OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti | 1news.az | Xəbərlər
Siyasət

OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti

21:34 - 03 / 12 / 2024
OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti

“DropSiteNews” nəşrinin və onun Avropadakı tərəfdaşlarının heyrətamiz araşdırması nəticəsində Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) sadəcə qlobal jurnalistika platforması olmadığı ortaya çıxıb.

Korrupsiya ilə mübarizə maskası altında şok reallıq gizlənir: ABŞ-nin təhlükəli təbliğat aləti olan OCCRP-nin məqsədi rəsmi Vaşinqtonun geosiyasi maraqlarını təbliğ etmək və ona qarşı səsləndirilən tənqidləri yatırmaqdır.

ABŞ institutlarının maliyyələşdirdiyi şəbəkə

“DropSite”ın araşdırması göstərib ki, 2014-2023-cü illər ərzində OCCRP-nin büdcəsinin 52%-dən çoxu USAID və ABŞ Dövlət Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə və Hüquq Mühafizəsi Bürosu (INL) daxil olmaqla ABŞ-nin dövlət agentliklərindən daxil olan vəsait hesabına formalaşıb.

Belə ki, OCCRP təsis edildiyi 2008-ci ildən sonra ABŞ-dən ən azı 47 milyon dollar alıb, daha 12 milyon dollar isə artıq vəd edilib və yaxın zamanda köçürüləcək.

Bu cür maliyyələşdirmə təbii ki, qarşılıqsız ola bilməz: bu, rəsmi Vaşinqtona OCCRP-nin fəaliyyətinə ciddi təsir göstərmək, o cümlədən, əsas vəzifələrə əməkdaşların təyin edilməsinə veto qoymaq və layihələri seçmək hüququ verir ki, bu da ABŞ-nin maraqlarını OCCRP-nin fəaliyyəti üçün əsas məsələyə çevirir.

Dryu Sullivanın şəxsində OCCRP rəhbərliyi sponsorlar tərəfindən redaksiya siyasətinə müdaxilə edilməməsini təmin edən redaksiya maneəsinin guya mövcud olduğunu israr etsə də, maliyyələşdirmə ABŞ tənzimləyicilərinin müəyyən etdiyi və xəbər təşkilatı üçün, yumşaq desək, çox qeyri-adi olan şərtlərlə həyata keçirilir.

USAID əməkdaşı Şennin Maquayrın sözlərinə görə, OCCRP “layihə rəhbəri” (hazırda bu vəzifəni Dryu Sullivan tutur) də daxil olmaqla, əsas vəzifələrə namizədləri ABŞ-nin dövlət qurumları ilə razılaşdırmalıdır.

Dövlət Departamentinin veteranı Maykl Henninq bunu təsdiqləyərək bildirib ki, “baş redaktor” və ya “baş direktor” kimi vəzifələr Vaşinqtonun ciddi yoxlamasından keçir.

Şəffaflıq naminə mübarizədə riyakarlıq

OCCRP-nin Vaşinqtonla əməkdaşlığı onun bəyan edilmiş əsas missiyası olan hakimiyyəti məsuliyyətə cəlb etmək missiyası ilə ciddi ziddiyyət təşkil təşkil edir.

Beləliklə, araşdırmalarda əsas diqqət ABŞ-ın maraqlarına qarşı çıxan ölkələrə yönəlir. Təkcə 2015-2019-cu illər ərzində Dövlət Departamenti OCCRP-nin “Rusiyanın media məkanının balanslaşdırılması” layihəsinə 2,2 milyon dollar ayırıb.

“Rusiya aktivlərinin trekeri” kimi təşəbbüslərə, həmçinin Kiprdə aparılan və rusiyalı oliqarxları ifşasına yönəlmiş araşdırmalara əlavə milyonlar ayrılır, lakin Qərbdəki korrupsiya halları diqqətdən kənarda qalır.

“DropSite” resursunun araşdırması da şəffaflığa seçmə yanaşmanın olduğunu göstərir. OCCRP Rusiya və Venesueladakı korrupsiyanı diqqətlə araşdırır, lakin ABŞ-yə müttəfiq ölkələrdə qeydə alınan kobud pozuntular, həmçinin Birləşmiş Ştatların özündə baş verən daxili qalmaqallar barədə susur.

Müqayisə üçün deyək ki, ABŞ-nin korrupsiyasını və hərbi cinayətlərini ifşa edən “WikiLeaks” sənədləri iqtisadi sanksiyalardan tutmuş casusluq və sui-qəsd ittihamlarına qədər ciddi repressiyalara səbəb olub. Vaşinqtonun “WikiLeaks”ə qarşı reaksiyası şəffaflığa seçmə yanaşmanı nümayiş etdirir ki, bu da prinsiplərdən daha çox təbliğata xidmət edir.

