Azərbaycanda ilk dəfə - Böyükşor gölündə üzən günəş panelləri – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycanda ilk dəfə - Böyükşor gölündə üzən günəş panelləri – FOTO

10:06 - 03 / 09 / 2024
Azərbaycanda ilk dəfə - Böyükşor gölündə üzən günəş panelləri – FOTO

Azərbaycan alternativ enerjinin inkişafı üçün mühüm addımlar atmaqda davam edir.

Bunlardan biri də Böyükşor gölündə tikilmiş ümumi gücü 100 kVt olan Günəş Elektrik Stansiyasının (GES) açılışının olmasıdır.

Üzən günəş panelləri göllər, su anbarları və ya körfəzlər kimi su hövzələrinin üzərində quraşdırılmış fotoelektrik sistemlərdir. Onlar bir sıra üstünlüklərə malikdirlər: suyun soyuducu təsiri sayəsində yüksək effektivlik, su hövzələrindən suyun buxarlanmasının azalması, torpaq ehtiyatlarının qorunması və əks halda səmərəsiz olacağı səthlərdən istifadə etmək imkanı. Bu panellər, həmçinin günəş işığının qarşısını alaraq yosunların böyüməsini azaltmaqla suyun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.

Üzən günəş elektrik stansiyası ilə yaxından tanış olmaq və bu barədə ətraflı məlumat əldə etmək üçün 1news.az-ın əməkdaşları Böyükşor gölünə gedərək Azərbaycan Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Bərpa olunan enerji zonalarının inkişafı şöbəsinin müdiri Fəqan Əbdürrəhmanovla söhbət ediblər.

- Böyükşor gölündəki pilot günəş elektrik stansiyasının əsas xüsusiyyətləri barədə danışın. O, Azərbaycandakı digər SES-lərdən nə ilə fərqlənir?

- 29 iyul 2024-cü il tarixində Böyükşor gölündə Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafı üçün bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində 100 kVt-lıq günəş elektrik stansiyasının açılış mərasimi keçirildi. Layihə çərçivəsində ildə 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcəyi gözlənilir ki, bunun da 95 kVt-ı suda, 5 kVt-ı isə quruda quraşdırılıb. Bu üzən günəş elektrik stansiyası ölkədə su səthində işə salınan ilk günəş elektrik stansiyasıdır.

- Böyükşor gölündə günəş elektrik stansiyasının tikintisi və işə salınması zamanı əsas çağırışlar nədən ibarət olub? Stansiyanın fəaliyyətinə ətraf mühitin mümkün təsiri problemi necə həll olundu?

- Tikinti başlamazdan əvvəl gölün ekosisteminə potensial mənfi təsirləri müəyyən etmək üçün ətraflı ekoloji qiymətləndirmə aparılıb. Bu qiymətləndirmə əsasında mənfi təsirləri minimuma endirmək üçün tədbirlər hazırlanmışdır. Tikintinin əsas aspektlərindən biri dalğaların və küləyin stansiyaya təsirini azaltmaq üçün panellərin etibarlı və möhkəm bərkidilməsini təmin etmək idi. Stansiyanı dalğalardan qorumaq üçün müxtəlif variantlar nəzərdən keçirilib və stansiyanın üzən hissəsinin mövqeyi dəyişdirilib. Nəticədə, üzən hissə nisbətən kiçik dalğa titrəyişləri olan ərazidə quraşdırılıb.

- Qeyd etdiniz ki, stansiyanın Böyükşor gölü və onun ətrafına ekoloji təsirini minimuma endirmək üçün müəyyən tədbirlər həyata keçirilib. Bu barədə daha ətraflı məlumat verə bilərsinizmi?

