Yücel Karauz: “Bu seçkilərdə Azərbaycanda növbəti dəfə xalq-dövlət birliyinin şahidi olacağıq”
“Azərbaycan 2020-ci ildə Vətən Müharibəsində böyük qələbə qazanaraq dünyaya bir daha sübut etdi ki, Qafqazın ən qüdrətli və lider dövlətidir. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra həmin ərazilərdə sürətli şəkildə bərpa işləri aparılır”.
1news.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında türkiyəli ekspert Yücel Karauz deyib.
Onun sözlərinə görə, günü-gündən inkişaf edən, güclənən Azərbaycanın Milli Məclisi bu seçkilərdən sonra daha da güclü olacaq: “İlk dəfə Azərbaycanın bütün ərazilərinin azad olduğu bir mühitdə parlament seçkiləri keçiriləcək. Hazırda dünyanın əksər bölgələrində, elə bizim də qonşularımızda, ətrafımızda müharibə gedir, gərginlik var. Azərbaycan isə öz düzgün siyasəti ilə sabitlik adasına çevrilib. Bu seçkilərə yeni bir mərhələnin başlanğıcı kimi baxmaq lazımdır”.
Ekspert əminliyini ifadə edib ki, Azərbaycanın yeni parlamenti xalq üçün, ölkə üçün və region üçün vacib işlər görəcək.
“Qafqazın ən güclü ordusuna, dövlətinə sahib olan Azərbaycan xalqı öz sözünü dünya arenasında həmişə deyəcək. Bu seçkilərdə Azərbaycana uğurlar arzulayıram” , – deyə Y.Karauz əlavə edib.