Azərbaycan XİN başçısı Müqəddəs Taxt-Tacın nümayəndəsi ilə Ermənsitanla normallaşma əlaqələri barədə danışıb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində martın 2-də Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.
1news.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Xəbərdə bildirilir ki, nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.
Bundan başqa C.Bayramov bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.
Qarşı tərəf eyni zamanda postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.
11:10
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.