Cəlil Xəlilov: “Ermənistanın himayədarları regionda vəziyyəti gərginləşdirməklə özlərinə süni tələbat yaratmağa çalışırlar”
“Ermənistanı himayə edən beynəlxalq güclər onu təmas xəttində təxribatlara sövq etməklə regionda vəziyyəti gərginləşdirməyə, bununla da özlərinə süni şəkildə tələbat yaratmağa çalışırlar”.
Bunu 1news.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, Ermənistanın ordumuza məhz öz himayədarlarının sifarişi ilə atəş açdığı heç kimə sirr deyil:
“Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək ona öz yerini göstərdi. Ordumuz, xalqımız, Müzəffər Ali Baş Komandanımız sübut etdi ki, himayədarlarının İrəvana verdiyi bunca dəstəyə baxmayaraq, Azərbaycan işğaldakı torpaqlarını azad etməyə, öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu baxımdan, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itirən Ermənistanın ordumuzun mövqelərinə yalnız öz iradəsi ilə atəş açması, təxribatlar törətməsi inandırıcı deyil. Bu, daha çox ermənipərəst dairələrin, xaricdəki böyük güclərin təhriki ilə həyata keçirilir. Onlar regiona yol tapmaq, buradakı mövcudluqlarına haqq qazandırmaq üçün çalışırlar ki, regionda yeni hərbi qarşıdurma yaratsınlar. Azərbaycanla Ermənistan yenidən üz-üzə gəlsin ki, onlar da bu qarışıqlıqdan istifadə edərək regionda möhkəmlənə, proseslərin axarına yön verə bilsinlər.
Şübhəsiz, Azərbaycan bütün bunları görür və anlayır. Lakin bu məsələdə Ermənistan hakimiyyətinin də azad iradə nümayiş etdirməsi, onu təxribata sürükləyən güclərə qətiyyətlə “yox” deməsi vacibdir. İrəvan Qərbin, onun ayrı-ayrı dairələrinin əlində alət olmaqdan çıxmalı, kənar güclərin regiona müdaxiləsinə, bölgədə vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan unutmamalıdır ki, istənilən gəginlik sonunda Ermənistanın faciəsi ilə nəticələnəcək”.
Polkovnik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindən sonra daha da gücləndiyini, öz peşəkarlığını, hərbi-texniki təchizatını yeni mrəhələyə yüksəltdiyini bildirib:
“Azərbaycan Ordusu Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Vətən müharibəsi dövründəki ordu deyil. Ordumuz öz peşəkarlığını, hərbi-texniki təchizatını daha da yüksəldib. Silahlı Qüvvələrimiz mahiyyət etibarilə yeni, daha ali mərhələyə qədəm qoyub. Bu isə bizə imkan verir ki, xalqımızı, dövlətimizi, təhlükəsizliyimi təhdid edən istənilən təhlükəni dəf edək.
Ermənistan və onların havadarları da bilməlidirlər ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir. Yeni bir qarşıdurma sadəcə Ermənistanı deyil, onun himayədarlarını da məyus edəcək, Azərbaycanın zəfər tarixini isə daha da zənginləşdirəcək”.