Azərbaycan nümayəndə heyəti Qarsdan Naxçıvan sərhədinədək dəmir yolunun tikintisi layihəsi ilə tanış olub
Qars-İqdır-Aralık-Dilucu dəmir yolu layihəsində aktiv tikinti işləri 2025-ci ilin aprel ayında başlayacaq və təxminən dörd il davam edəcək.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər 224 kilometr dəmir yolunun tikintisi layihəsinin icrası həvalə edilmiş Türkiyənin “Kalyon” tikinti şirkətinin nümayəndələri məlumat veriblər.
Bazar ertəsi, yanvarın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti layihə ilə tanış olub, infrastruktur layihəsinin tikinti sahələrindən birinə baş çəkib.
Nümayəndə heyətini İqdır vilayətinin valisi, Türkiyə Böyük Millət Məclisinin deputatları, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev, eləcə də Qarsda keçirilən “Qış təlimləri - 2025”də iştirak edən hərbi qulluqçular müşayiət ediblər.
Bildirilib ki, yeni dəmir yolunun böyük hissəsi Naxçıvan istiqamətində Qarsı İqdırla birləşdirən mövcud marşrut xəttinə paralel çəkiləcək. Tikinti layihəsinə ümumilikdə 3,5 minə yaxın türkiyəli mütəxəssis cəlb olunacaq.
Yeni dəmir yolu xətti boyunca geoloji işlər başa çatdırılıb və müvafiq hesabat hazırlanıb.
Layihəyə bir neçə stansiyanın, yoldəyişmə məntəqəsinin və yük terminalının tikintisi daxildir.
Regionun inkişafında yeni mərhələnin başlanması ilə əlamətdar olacaq nəqliyyat layihəsinin tezliklə başa çatdırılmasının vacibliyi qeyd edilib.