Xəttatlıq sənətinin tarixi və Azərbaycan mədəniyyətində yeri - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xəttatlıq sənətinin tarixi və Azərbaycan mədəniyyətində yeri - FOTO

09:57 - 08 / 01 / 2025
Xəttatlıq sənətinin tarixi və Azərbaycan mədəniyyətində yeri - FOTO

Təsviri incəsənətin mühüm sahələrindən biri də xəttatlıq sənətidir.

Ərəb köklü “xətt” (yazı) sözünü bildirən, gözəl və dəqiq yazı sənəti olan xəttatlıq “Qurani-Kərim”in ayələrini ən gözəl şəkildə yazmaq cəhdlərindən sonra meydana gəlib. Xəttat isə gözəl yazı ustasına, yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxsə verilən addır.

Minilliklər ərzində inkişaf edərək mədəni və dini ifadələrin simvoluna çevrilən xəttatlıq sənəti ərəb və İslam mədəniyyətinin mühüm bir hissəsi olaraq yalnız yazı deyil, həm də mədəniyyətin mühüm bir sahəsini təşkil edib. Xüsusilə İslam mədəniyyətində xəttatlıq Allahın kəlamını qorumaq və yaymaqda əvəzsiz bir vasitə olub.

Məlumat üçün bildirək ki, xəttatlıq sənətinin kökləri qədim Nabatey əlifbasından qaynaqlanıb. Tarixə nəzər salsaq görərik ki, Səudiyyə Ərəbistanında tapılan və 469-470-ci illərə aid edilən Nabatey ərəb yazısı ərəb əlifbasının ən qədim nümunəsi hesab olunur. Şimali Ərəbistan, Cənubi Levant və Sinay yarımadasında yaşamış yarımköçəri xalq olan nabateylərin yazı sistemi xəttatlıq sənətinin ilkin formalarının inkişafında mühüm rol oynayıb. Sağdan sola yazılan və əyri xətt xüsusiyyətlərinə malik Nabatey yazısı sonralar ərəb yazısının əsasını təşkil etdi.

İslamın yaranması ilə xəttatlıq sənəti yeni bir dövrə qədəm qoydu və daha da inkişaf etdi. Erkən dövrlərdə “Cəzmi” adı ilə tanınan üslub daha sonra Mədinə və Məkkədə “Mədani” və “Məkki” üslublarına çevrildi. İslamın geniş yayılması isə xəttatlıq sənətini yeni coğrafiyalara daşıdı və müxtəlif bölgələrdə özünəməxsus üslubların yaranmasına səbəb oldu.

VII əsrdə İraqın Küfə şəhərində yaranan Kufi xətti xəttatlıq sənətində əhəmiyyətli bir dönüş yaratdı. Erkən Quran nüsxələrinin yazılmasında geniş istifadə olunan Kufi xətti sadəcə kitab səhifələrində deyil, həm də memarlıqda çox istifadə olunub. İslam memarlığında, xüsusən məscidlərin və sarayların divarlarında Quran ayələrinin həkk olunmasında istifadə edilib. Kufi xəttinin erkən dövrdəki əhəmiyyəti onun gözəl görünüşü və müqəddəs mətnləri olduğu kimi qoruyub saxlama qabiliyyəti ilə izah edilir.

VIII əsrdə Kufi xətti daha mürəkkəb, lakin daha oxunaqlı üslublara yol açdı. Əvvəlcə Əbul-Əsvad əd-Düali tərəfindən nöqtələmə və səsləri göstərmək üçün əlavə işarələr (hərəkələr) sistemi tətbiq olundu. Daha sonra Əl-Xəlil ibn Əhməd əl-Fərahidi qısa saitləri göstərmək üçün yeni işarələr (hərəkələr) təqdim etdi.

Bu üslublar arasında ən geniş yayılmış və tətbiq edilənlər aşağıdakılardır:

Nəsx: Gündəlik yazılar üçün uyğun olan və Quran nüsxələrinin yazılmasında standart xətti olaraq qəbul edilən üslub.

Süls: Memarlıq yazılarında və incəsənətdə geniş şəkildə istifadə olunan üslub.

Divani: Osmanlı dövründə yaranmış və rəsmi fərmanlar, sənədlər kimi yazılı materiallarda istifadə olunan mürəkkəb və bəzəkli üslub.

