Bu gün Beynəlxalq Ozon Qatının Mühafizəsi Günüdür
1994-cü ildə BMT Baş Assambleyasının Qətnaməsi ilə sentyabrın 16-sı Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü elan edilib.
1news.az xəbər verir ki, həmin təqvim günü ozon təbəqəsini məhv edən maddələrlə bağlı Monreal Protokolunun (1987) imzalandığı tarixə əsasən təsis edilib və 1995-ci ildən qeyd olunur.
Belə ki, 1987-ci il sentyabrın 16-da 36 ölkə sənəd imzalayaraq ozon təbəqəsini parçalayan maddələrin istehsalını məhdudlaşdırmaq və tamamilə dayandırmaq barədə öhdəlik götürüb. Bu günün məqsədi Monreal Protokolunda və ona düzəlişlərdə müəyyən edilmiş məqsədlərə uyğun olaraq fəaliyyətlərin təşviqidir. Hazırda həmin protokolu 127 ölkə imzalayıb.
Hər il bu təqvim günü ozon təbəqəsinin mühafizəsi ilə bağlı konkret mövzuya həsr olunur. 2023-cü ilin mövzusu “Monreal Protokolu: Ozon qatının sağaldılması və İqlim Dəyişikliyi ilə Mübarizə”dir.
Ozon qatı atmosferimizin çox kiçik bir hissəsini təşkil edir, lakin onun mövcudluğu insanın rifahı üçün vacibdir. Ozon təbəqəsi - bu nazik qaz qoruyucusu Yeri Günəş radiasiyasının müəyyən hissəsinin zərərli təsirlərindən mühafizə edir və bununla da planetdə həyatın qorunmasına kömək edir. Ozonun böyük hissəsi atmosferin yüksək qatında - troposfer və stratosferdə özünü göstərir və Yer səthindən 10-40 kilometr yüksəklikdə yerləşir. Stratosfer bütün atmosfer ozonun təxminən 90 faizini ehtiva edir.
Ozon qatı kosmosa uzanan nəhəng bir yorğan kimi yer üzərini örtür. Əgər bu təbəqə nə vaxtsa tükənərsə, bütün biosfer üçün təhlükə yaranacaq. Çünki ultrabənövşəyi şüalara məruzqalma dəri xərçəngi, korluq və digər xəstəliklərə səbəb ola bilər.
Ötən əsrin 80-ci illərində elm adamları Antarktika bölgəsində ozonun ümumi tərkibinin 2 dəfə azaldığını kəşf etdilər. Məhz o zaman Ozon dəliyi barədə məlumatlar ortaya çıxdı.
Ozon təbəqəsinə fabrik və sənaye müəssisələrinin məhsulu olan xlor oksidi mənfi təsir göstərir. Buna görə də ozon təbəqəsini parçalayan maddələrin tənzimlənən istifadəsinin mərhələli şəkildə dayandırılması və nəticədə belə istifadənin azaldılması ozon təbəqəsinin indiki və gələcək nəsillərin rifahı naminə qorunmasına töhfə verməklə yanaşı, həm də iqlim dəyişikliyinin qarşısını almaqda faydalıdır. Beləliklə, Monreal Protokolunun həyata keçirilməsi soyuducularda, kondisionerlərdə və digər istehlak mallarında ozonu məhv edən kimyəvi maddələrin 99 faizinin mərhələli şəkildə dayandırılmasına səbəb oldu.
Ozon təbəqəsinin qorunması səyləri də iqlim dəyişikliyi ilə mübarizə səylərinə öz töhfəsini verib. Belə ki, ekspertlərin fikrincə, həyata keçirilən tədbirlər sayəsində 1990-cı ildən 2010-cu ilədək atmosferə 135 milyard ton karbon qazının atılmasının qarşısı alınıb.
Beləliklə, Monreal Protokolu vasitəsilə Yer kürəsinin zərərli ultrabənövşəyi radiasiyaya məruz qalmasını azaltmaqla insan sağlamlığı və ekosistemlər qorunur. Eyni zamanda, ozon təbəqəsini məhv edən maddələrin qeyri-qanuni mənbələri meydana gəldikdə onları aradan qaldırmağa davam edərkən əldə edilən nailiyyətləri qorumaq lazımdır. 2019-cu il yanvarın 1-dən qüvvəyə minən Monreal Protokoluna Kiqali Düzəlişinin həyata keçirilməsi üçün də tam dəstək tələb olunur. Potensial istixana qazları olan hidrofluorokarbonları mərhələli şəkildə ləğv etməklə əsrin sonuna qədər qlobal temperatur artımını 0,4°C azaltmağa nail olmaq olar. Həmin tədbirləri mərhələli şəkildə həyata keçirməklə iqlim dəyişikliyi ilə mübarizədə irəliləyiş əldə etmək mümkündür.
Azərbaycan 1996-cı ildən “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair Sazişə qoşularaq ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb ki, bu da sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən ibarətdir. Hazırda Azərbaycan həmin konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə Protokol çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azalıb.
Ozon qatının tükənməsinə dair son elmi araşdırmalar göstərir ki, konvensiyanın icrası nəticəsində 2000-ci ildən bəri planetdə ozon təbəqəsinin hissələri on il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa oluna bilər.