Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıb
Azərbaycanda depozit dollarlaşmasının səviyyəsi manata inamın qorunduğunu göstərir.
1news.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlindən bəri də valyuta bazarında tarazlıq qorunub.
"İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artmışdır. Buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir. 2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşmişdir. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir", - Mərkəzi Bankın məlumatında deyilir.
Mərkəzi Bank ümumilikdə, valyuta bazarının profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərdiyini qeyd edib.
"2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) gözlənilir. Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir.
Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb", - deyə Mərkəzi Bankdan bildiriblər.
Qeyd edək ki, martın 28-də Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Xatırladaq ki, Mərkəzi bankın faiz dəhlizinin parametrləi üzrə növbəti qərarı mayın 1-də açıqlanacaq.