Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası keçiriləcək
“Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası keçiriləcək.
Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, türk ölkələri arasında ilk dəfə keçiriləcək olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarətdir.
Olimpiadada türk ölkələrindən 14-16 yaşlı şagirdlər iştirak edəcək. Üç mərhələdən (məktəb, ölkə, final) ibarət olimpiadada suallar qədim və müasir ortaq türk tarixini və mədəniyyətini əhatə edəcək.
Olimpiadanın I və II mərhələsi hər ölkənin özündə keçiriləcək. II mərhələnin nəticələrinə əsasən, hər ölkə üzrə III mərhələdə iştirak edəcək 6 şagird müəyyənləşdirilərək Azərbaycana göndəriləcək.
Türk ölkələrini təmsil edən komandalar mayın 29-da olimpiadanın Bakıda keçiriləcək final mərhələsində və iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan “Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcək.
Qeyd edək ki, final mərhələsinin nəticələrinə əsasən, hər ölkədən 1 nəfər I yerə (onlardan ən yüksək nəticə əldə edən 1 nəfər “Birincilərin birincisi” adını qazanacaq), 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görüləcək. Digər iştirakçılara sertifikat təqdim olunacaq.
Qalib şagirdlərin mükafatlandırılma mərasiminin Bakıda keçirilməsi nəzərdə tutulur.
Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasına həsr olunmuş sayt da yaradılıb. Saytda türk ölkələrinin hər birinin tarixinə, mədəniyyətinə və digər müvafiq mövzulara həsr olunmuş məlumatlar öz əksini tapıb. Sayt olimpiadadan sonra da fəaliyyətini davam etdirəcək.