Fəaliyyət zamanı: Enerji keçidinin zəruriliyi və həyata keçirilməsi – FOTO – VİDEO
Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 ekoloji konfransı ərəfəsində 1news.az bu mövzuda əhalini maarifləndirən məqalələr dərc etməyə davam edir.
Daha öncə oxucularımıza iqlim dəyişikliyi və qlobal istiləşmənin nə olduğu, dünya ictimaiyyətinin bu əsas ekoloji problemlə necə mübarizə apardığı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, Paris İqlim Sazişi, həmçinin dünyanın iqlim dəyişikliyinin nəticələrinə necə adaptasiya olması haqqında söz açmışdıq.
Bu gün isə biz enerji keçidi mövzusuna daha dərindən baş vuracağıq, bunun iqlim dəyişikliyi ilə mübarizədə nə üçün vacib olduğunu və Azərbaycanın bu istiqamətdə hansı addımlar atdığını söyləyəcəyik.
Enerji keçidi nədir?
Enerji keçidi - neft, kömür və təbii qaz kimi ənənəvi enerji mənbələrindən günəş, külək, hidro- və geotermal enerji kimi bərpa olunan və təmiz enerji mənbələrinə keçid prosesidir. Bu proses istixana qazlarının ətraf mühitə buraxılmasının əksildilməsi, qalıq yanacaqlardan asılılığı azaltmaq və ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədi daşıyır.
Son onilliklərdə elmi sübutlar göstərir ki, qlobal istiləşmə və iqlim dəyişikliyi getdikcə nəzərə çarpır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) hesabatlarına görə, istixana qazlarının ətraf mühitə buraxılmasının cari templəri cari orta qlobal temperaturu artırır ki, bu da dünya okeanının səviyyəsinin qalxması, ekstremal hava hadisələri və biomüxtəlifliyin itirilməsi kimi fəlakətli nəticələrə səbəb ola bilər.
Enerji keçidi bu təhdidlərin qarşısını almaq üçün həlledici əhəmiyyətə malikdir. Qalıq yanacaqların bərpa olunan mənbələrlə əvəz edilməsi CO2 və digər zərərli maddələrin tullanmasını azaldacaq və bununla da davamlı inkişafı təşviq edərək qlobal istiləşməni yavaşladacaq.
Araşdırmalar göstərir ki, bərpa olunan enerjiyə keçid həm də iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur. Günəş və külək kimi bərpa olunan mənbələrdən enerji istehsalının dəyəri son illərdə əhəmiyyətli dərəcədə azalaraq onları ənənəvi enerji mənbələri ilə rəqabətədavamlı edir.
Bundan əlavə, batareyalar və hidrogen yanacaq elementləri kimi enerji saxlama texnologiyalarının inkişafı enerji təchizatının etibarlığını təmin etməyə və bərpa olunan mənbələrə daha geniş keçidin mümkünlüyünə imkan yaradır.
Enerji keçidi üçün hansı addımlar atılmalıdır?
1. Bərpa olunan enerji mənbələri üçün infrastrukturun inkişafı. Bura günəş və külək elektrik stansiyalarının tikintisi, həmçinin yeni enerji mənbələrinin inteqrasiyası üçün mövcud enerji şəbəkələrinin təkmilləşdirilməsi daxildir.
2. Enerji saxlama texnologiyalarının təkmilləşdirilməsi. Enerji təchizatının sabitliyini təmin etmək üçün batareyalar və digər texnologiyalar kimi enerjinin saxlanması sahəsində tədqiqat və təkmilləşdirmələrə sərmayə qoymaq lazımdır.
3. Dövlət dəstəyi və tənzimləmə. Hökumətlərin bərpa olunan enerjiyə sərmayə üçün stimullar təqdim etməsi və istixana qazlarının buraxılmasını azaltmağa imkan yaradan normativ tələblər tətbiq etməsi vacibdir.
4. Enerji səmərəliliyinin artırılması. Sənaye, nəqliyyat və məişət sektorunda enerjieffektif texnologiyalar və təcrübələrin tətbiqi ilə enerji istehlakının azaldılması keçidi əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
5. Təhsil və məlumatlandırma. İctimai şüur və enerji keçidinin vacibliyinin dərk edilməsi əsas rol oynayır. Təhsil proqramları və əhalinin məlumatlandırma kampaniyaları cəmiyyətin bütün təbəqələrində bu dəyişiklikləri dəstəkləməyə kömək edə bilər.
Azərbaycan enerji keçidi yolunda
Ənənəvi olaraq neft və qazdan asılı olan Azərbaycan da dayanıqlı enerji gələcəyinə doğru addımlar atır. Daha əvvəl təklif olunan addımlardan hansının ölkədə artıq həyata keçirildiyinə nəzər salaq və bəzi misallar gətirək.
Qaradağ Günəş Elektrik Stansiyası: Bu, Xəzər regionunda və MDB məkanında 230 MVt gücündə fəaliyyət göstərən ən böyük günəş elektrik stansiyasıdır. O, 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə əsasında Azərbaycanda ilk müstəqil günəş enerjisi layihəsi kimi hazırlanıb və 2023-cü ilin oktyabrında rəsmi açılışı olub. Bildirilib ki, stansiya 110 000-dən çox evi elektrik enerjisi ilə təmin etmək üçün kifayət qədər elektrik enerjisi istehsal edəcək, karbon qazı tullantısını ildə 200 000 tondan çox azaldacaq.
BƏƏ ilə birgə layihələr: 2023-cü ildə Azərbaycan Masdar (BƏƏ) və SOCAR ilə birlikdə üç böyük layihənin - Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) günəş elektrik stansiyalarının, həmçinin Abşeron-Qaradağ regionunda külək parkının (240 MVt) tikintisinə başlayıb. Bu layihələr ölkənin təmiz enerjiyə keçidə sadiqliyini nümayiş etdirir və 2027-ci ilə qədər tamamlanacaq.
Böyükşor gölündə üzən günəş panellərinin quraşdırılması üzrə pilot layihə: Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycan Böyükşor gölündə gücü 100 kVt-a qədər olan üzən günəş elektrik stansiyası quraşdırıb. Onun açılışı 2024-cü ilin iyulunda baş tutub. Üzən günəş elektrik stansiyası bir sıra üstünlüklərə malikdir: suyun soyuducu effekti sayəsində səmərəliliyin artması, su hövzələrindən suyun buxarlanmasının azalması, torpaq ehtiyatlarına qənaət və əks halda səmərəsiz olacağı səthlərdən istifadə etmək imkanı.
Enerji keçidi təkcə gələcəyin məsələsi deyil, həm də bu günün zərurətidir. Bu prosesin həyata keçirilməsi hökumətlərin, biznesin və cəmiyyətin birgə səylərini tələb edəcək, lakin bu, gələcək nəsillər üçün daha dayanıqlı və təhlükəsiz dünya yaratmaq yolunda kritik addımdır.
Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalini iqlim problemləri ilə bağlı maarifləndirən materiallar dərc etməyə davam edəcək.
Məqalə hazırlanarkən rəsmi açıq mənbələrin məlumatlarından istifadə edilmişdir.
Leyla Məmmədova