“Barbi” filminin gəlirləri rekord həddə çatıb
Rejissor Qreta Qerviqin çəkdiyi “Barbi” filmi 500 milyon dollardan çox gəlir əldə edib.
1news.az kinonews.ru saytına istinadla xəbər verir ki, məşhur gəlinciyin sərgüzəştlərindən bəhs edən ekran əsəri yerli nümayişlərdən gələn gəlirə görə məşhur “Batman”, “Superman” və “Harri Potter” filmlərini geridə qoyur.
“Barbi”nin ilkin büdcəsi marketinq xərcləri nəzərə alınmadan 145 milyon dollar təşkil edib. Ekran əsəri “Warner Bros.” kinostudiyasının Barbi kuklalarını istehsal edən ABŞ oyuncaq istehsalçısı “Mattel” şirkəti ilə əməkdaşlığın nəticəsidir.
Qeyd edək ki, rejissor Q.Qerviq 2017-ci ildə çəkdiyi “Ledy bird” və 2019-cu ildə lentə aldığı “Kiçik qadınlar” adlı ekran əsərləri ilə rejissor kimi tanınıb. Hər iki film xeyli sayda “Oskar” mükafatına layiq görülüb.