“Mən “Tik-Tok”a baxanda Azərbaycan qadınından utanıram” - Deputat və psixoloqdan ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

“Mən “Tik-Tok”a baxanda Azərbaycan qadınından utanıram” - Deputat və psixoloqdan ŞƏRH

Ayşən İsmayılova10:00 - 17 / 01 / 2023
“Mən “Tik-Tok”a baxanda Azərbaycan qadınından utanıram” - Deputat və psixoloqdan ŞƏRH

Leylini Məcnunsuz, Fərhadı Şirinsiz, Romeonu Cülyettasız təsəvvür edə bilmədiyimiz kimi hazırkı dövrdə insanların həyatını da sosial şəbəkəsiz təsəvvür etmək mümkün deyil.

Böyükdən kiçiyə dərin bir “eşq”lə sosial şəbəkələrə bağlanan insanların bəziləri “Facebook”a üstünlük verir, bəziləri “Instagram”a, bəziləri isə “Twitter”ə. Çoxlu sayda istifadəçisi olan sosial şəbəkələrdən biri də qısa müddətdə populyarlaşan “Tik-tok”dur. Dünyada da olduqca geniş yayılan və milyonlarla istifadəçisi olan “Tik-tok” özü ilə birlikdə ortaya çıxardığı “tiktoker”ləri də insanların həyatına daxil edib. Sözsüz ki, cəmiyyətimizdə onlara və onların fəaliyyətlərinə qarşı münasibət heç də birmənalı deyil. Bu da səbəbsiz deyil. Təəssüflər olsun ki, bəzi insanlar baxış sayı toplamaq və pul qazanmaq üçün ağlasığmaz hərəkətlər edir, canlı yayımlar açaraq söyüş söyməkdən belə çəkinmirlər. Bu cür insanlar arasında cəmiyyətdə kifayət qədər hörmət və fəxri adlara sahib olan mədəniyyət və incəsənət adamları da var.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa bu cür halların yaşanmasında “Tik-tok”un deyil, onu düzgün şəkildə istifadə edə bilməyən insanların günahkar olduğunu qeyd edib:

“Tik-tok” bir texnoloji nemətdir. Azərbaycanda biz hansı neməti lazımi səviyyədə, faydalı şəkildə istifadə edə bilirik? Biz dini faydalı şəkildə istifadə edə bilirikmi? Təhsili faydalı şəkildə istifadə edə bilirikmi? Toyu və digər şənliklərimizi faydalı istiqamətdə istifadə edə bilirikmi? Uşaqlar nə etsinlər? Uşaqlar gözünü açıb görürlər ki, biz faydalı şeyləri əhəmiyyətsiz bir şeyə çevirən bir cəmiyyətik. Bu “Tik-tok”un günahı deyil. Məsələn, hər kəsə bir kitab verilir, biri cırır, biri üstünə şəkil çəkir, biri də onu oxuyur, qeydlər aparır, ondan faydalanır. Kitab bir dəyərdir, amma hamı ona eyni münasibət bəsləmir. “Tik-tok” da bir dəyərdir, “Facebook” da bir dəyərdir. Kimsə yüngül, səviyyəsiz hərəkətlərini orada göstərirsə, bunda “Tik-tok”un günahı nədir? Bu insanların günahıdır. Niyə “Tik-tok”u bağlayaq və ya məhdudlaşdıraq? Savadsız, səviyyəsiz bir uşaq çıxıb istədiyi kimi davranır, himnə də hörmətsizlik edə bilir, başqa şeylərə də. Bu cür insanlarda düşünmək, həya etmək məsələsi yoxdur. Belə insanlar “Tik-tok”da söyüş söyməsələr, gedib başqa bir ictimai yerdə həmin tərbiyəsizliyi edəcəklər.

Niyə bu qədər səviyyəsiz şeylər izlənilir? Çünki səviyyəsiz, təhsilsiz insanların sayı çoxalmağa başlayıb. İnsan görür ki, belə yüngüllük, bambılılıq onu rahatladır, artıq onun intellektual bir qida almağa ehtiyacı yoxdur. Ona lazımdır ki, kimsə nəşədən bir şeir ya da meyxana desin, o da dinləsin. Bir “prikol” ya da səviyyəsiz bir söhbət aparanda hamı ona fokuslanacaq. Biri yüngülvari soyunan kimi dərhal ona fokuslanırlar. Ona görə də reallığımız budur”.

F. Mustafa “Tik-tok”dan istifadə etmədiyini söyləsə də, orada cərəyan edən hadisələrdən xəbərdar olduğunu qedy edib:

“Bəzən bizim çıxışlarımızdan da kəsintilər verilir. Orada geniş auditoriya var. Hər hansı bir sözümüz gəncliyə, cəmiyyətə faydalı olacaqsa, “Tik-tok”da yayılmasının əleyhinə deyiləm”.

Deputat həmçinin uşaqlarının yanında canlı yayım açaraq söyüş söyən “Tiktoker”lərlə bağlı da danışıb:

“Bunun qarşısını almaq üçün əlçatanları hüquqi məsuliyyətə cəlb etmək olar, əlçatmayanlar üçün də daha yaxşı verilişlərin sayını artırmaq lazımdır ki, insanlar daha yaxşı istiqamətə yönəlsinlər. Yaxşı düşünən insanları təbliğ etmək, onların sayını artırmaq lazımdır ki, pislər yaxşıları əzə, onların üzərində üstünlük qazana bilməsinlər.

