Təxirə salınan Bakı-Naxçıvan resysinin sərnişinləri yola salınıb - YENİLƏNİB
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-2153 reysini yerinə yetirən təyyarə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış iki reysin sərnişinləri ilə birlikdə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüb.
1news.az-a bu barədə "Azərbaycan Hava Yolları"na istinadən xəbər verir.
"Beləliklə, təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola düşüblər. Bundan sonra bu istiqamətdə uçuşların icrası əsas cədvələ uyğun olaraq davam edir", - məlumatda deyilir.
Bildirilir ki, ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib.
Qeyd edək ki, QSC Bakı-Naxçıvan istiqamətində gecikən iki reysin 51 sərnişini hoteldə yerləşdirmişdi.
***
10:11
Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə də təsir göstərib.
1news.az xəbər verir ki, AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək.
Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib.
Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.
Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Bu baxımdan aviaşirkət hər bir sərnişinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə çalışır.
AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərməyə və səbirli olmağa çağırır.