Sevinc Fətəliyeva: “Antiterror tədbirlərindən sonra dövlətimiz öz suverenliyini tam təmin etdi”
“Azərbaycanın rəşadətli ordusunun Qarabağda qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri xalqımız tərəfindən böyük qürur hissə qarşılanır.
Ordumuzun peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində qarşı tərəf qısa müddətdə ağ bayraq qaldırmağa məcbur oldu. Antiterror tədbirlərindən sonra dövlətimiz öz suverenliyini tam təmin etdi”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, qazanılan bu zəfər Prezidentimizin dəmir iradəsinin, qətiyyətinin və milli maraqlarımızı dönmədən qorumasının, eləcə də şanlı ordumuzun gücünün parlaq ifadəsidir. Hazırda Qarabağ ərazisində dövlətimiz tərəfindən nizam-intizam yaradılır, müvafiq qurumların əməkdaşları aidiyyatı üzrə öz vəzifələrini yerinə yetirirlər. Bəzi beynəlxalq təşkilatlar və ölkələr bu məsələdə Azərbaycana qarşı qarayaxma kampaniyası apararaq “etnik təmizləmə”də ittiham etməyə çalışır. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir. Digər tərəfdən, Azərbaycanın razılığı ilə BMT missiyası bölgədə monitorinq aparıb. Missiyanın yaydığı məlumatda etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastrukura zərər dəymədiyi və s. bildirilir. Missiyanın bu məlumatı Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyətini iflasa uğratdı.
Millət vəkilinin sözlərinə görə, dövlətimiz reinteqrasiya prosesinə start verib. Ermənistan Qarabağ ermənilərindən istifadə edərək “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Lakin bu cəhdlər əbəsdir. Dövlətimiz Qarabağ ermənilərinə qarşı heç bir addım atmır, əksinə onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atır. Lakin bu, o demək deyil ki, Azərbaycan xalqına qarşı, ərazi bütövlüyümüzə qarşı və s. cinayətlər törətmiş şəxslər cəzasız qalacaq.
Sevinc Fətəliyeva qeyd edib ki, dövlətimizin güc strukturları bu istiqamətdə lazımi addımlar atır: “Ruben Vardanyanın, qondarma rejimin “keçmiş prezidentləri” Arkadi Qukasyanın, Bako Saakyanın, Arayik Arutyunyanın, daşnak David İşxanyanın, eləcə də bir neçə yüksək rütbəli hərbçilərin həbs edilməsi bunu təsdiqləyir. Onların arasında birbaşa əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarlar var. Hazırda Ermənistan hakimiyyəti bu cinayətkarların həbs edilməsindən də “siyasi şou” düzəltməyə çalışır. Amma heç nəyə nail ola bilməyəcəklər. Birincisi, Azərbaycan güclü dövlətdir, ona heç bir qüvvə nəyisə diqtə edə bilməz. İkincisi də, həmin şəxslərin həbs olunması Azərbaycan qanunvericiliyi ilə yanaşı beynəlxalq hüquqa da tamamilə uyğundur. Xalqımıza qarşı cinayətlər törədənlər, günahsız insanları qətlə yetirərək özlərinin “xoşbəxtliyini” qurduqlarını hesab edən bu canilər tarixi ədalətin öz yerini tutacağını düşünməliydilər. Artıq zaman o zamandır ki, onlar layiqli cəzalarını alacaqlar”.