Hesab edirəm ki, sosial şəbəkələr texnoloji nemətlərdir. Onları bağlamaq, qarşısını almaq, görməzdən gəlmək olmaz. İnsanlar burada xeyriyyəçilikdən, mərhəmətdən tutmuş hikmətli fikirlərə qədər bir-birinə faydalı olacaq şeylər paylaşmalıdırlar. Biz bu nemətləri əldən buraxsaq, daha cahil bir cəmiyyətə çevriləcəyik. Gülüş doğuran maraqlı komediyalar, sarkazmlar olsun, amma bunlar insanların mənəviyyatını korlamamalıdır, əksinə daha da zənginləşdirməlidir. İnsana həyat bir dəfə verilir, onu daha zövqlü və səviyyəlli yaşamaq əslində insanın borcudur”.

Psixoloq Gülnar Orucova isə “Tik-tok” sosial şəbəkəsini izlədiyini və insanların nə qədər çirkinləşdiyini gördüyünü deyib. Onun fikrincə, insanlar “Tik-tok”dan pul qazanandan sonra bu qədər çirkinləşməyə başlayıblar.

“Əvvəllər “Tik-tok” pul qazandırmırdı deyə insanlar o qədər də maraq göstərmirdilər. Pul qazanmağa başlayandan sonra sanki insanlara yeni iş yeri açıldı. Baxırsan ki, yaşlı qadınlar belə “Tik-tok” açıb bütün gün onun qarşısında oturur ki, müəyyən məbləğ yığılmağa başlasın.

Qadınlar pul üçün elə şeylər edirlər ki, mən “Tik-tok”a baxanda Azərbaycan qadınından utanıram. Bir videoda iki xanım elə qışqırırdılar ki, şoka düşdüm. Dedim, görəsən, nə olub? Faciəmi baş verib? Baxıram ki, oyun oynayırmışlar”.

G.Orucova həmçinin paylaşdıqları videolarda və ya canlı yayımlarda həyat yoldaşı, qayınanası və digər qohumları barəsində mənfi fikirlər bildirən insanlardan da bəhs edib:

“Bəzən insanlar sözlərini istədikləri insanlara deyə bilmədikləri üçün videolar çəkərək paylaşırlar və özlərini aciz durumda qoyurlar. Əgər bir insanın kiməsə sözü varsa, onu deməyi bacarmalıdır. Bacarmırsa, bunu onu izləyən izləyicilərə də ötürmək doğru deyil”.

O son vaxtlar “Tik-tok”da Azərbaycanın Dövlət Himninin sözlərini dəyişərək söyüşlər əlavə edərək oxuyan “tiktoker”lə bağlı da danışıb:

“Tik-tok”dakı həmin insan himnlə bağlı üzr istəyəndə dedi ki, siz yanlış başa düşdüyünüz üçün üzr istəyirəm. Yəni üzrü günahından betər oldu. İndi biri çıxır şəhidinə hörmətsizlik edir, biri çıxır dövlətinə hörmətsizlik edir. Ümumiyyətlə “Tik-tok” Azərbaycanda bağlanmalıdır. Çünki bu sosial şəbəkə uğurdan çox uğursuzluq gətirir. Artıq “Tik-tok”da həyasızlıqlar, milli-mental dəyərlərin ayaqlanması, bir-birinə qarşı hörmətsizliklər öz əksini tapır.

@sehid_qardas1arim Bu "it"in ipini yigmaq lazmdi. Evvelki videomda terefini tutanlar buyrun baxin😤 #keşfet #veten #azerbaijan #sehidlerolmezvetenbolunmez ♬ orijinal ses - cennet melekleri🥀

Psixoloq son olaraq ruhi problemləri olan insanları çəkərək paylaşan insanlara da münasibət bildirib:

“Bəzən “Tik-tok”da görürəm ki, psixoloji pozuntusu olan insanları çəkərək, onları rüsvay edərək paylaşırlar və ya ona edilən bir yaxşılığı, verilən bir hədiyyəni elə tərzdə təqdim edirlər ki, insan baxanda bir utanc hissi duyur. Bir yaxşılıq edib onu “Tik-tok”da yerləşdirməkdənsə, bunu etməmək yaxşıdır. Biz görmüşük ki, sağ əlin verdiyini sol əl bilməz. Amma indi insanlar belə deyillər. Bir yaşlı anaya kömək edəndə belə bunu çəkib “Tik-tok”a qoyurlar. Ruhi pozuntusu olan insanları lağlağı obyektinə çevirirlər. Bəzi insanlar üçün bu gülməli görünə bilər, amma bu gülüş mənim kimi insanlara aid deyil. Mənim kimi insanlar bu cür videolara acıyaraq baxırlar, gülərək yox. Məsələn, keçən dəfə bir xanım görmüşdüm. Biri deyir, gəl səni bəzəyim. Xanım da istəmədiyini bildirir. Onu o qədər məcbur edir ki, sonda psixoloji pozuntusu olan xanım hirslənib qışqırdı. Bu insanlar onsuz da xəstədirlər, onları bir az da aqressivləşdirmək düzgün deyil”.

@lemiryozef Fidan esebleşib yene. kimise sürümeyinden danışır. deyir küçenin ortasında onu kimse cekip qorxudub.Oda bele deyib #fypシviral #hemenkeşfetedüş #kesfet #twitterwintageシ #keşfetteyizzz #keşfetbeniöneçıkar #fidan ♬ orijinal ses - Lemir Yozef
Paylaş:
1851

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladı04 / 12 / 2024, 13:20
Bütün xəbərlər