Səhiyyə Nazirliyindən təngnəfəsliyi olan hamilə qadınlar müraciət: “Mütləq müayinə olunmalıdır”
Ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sırada qalmaqdadır.
1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova deyib.
Həkim bildirib ki, bunlardan ürəyin işemik xəstəliyi (həmçinin, ürəyin tac damar xəstəliyi – kəskin və xroniki koronar sindrom da adlanır) ürək çatışmazlığının ən çox yayılmış səbəbidir:
"Bu zaman ürək əzələsini qan və oksigenlə təchiz edən tac damarlarının daralması nəticəsində qan axını azalır. Belə halda ürək əzələsi normal fəaliyyət göstərə bilmir. Ürək çatışmazlığı miokard infarktından (ürək tutması) sonra inkişaf edə bilər. Miokard infarktı zamanı zədələnmiş ürək toxumasını çapıq toxuması əvəz edir. Miokard infarktı səbəbindən zədələnmiş və çapıq toxuması ilə əvəzlənmiş ürək əzələsinin sahəsi nə qədər böyük olarsa, ürək fəaliyyəti də bir o qədər zəifləmiş olur".
Həkim bildirib ki, peripartum deyilən kardiomiopatiya (hamiləlik dövründə və ya doğuşdan sonrakı dövrdə (adətən ilk ayda) ürəyin sol mədəciyin nasos fraksiyasının azalması ilə irəliləyən bir ürək çatışmazlığı) xəstəliyi vardır ki, onun vaxtında aşkarlanmaması ciddi ürək çatışmazlığına gətirib çıxarır:
"Alternativ diaqnoz olmadığı halda, xüsusilə hamiləliyin son mərhələlərində və doğuşdan sonrakı ilk beş ayda ürək çatışmazlığı əlamətləri ilə müraciət edən hamilə qadınlarda/analarda nəzərə alınmalı olan diaqnozdur. Bu problemli prosesdə diferensial diaqnoz apararaq digər patologiyaları istisna etmək lazımdır. Bu kontekstdə ciddi təngnəfəsliyi olan hamilə qadın/ana mütləq kardioloqa yönləndirilməli və müayinə olunmalıdır".