- Bəli, üzən günəş elektrik stansiyasının Böyükşor gölü və onun ətrafına ekoloji təsirini minimuma endirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. İlk növbədə, tikinti işlərinə başlamazdan əvvəl ətraf mühitə təsirin təfərrüatlı qiymətləndirilməsi (ƏMTQ) aparılmışdır ki, bu da potensial ekoloji riskləri müəyyən etməyə və onların minimuma endirilməsi üçün müvafiq tədbirlər planlamağa imkan verirdi.

Tikinti zamanı gölün suyunun çirklənməsinin qarşısını almaq üçün tullantıların idarə olunması sistemləri quraşdırılıb. Bu sistemlər tikinti işləri zamanı yarana biləcək çirklənmələrə nəzarət edir və minimuma endirir. Bundan əlavə, suyun keyfiyyətinin müntəzəm monitorinqi nəzərdə tutulub ki, bu da potensial problemləri operativ aşkar etməyə və aradan qaldırmağa imkan verir.

- Bu günəş elektrik stansiyasında hansı texnologiyalardan istifadə olunub? Azərbaycanda ilk dəfə tətbiq olunan innovasiyalar varmı?

- Stansiyanın tikintisi zamanı müxtəlif texnologiyalardan istifadə olunub. Məsələn, günəş enerjisini elektrik enerjisinə çevirmək üçün yeni nəsil panellər və sabit cərəyanı alternativ cərəyana səmərəli şəkildə çevirmək üçün müasir invertorlar. Eyni zamanda, günəş elektrik stansiyasının optimal fəaliyyətini və səmərəliliyini təmin etmək, eləcə də üzən hissəni quruda yerləşən hissəsi ilə müqayisə etmək məqsədilə günəş radiasiyasının miqdarını ölçmək üçün ölçmə və müşahidə sistemləri - piranometr, temperatur sensorları və digər nəzarət avadanlıqları quraşdırılıb.

- Bu günəş elektrik stansiyasının genişləndirilməsi və ya Azərbaycanın digər bölgələrində də analoji obyektlərin inşası nəzərdə tutulurmu?

- Üzən günəş elektrik stansiyası pilot layihə kimi kiçik miqyasda həyata keçirilsə də, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, energetik balansı diversifikasiya edir və tullantıların qarşısını alır. Layihə özəl investisiyalar üçün çağırış kimi xidmət edir və genişləndirilməsi müzakirə olunur. Ölkənin müxtəlif su hövzələrində yeni üzən günəş elektrik stansiyalarının tikintisi imkanları nəzərdən keçirilir. Üzən günəş elektrik stansiyaları su hövzələrindən səmərəli istifadə etməyə və torpaq ehtiyatlarından istifadəni minimuma endirməyə imkan verir.

- Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı gələcək planlar hansılardır? Hansı prioritet sahələr vurğulanır?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı sessiyasında ölkəmiz 2050-ci ilə qədər istixana qazlarının tullantılarını 40% azaltmaq barədə könüllü öhdəlik götürüb. Bu məqsədə nail olmaq üçün Energetika Nazirliyi 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji mənbələrindən quraşdırılmış gücün payının 30%-ə çatdırılmasını qarşıya əsas vəzifə kimi qoyub. Birinci mərhələdə 2027-ci ilə qədər 2 GVt, növbəti mərhələdə isə 2030-cu ilə qədər 8 GVt-dan çox “yaşıl enerji” gücü planlaşdırılır.

2020-ci ildən etibarən Masdar, ACWA Power, bp, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech ilə bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa başlanılıb. 26 oktyabr 2023-cü il tarixində BƏƏ-nin Masdar şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər və MDB regionunda ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. Bundan əlavə, Masdar Neftçala rayonunun Banka kəndində 315 MVt gücündə günəş elektrik stansiyasının, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyasının reallaşdırılmasını davam etdirir. Bu isə bərpa olunan enerji mənbələrindən 1 GVt enerjinin istismara verilməsi deməkdir. Eyni zamanda, ACWA Power şirkəti tərəfindən 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsi çərçivəsində işlər davam etdirilir.