Daha oxunaqlı və sürətli üslubların meydana gəlməsinə baxmayaraq Kufi xətti XII əsrə qədər əsas istifadə edilən üslub olaraq qaldı. Lakin Nəsx üslubunun inkişafı ilə Kufi xətti tədricən populyarlığını itirdi. Bununla belə, Kufi xətti tamamilə yox olmadı və müxtəlif dövrlərdə, xüsusən Məmlük dövründə yenidən canlandı. Hazırda isə incəsənət və sənətkarlıq sahələrində istifadə edilməkdədir.

Xəttatlıq sənətinin Azərbaycan mədəniyyətində yeri

Azərbaycanın mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilən xəttatlıq sənəti ölkəmizin müxtəlif bölgələrində geniş yayılıb. Orta əsrlərdə Azərbaycan ərazisində xəttatlıq rəssamlıqla sıx əlaqədə inkişaf edib. Əlyazma kitablarında nəsx, nəstəliq, təliq, şikəstə, süls, rəyhani, divani, ruqə, mühəqqiq kimi müxtəlif xətt üslublarından istifadə olunub. Xəttatların ən çox istifadə etdiyi yazı üslubları elmi əsərlərdə nəsx, incəsənətdə isə təliq üslubu olub.

XVI əsrdə Azərbaycanda xəttatlıq sənəti ilə yanaşı, xalçaçılıq da inkişaf edib. Bu dövrdə xalçaçılıqda xəttatlıq elementlərindən istifadə edərək, Quran ayələri, dualar və şeirlər xalçaların üzərinə işlənib. Bu cür xalçalar həm də mənəvi əhəmiyyətə malik olub, yüksək mədəniyyəti özündə birləşdirirdi. Şirvan, Quba və Təbriz xalçalarında xəttatlıq nümunələri geniş yayılıb və bu xalçalar həm Şərqdə, həm də Qərbdə böyük maraq doğurub.

Orta əsrlərdə Azərbaycanın tanınmış xəttatları arasında Qəzvinli Kişvəri, Məhəmməd Tahir Vəhid Qəzvini, Sadıq bəy Əfşar kimi şəxsiyyətlər yer alıb. XV-XVIII əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində tanınan bu xəttatların yazıları bu günə qədər qorunub saxlanılmaqdadır. Məsələn, Mahmud ibn Şahməhəmməd Ərdəbili 1591-ci ildə Məhəmməd Füzulinin “Divan”ını təliq xətti ilə köçürüb. Bu qiymətli nüsxə hazırda İstanbulda Topqapı Saray Muzeyində saxlanılır. Digər tərəfdən, Məhəmməd Rza Ərdəbili 1664-cü ildə Füzulinin “Leyli və Məcnun” poemasını nəstəliq xətti ilə köçürüb. Bu nüsxə isə Britaniya Milli Kitabxanasında qorunmaqdadır.

XIX-XX əsrlərdə xəttatlıq sənətinin ənənələri davam etdirilib və əlyazma kitablarda istifadə olunub. XIX əsrdə Mirzə Şəfi Vazeh xəttatlıq məktəbləri yaradaraq bu sahənin daha geniş yayılmasına təkan verib. Əbdülqəni Xalisəqarızadənin “Məcməül-xoş xətt” kitabı və Tiflisdə Əbdüssəlam Axundzadənin “Xətti-təliq və nəstəliq” dərslikləri bu sahənin inkişafında mühüm rol oynayıb.

Bu dövrdə xalçaçılıq sahəsində xəttatlıq daha geniş tətbiq olunub və “qətə” adlanan, zərli xətlə yazılmış Quran ayələri xalçaların bəzəyi kimi istifadə edilirdi. Bu xalçalar, həmçinin, varlı insanların evlərinin və məscidlərin ən qiymətli əşyaları arasında yer alırdı. Azərbaycanın şimal-qərb bölgəsində qəbir daşlarında xəttatlıq nümunələrinə rast gəlmək olar.

Sovet dövründə latın qrafikasına keçid xəttatlıq sənətinin tənəzzülünə səbəb olsa da, müasir dövrdə Seyfəddin Mənsimoğlu, Hacı Eldar Mikayılzadə kimi rəssamlar bu sənətə yenidən maraq göstərərək öz yaradıcılıqlarında geniş istifadə ediblər. Seyfəddin Mənsimoğlu əsasən xalça dizaynında xəttatlıq elementlərindən istifadə edərək ənənəvi sənətə yeni nəfəs verib. Təzəpir məscidinin bərpasında Hacı Eldar Mikayılzadə nəbati və islami naxışlarla bədii xəttatlığın sintezini yaradıb.

Göründüyü kimi, xəttatlıq sənəti Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olub və ölkənin tarixində mühüm izlər qoyub.

Süleyman İbrahimov

Paylaş:
205

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər