

1news.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda abortların sayı ildən-ilə artır. Belə ki, 2010-cu ildə 15-19 yaş arası qadınlar 1 165 abort etdirmişdisə, bu say 2015-ci ildə 1 475-ə, 2020-ci ildə 1 299-a, 2021-ci ildə isə 2 428-ə çatıb. 25-29 yaşlı qadınlarda isə 2010-cu ildə 8 545, 2015-ci ildə 8 573, 2020-ci ildə 10 993, 2021-ci ildə 13 514-dir. Yəni 2021-ci ildə 15-19 yaşlı hər min qadına 8,3 abort, 25-29 yaşlı hər min qadına isə 32,7 abort düşür.

Sosioloq Əhməd Qəşəmoğlu 1news.az-a açıqlamasında ölkəmizdə bu cür halların çox arzualunmaz olduğunu qeyd edib.

“Ölkəmizdə bu cür hallar olmasa, daha yaxşı olar. Ona görə yox ki, demoqrafiq dəyişiklik olur, oğlanlar çoxalır. Əslində oğlanların ölkədə bir qədər çox doğulması yaxşı haldır. Çünki oğlanlar orta məktəbi bitirdikdən sonra bir qismi ölkədən çıxıb gedir. Həmçinin yol-qəza hadisələrində, dava-dalaşda və müharibədə ölürlər. Buna görə də oğlanlarla qızlar eyni sayda doğulanda onlar 20 yaşına gəlib çatdıqda artıq demoqrafiq cəhətdən xoşagəlməz vəziyyət yaranır. Yəni oğlanların çox olması yaxşıdır. Amma nə qədər çoxalması da önəmlidir. Təbii ki, bütün ailələrdə oğlanlar doğulsa və 30-40%-i keçsə, bu artıq demoqrafiq bir problem olar. Yəni oğlanların 15-20% çox doğulması qorxulu deyil. Məsələnin qorxulu tərəfi psixoloji tərəfdir. Əgər abort baş verirsə, deməli, ata-ana uşaqlarının qətlinə hökm verir və öz övladlarının qatili olur. Bu ilk baxışda sadə görünə bilər, amma o insanların daxilində psixoloji sarsıntı yaranır. Bu hallar çox olanda cəmiyyətdə neqativ bir proses gedir”.

Sosioloq həmçinin selektiv abortlar mövzusuna da toxunub və bu cür halların qarşısını almaqda maarifləndirmənin önəmini vurğulayıb:

“Digər tərəfdən isə bu qızlara qarşı böyük bir həqarətdir. Onlar analarının bətnində olarkən gedən söhbətlər, ananın keçirdiyi sarsıntılar uşaqlara da sirayət edir. Hətta abort etməsələr belə uşağın psixologiyasında xoşagəlməz izlər qoyur.

Abort müəyyən sərhədə qədər demoqrafiq cəhətdən qorxulu deyil, amma psixoloji cəhətdən qorxunc bir haldır.

1994-cü ildə Qahirədə BMT-nin “Əhali və inkişaf” adlı böyük bir sammiti keçirilmişdi. Mən də o sammitin iştirakçısı idim. Bu məsələ həmin sammitdə də ciddi şəkildə müzakirə olunmuşdu.

BMT də abort tərəfdarı deyil, amma əhalinin planlaşması ilə bağlı müəyyən planlar həyata keçirirlər. BMT-nin əsas siyasəti odur ki, hər ölkədə əhalinin sayı dünyaya gələn hər bir uşağı keyfiyyətli bir insan, yaxşı bir vətəndaş kimi yetişdirə biləcəyi qədər olmalıdır. Yəni abort məsələsi hər zaman tənqid hədəfindədir, ancaq buna kəskin qadağa qoymaq da olmur. Əgər biz qadağa qoysaq, ya bunu gedib qonşu ölkələrdə edəcəklər, ya da rüşvət verərək evlərdə etdirəcəklər. Dünyada elə bir ölkə yoxdur ki, orada abortların qarşısı 100% alınmış olsun.

Bunun qarşısını almaq üçün insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. Televiziyada şit-şit verilişlərin əvəzinə bununla bağlı maraqlı verilişlər vermək olar. Bundan əlavə, bəlkə müəyyən inzibati metodlardan da istifadə etmək olar. Yəni təkcə maarifləndirmə işə yaramayacaq. İctimai qınaq da yaratmaq lazımdır. Həmçinin qeyri-hökumət təşkilatları da nələrsə edə bilər. Amma ən çox insanlara başa salmaq lazımdır ki, 100 il əvvəlki dövrdə deyilik və ailənin taleyi sadəcə oğlanlardan asılı deyil”.

Cərrah Mama-Ginekoloq Xəyalə Təhməzi isə abortların fəsadlarından bəhs edib:

“İstənilən prosedurdan sonra fəsad ola bilər. Abortlardan sonra isə fəsadların görülmə ehtimalı daha çoxdur. Bunlardan biri hormonal pozutunun yaranmasıdır. Hamiləliyin birdən dayandırılması istər qadının hormonal sistemində, istərsə də immun sistemində özünü göstərir. Abortlardan sonra bədəndə gizli halda olan xəstəliklər aktivləşər ki, bu da özünü fərdi olaraq müxtəlif şəkillərdə göstərə bilər. Bədəndə hansısa xroniki qan və ya hormonal xəstəliklər, hətta onkoloji problemlər üzə çıxa, həmçinin iltihabi proseslər daha da aktivləşə bilər. Bəzi fəsadlar isə natəmiz şəraitdə olan, aseptika və antiseptika qaydalarına əməl olunmayan müəssisələrdə, yaxud ev şəraitində olan kriminal abortlarda görülən fəsadların tezliyi daha yüksəkdir. Belə şəraitdə olan abortlar əsnasında ən çox da yoluxucu infeksion xəstəliklər özünü daha qabarıq şəkildə büruzə verir. Bununla yanaşı, uşaqlığın zədələnməsi, uşaqlıq daxilində aşerman sindromu deyilən uşaqlıqdaxili bitişməsi kimi problemlər yarana bilər. Endometriumun zəifliyi də ola bilər ki, bu da sonradan hamilə qala bilməmək kimi problemlərə gətirib çıxarır”.

Lakin ginekoloq istisnaların da olduğunu və bu cür hallarda abortlara ehtiyac yarandığını qeyd edib:

“Amma bəzi hallarda tibbi göstərişlər olur ki, aborta ehtiyac yaranır. Ananın müəyyən somatik xəstəlikləri ola bilər ki, bunlar ürək-damar sistemi, beyin, nevroloji, qan-damar xəstəlikləri kimi müxtəlif sferada olur. Təkrar olunan keysəriyə əməliyyalarından sonra növbəti hamiləlik həyati risk daşıyan qadınlarda aborta ehtiyac olur. Bundan əlavə, sosial faktor da var. Ailənin maddi durumunun uşağın dünyaya gəlməsi üçün uyğun olmaması, zorlanma halları, ananın azyaşlı olması və ya ailəli olmaması, həyat yoldaşının cəzaçəkmə müəssisəsində olması və yaxud rəhmətə getməsi kimi sosial hallarda da tibbi göstəriş kimi abortlara icazə verilə bilər, lakin bunlar da xəstəxana şəraitində bir neçə həkim tərəfindən aktlaşdırıldıqdan sonra qərar verilir”.

Ayşən İsmayılova

Paylaş:
1119

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər