Azərbaycan bayrağını beyin gücü ilə yüksəyə qaldıran ŞAHMATÇILARIMIZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan bayrağını beyin gücü ilə yüksəyə qaldıran ŞAHMATÇILARIMIZ

11:15 - 26 / 10 / 2022
Azərbaycan bayrağını beyin gücü ilə yüksəyə qaldıran ŞAHMATÇILARIMIZ

Şahmat olduqca qədim tarixə malik olan və dünyada geniş yayılan strateji və əyləncəli oyun növlərindən biridir. Bu “zəka oyunu”nun dünyada olduğu kimi Azərbaycanda da çoxlu sayda sevəni və peşəkar oyunçuları var.

Zəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutan şahmat Azərbaycanın görkəmli mütəfəkkir və dahilərinin diqqətindən də kənarda qalmamışdır. Təsadüfi deyil ki, görkəmli mütəfəkkirlərimizdən olan yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubunda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdi.

Azərbaycan şahmat ənənəsi tarixinin ikinci mərhələsi XX əsrin əvvəllərindən başlamışdır. 1920-ci ildə Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum - Azərbaycan Şahmat Federasiyası (AŞF) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1992-ci ildə AŞF, Beynəlxalq Şahmat Federasiyasına (FİDE) üzv olmuşdur. Azərbaycanda şahmat üzrə ilk turnir 1926-cı ildə “Bakı çempionatı” adı ilə keçirilib. 1934-cü ildə isə ilk dəfə şahmat idman növü üzrə Azərbaycan çempionatı təşkil olunub. İstedadlı şahmatçı S.Xəlilbəyli 50-ci illərin sonunda “SSRİ idman ustası” adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.

Müasir dövrdə isə Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar HəşimovEmil Sutocskiy kimi nəhəng zəka sahiblərini bəxş edib. Onu da qeyd edək ki, müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri Elmar Məhərrəmovun peşəkarlığına, yüksək istedadına macarıstanlı beynəlxalq usta Tibor Karoyinin “Arxa plandakı dahi” (Genius in the Bckground) adlı kitabının doqquzuncu fəslində geniş yer verilib. Həmin fəsil bütövlükdə Elmara həsr olunub.

Vətənimizin dünya şöhrətli şahmatçılarından biri də Vüqar Həşimov idi. 2013-cü ildə dünyasını dəyişən istedadlı şahmatçımız FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşmışdır. FİDE-nin siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışlar.

Azərbaycan FİDE-nin 2019-cu il oktyabr ayı üçün açıqladığı reytinq siyahısının ilk onluğuna da daxildir və artıq bu hal ənənəyə çevrilib. Bu reytinq siyahısında isə Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci, Teymur Rəcəbov 2758 xalla 15-ci, Qədir Hüseynov isə 2660 xalla 86-cı pillədədirlər. Qadınlar arasında isə Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıb. 2019-cu il oktyabr ayında Khanty-Mansiyskdə Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Dünya Şahmat Kubokunun final oyununda kuboku qazanan Teymur Rəcəbovun qələbəsi Azərbaycan şahmat məktəbinin inkişafının dünya müstəvisində növbəti parlaq səhifəsidir.

Vüqar Həşimov
Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov

Bundan başqa Aydın Süleymanlı da bir neçə dəfə beynəlxalq şahmat yarışlarından qalib gələrək Azərbaycan bayrağını yüksəldib.

Aydın Süleymanlı

Bununla yanaşı, Şuşada görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” adlı olduqca önəmli və yaddaqalan beynəlxalq şahmat turniri də keçirilmişdir.

Azərbaycanın şahmatdakı uğurlarından biri də İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva, kişilərin yarışında isə Abdulla Qədimbəyli dünya çempionu olublar. Və beləliklə, Azərbaycan şahmatı tarixində ilk dəfə olaraq ölkəmiz bir dünya çempionatında iki qızıl medal qazanıb.

Uğur qazanan şahmatçılarımız qeyd etdiklərimizlə yekunlaşmır. Siyahını uzatmaq olar. İlk 100-lükdə olan şahmatçılarımız.

Qeyd edək ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət sayılır.

Ayşən İsmayılova

Paylaş:
957

Son xəbərlər

Bütün xəbərlər