- Bərpa olunan enerji layihələrinin dəstəklənməsində dövlət hansı rolu oynayır? Yeni təşəbbüslər və ya dəstək proqramları planlaşdırılırmı?

- Hökumət bərpa olunan enerji sahəsində layihələrin dəstəklənməsi üçün tədbirlər görür. O cümlədən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “İnvestisiya təşviqi haqqında sənədi”ni almış hüquqi şəxslər və fərdi sahibkarlar bir sıra vergi güzəştlərindən yararlana bilərlər. Onlar 7 il müddətinə mənfəət vergisi və gəlir vergisi üzrə 50% güzəşt alır, həmçinin eyni müddətə müvafiq əmlaka görə əmlak vergisindən və torpaq vergisindən azaddırlar. Bundan əlavə, maşın, texnoloji avadanlıq və cihazların idxalı müvafiq təsdiqedici sənəd olduqda, 7 il müddətinə ƏDV və gömrük rüsumlarından azaddır.

Eyni zamanda, bərpa olunan enerji sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib və bir sıra qanunvericilik aktları qəbul edilib. Belə ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Fəal istehlakçıların dəstəklənməsi mexanizminin həyata keçirilməsi Qaydaları”na əsasən, Azərbaycanda fiziki və hüquqi şəxslər öz torpaq sahələrində və ya bu torpaq sahələrindəki tikililərində şəhərsalma və tikinti qaydalarına uyğun olaraq külək, günəş və digər bərpa olunan enerji mənbələrindən istifadə edə bilərlər, o cümlədən fərdi evlərə günəş batareyaları quraşdırarkən 150 kVt-a qədər (o cümlədən 150 kVt) elektrik enerjisi istehsal edə bilərlər. Bununla da fiziki və hüquqi şəxslər külək və ya günəşin aktiv olduğu dövrlərdə enerji mənbələrindən istifadə edərək, artıq elektrik enerjisini şəbəkəyə ötürməklə özləri üçün müvafiq balans yarada bilərlər. Onlar hər ay elektrik enerjisi sərfiyyatını kompensasiya edə və qalıq enerji ilə ilin sonunda haqq-hesab edərək qazanc əldə edə bilərlər.

- Bərpa olunan enerjinin inkişafı, xüsusən də ənənəvi enerji mənbələrindən asılılığın azaldılması kontekstində Azərbaycana hansı iqtisadi faydalar gətirir?

- Bərpa olunan enerjinin inkişafı Azərbaycanda dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün vacib əhəmiyyətə malikdir. O, nəinki daha sabit və sərfəli enerji təchizatı yaratmağa kömək edir, həm də ölkənin ekoloji dayanıqlığının yüksəldilməsində mühüm rol oynayır. Bərpa olunan enerji sektorunu inkişaf etdirməklə Azərbaycan qalıq yanacaqlardan asılılığını əhəmiyyətli dərəcədə azaltmaq və karbon izini aşağı endirmək imkanı əldə edir.

Bundan əlavə, bərpa olunan enerjinin istehsalı daxili istehlak üçün əlavə enerji mənbələri yaradır ki, bu da ölkənin enerji təhlükəsizliyinə zəmin yaradır. Bu, həm də yeni iş yerlərinin yaradılması və texnologiya sahəsində innovasiyaların stimullaşdırılması üçün perspektivlər açır. Elektrik enerjisinin beynəlxalq bazarlara ixracı potensialı iqtisadi sabitliyi gücləndirən və iqtisadiyyatın diversifikasiyasına töhfə verən mühüm gəlir mənbəyi ola bilər.

- Böyükşor gölündəki pilot günəş elektrik stansiyası qarşıdan gələn COP29-da Azərbaycanın bərpa olunan enerji sahəsində nailiyyətlərinin nümayiş etdirilməsində hansı rolu oynayacaq?

