ABŞ-dakı 11 sentyabr terror aktlarından 22 il ötür - FOTO
Bu gün Əl Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu York şəhərindəki əkiz qüllərə və Vaşinqtona qarşı həyata keçirilən silsilə terror aktlarından 22 il ötür.
1news.az xəbər verir ki, faciə nəticəsində təxminən 3 min insan həlak olub.
Rəsmi məlumatlarda bildirilirdi ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.
Bu qrupun törətdiyi terror aktlarını Qərbdə adətən “9/11” adlandırırlar.
Həmin terrorçular müntəzəm reyslər yerinə yetirən dörd sərnişin avialaynerini zəbt edərək onları Nyu-Yorkda Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Vaşqinqtonda Pentaqonun binasına yönəldiblər. Ehtimal ki, onlar Kapitoliyanın və ya Ağ evin binasına uçmağa cəhd göstəriblər. İndi artıq məlumdur ki, sonuncu təyyarə hədəfə çatmayıb, çünki bir qrup cəsur sərnişin terrorçuları zərərsizləşdirməyə nail olub və təyyarə Pensilvaniya ştatında yerə çırpılıb. Terror aktları nəticəsində 2977 nəfər həlak olub, 19 terrorçu ölüb, 24 nəfər itkin düşüb.
Təbii ki, həmin günü heç kəs unutmayacaq, çünki bu terror aktları xarici terrorçu qrup tərəfindən ABŞ-a qarşı Birləşmiş Ştatların öz ərazisində törədilmiş ilki hücum idi. 11 sentyabr terror aktları təkcə Amerikada dəyişikliyə səbəb olmadı, bu hadisələrdən sonra çoxlu müharibələr başlandı, dünyada qüvvələr balansı dəyişdi, çoxsaylı terror təşkilatları və radikal qruplaşmalar yaradıldı.
11 sentyabr hadisələri Amerikanın özündə ümummilli birliyə təkan verdi, müxtəlif irqlərə, konfessiyalara və siyasi qruplara mənsub olan amerikalılar sıx birləşdirlər.
Xarici terrorçu və ekstremist təşkilatlar ayrı-ayrı, mərkəzləşdirilməmiş iştirakçıları əlçatan vasitələrdən istifadə etməklə hücumlar törətməyə cəlb etmək üçün internetdə təbliğat aparırlar. Təkbaşına fəaliyyət göstərən terrorçular kütləvi qətllər törətmək və hədəf auditoriyaya maksimum ziyan vurmaq üçün bütün resurslardan istifadə edirlər. Son 20 ildə Amerika meqapolislərində kütləvi qətllər törətməyə çalışan bir neçə əcnəbi terrorçu Amerika xüsusi xidmətlərinin və FTB-nin səmərəli işi nəticəsində zərərsizləşdirilib.