Makrondan Türkiyəyə başsağlığı
Fransa Prezidenti Emmanuel Makron İstanbulda baş verən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.
1news.az xəbər verir ki, Makron bununla bağlı öz rəsmi tviter hesabında türkcə paylaşım edib.
“Millətimiz üçün olduqca simvolik olan bu gündə, 2015-ci il noyabrın 13-ü həlak olanların xatirəsini anarkən, Türkiyə xalqı qəlbindən, İstanbuldan hücuma məruz qaldı. Türkiyə xalqına mesajımız: kədərinizi bölüşürük. Başımız sağ olsun. Terrorla mübarizədə yanınızdayıq”, - deyə Makron paylaşımında qeyd edib.
Qeyd edək ki, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.
Xatırladaq ki, 2015-ci il noyabrın 13-ü Fransanın paytaxtı Parisdə terror aktları törədilib. Şəhərdə demək olar ki, eyni anda bir neçə hücum baş verib. Hadisə nəticəsində 130-dan çox insanın həlak olduğu bildirilir.