Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimini izlədilər - VİDEO
Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar və digər rəsmilər "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər.
Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər.
General-polkovnik Z.Həsənov və cənab H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları isə xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.
Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.