Yaponiyada zəlzələdə ölənlərin sayı 200-ü ötüb
Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 202-ə çatıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 568 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı 120 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Yağışlı və şaxtalı hava şəraiti axtarış işlərinə mane olur.
Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları və fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub. Zəlzələ 10 minlərlə sakinin gündəlik yaşayışına mənfi təsir edib. Təbii fəlakət bölgəsindən təxliyə edilmiş 28 min nəfər hələ də müvəqqəti yerlərdə qalır.
Nomura Araşdırmalar İnstitutunun mütəxəssisləri dağıdıcı zəlzələnin ölkə iqtisadiyyatına zərərini 816 milyard yapon yen (təxminən 5,5 milyard ABŞ dolları) həcmində qiymətləndirib.