- COP29-dan əvvəl bu innovativ qurğunun işə salınması strateji əhəmiyyət kəsb edir. Keçirilmə məkanı - Bakı, Olimpiya Stadionu - Böyükşor gölünün yaxınlığında yerləşir və bu, tədbirin özünün kontekstində qurğunu nümayiş etdirmək üçün əla imkan yaradır. Stansiyanın COP29 çərçivəsində nümayiş etdirilməsi Azərbaycanın bərpa olunan enerji sahəsində əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirməklə yanaşı, həm də ölkənin karbon tullantılarının azaldılması və dayanıqlı yaşıl enerji gələcəyinə keçiddə əldə etdiyi nailiyyətləri vurğulayacaq. Bu, ölkənin təmiz texnologiya üzrə lider kimi qlobal imicinin gücləndirilməsi istiqamətində mühüm addım olacaq.

- Bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq əməkdaşlıq kontekstində Azərbaycanın COP29-dan gözləntiləri nədən ibarətdir? Belə layihələrin hazırlanması üçün xarici investorların cəlb edilməsinə dair planlar mövcuddurmu?

- COP29 çərçivəsində qurğunun uğurlu nümayişi Azərbaycanda bərpa olunan enerji sektoruna investisiyaya marağı əhəmiyyətli dərəcədə artıra bilər. Bu, özəl investorların cəlb edilməsi üçün cəlbedici şərait yaradacaq, ölkənin enerji infrastrukturunun daha da inkişafına və müasirləşdirilməsinə töhfə verəcək.

COP29 Azərbaycanın “yaşıl enerji” sahəsində investisiya cəlbediciliyini nümayiş etdirmək üçün əsas platforma olacaq. Bu tədbir bərpa olunan enerji sektorunda davam edən layihələri təqdim etmək, həmçinin yeni təşəbbüsləri müəyyən etmək və təşviq etmək üçün unikal imkanlar verəcək. Tədbir çərçivəsində ölkənin dayanıqlı energetika sahəsində əldə etdiyi nailiyyətləri vurğulamağa və gələcək inkişaf potensialını nümayiş etdirməyə kömək edəcək layihələrin uğurlu icra nümunələri nümayiş etdiriləcək. COP29 həmçinin digər ölkələr və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradacaq ki, bu da yeni investisiyaların cəlb edilməsinə və yaşıl enerji sahəsində innovativ həllərin inkişafına kömək edəcək.

Bu material Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə və “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda müsabiqənin şərtlərinə uyğun olaraq dərc olunub.

Paylaş:
1948

Sizin üçün xəbərlər

Son xəbərlər

Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib - FOTOBu gün, 17:22Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıbBu gün, 17:20Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdurBu gün, 17:12“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçibBu gün, 16:52Azərbaycanda bələdiyyə seçkiləri nə zaman keçirilə bilər? - MSK sədri açıqladıBu gün, 16:26İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTOBu gün, 16:13Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşübBu gün, 16:08Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEOBu gün, 16:07Tramp qələbə qazandığını elan edibBu gün, 15:51COP29-la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcəkBu gün, 15:44Bakı metrosunun iş rejimi COP29 zamanı dəyişdiriləcəkBu gün, 15:31Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilirBu gün, 15:25“Kartdan karta” üsulu ilə işləyən daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edilibBu gün, 15:13COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıbBu gün, 14:58Prezident: Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirBu gün, 14:488 Noyabr prospekti bu gecədən bağlanırBu gün, 14:36Azərbaycan Prezidenti Donald Trampı təbrik edibBu gün, 14:20Bişkekdə 4SİM-in təşəbbüsü ilə hazırlanan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıbBu gün, 13:58İlham Əliyev Bişkekdə Macarıstanın Baş nazirinin təltifolunma mərasimində iştirak edibBu gün, 13:56Yağış yağacaq - Sabahın havasıBu gün, 13:49
Bütün xəbərlər