OCCRP-nin fəaliyyətində senzura

Araşdırmanın ortaya çıxardığı ən narahatedici məqam isə OCCRP-nin tənqidi jurnalistikanı fəal şəkildə boğması halları ilə bağlıdır. Bu cür hadisələrdən biri OCCRP-nin həmtəsisçisi olan Dryu Sallivanın Almaniyanın NDR telekanalına təzyiq göstərərək OCCRP-nin ABŞ hökuməti ilə maliyyə və əməliyyat əlaqələrinə dair araşdırmanı dayandırmağa çalışması ilə bağlıdır.

Sallivan alman jurnalist Con Getsi “Rusiya agenti” olmaqda ittiham edib və OCCRP jurnalistlərinə NDR ilə əməkdaşlıqdan çəkinməyi tapşırıb ki, bu da jurnalistika etikasının təməl prinsiplərinin pozulması deməkdir. “DropSite”ın üzə çıxardığı Sallivanın elektron məktublarında o, heç bir sübut göstərmədən NDR-i Rusiyanın təbliğat kanalı olan RT ilə müqayisə edib. Hüquqi təhdidlər də OCCRP-nin fərqli fikirləri yatırmaq niyyətini gücləndirib.

Siyasi əməliyyatçılar komandası

OCCRP-nin əsas əməkdaşlarının bioqrafiyaları da ciddi suallar doğurur.

Məsələn, Dövlət Departamentinin korrupsiya ilə mübarizə üzrə keçmiş məsləhətçisi Kamilla Eyss OCCRP-də “qlobal tərəfdaşlıqlar və siyasət üzrə direktor” kimi fəaliyyət göstərib, 2022-ci ildə isə sanksiya prosedurlarına nəzarət etmək üçün Vaşinqtona qayıdıb. OCCRP və ABŞ-nin hökumət qurumları arasındakı bu rotasiyalar təşkilatın ABŞ-nin xarici siyasət aləti olduğunu bir daha sübut edir.

Təşkilatın həmtəsisçisi Pol Radu OCCRP-nin Şərqi Avropada siyasi sistemləri dəyişdirməyə qəsdən can atdığını açıq şəkildə etiraf edib.

“Biz yəqin ki, beş və ya altı ölkədə hökumət dəyişikliyinə kömək etmişik", - o öyünərək bildirib. OCCRP-nin Bosniya, Qırğızıstan, Monteneqro və digər ölkələrdə baş vermiş siyasi çaxnaşmalarla birbaşa əlaqəsi var. Bütün bunlar isə ABŞ-nin geosiyasi məqsədlərinə xidmət edir.

“DropSite” həmçinin OCCRP-nin ABŞ-ın maraqlarına xidmət edən araşdırmalara necə üstünlük verdiyini ətraflı təsvir edib.

Məsələn, “Rusiyanın media məkanının balanslaşdırılması” kimi layihələrə milyonlarla vəsait yönəldilib, Vaşinqtonda baş verən lobbiçilik qalmaqalları kimi daxili korrupsiya məsələləri isə diqqətdən kənarda qalıb.

Hər şeyi əyani göstərən rəqəmlər

“DropSite” və tərəfdaşlarının araşdırması heyrətamiz rəqəmləri üzə çıxarıb:

47 milyon dollar: OCCRP təsis edildiyi gündən ABŞ tərəfindən ayrılan maliyyənin ümumi həcmi.

10,8 milyon dollar: OCCRP-nin apardığı araşdırmaları hüquqi fəaliyyətə və sanksiyalara çevirmək məqsədilə GACC proqramına ayrılan məbləğ (bunun 3 milyon dolları subqrant kimi “Transparency International” təşkilatına verilib).

2,2 milyon dollar: 2015-2019-cu illər arasında Rusiyanın media məkanının “balanslaşdırılması”na yönəldilən vəsait.

Maliyyə zənciri, OCCRP-nin əsasən Vaşinqtonun maraqları ilə üst-üstə düşən məqsədləri həyata keçirmək üçün ABŞ-nin maliyyə dəstəyindən asılılığının narahatedici mənzərəsini aşkara çıxarır.

OCCRP: Jurnalistika deyil, təbliğat alətidir

Beləliklə, “DropSite News”un araşdırması çox xoşagəlməz həqiqəti üzə çıxarır: OCCRP müstəqil jurnalist təşkilatı deyil, ABŞ-nin təbliğat alətidir.

“Narahat” ölkələrdə korrupsiya ilə seçmə şəkildə mübarizə aparan, daxili tənqidləri boğan və Vaşinqtonun siyasi aparatı ilə sıx əməkdaşlıq edən OCCRP bununla dürüstlüyü ilə bağlı iddialarını sarsıdır.

Bu, jurnalistika deyil. Bu, araşdırmaçı jurnalistika adı altında rəqiblərin sabitliyini pozmaq və öz himayədarlarını qorumaq məqsədi daşıyan dövlət təbliğatıdır.

Əgər jurnalistikanın məqsədi həqiqətdirsə, OCCRP artıq onu ABŞ-dakı sponsorlarına qurban verib.

“DropSiteNews”un tam araşdırması ilə buradan tanış ola bilərsiniz.

Paylaş:
77

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər