Daşgil palçıq vulkanları ətrafında ekoloji aksiya təşkil olunub

Aprelin 8-də Dövlət Turizm Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanlarının ətrafında ekoloji aksiya keçirilib.
1news.az xəbər verir ki, müvafiq qurumların əməkdaşlarının, turizm sənayesi və media nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı ilə təşkil olunan aksiya zamanı ərazi tullantılardan təmizlənib.
Qeyd edək ki, vulkanların təbii özünübərpa prosesi üçün tələb olunan zəruri müddət nəzərə alınaraq, mütəxəssislərin rəyi əsasında əraziyə giriş müvəqqəti dayandırılıb və burada informasiya, mühafizə köşkü fəaliyyətə başlayıb.
Daha sonra tədbir Palçıq Vulkanları Turizm Kompleksində davam etdirilib.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlar sırasındadır. Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün kompleks daxilində hərtərəfli şərait yaradılıb.
Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 663 459 nəfər (460 331 nəfəri xarici vətəndaş, 203 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib. Əvvəlki illərdən fərqli olaraq, 2024-cü ildə ziyarətçilərin təxminən 70 faizini əcnəbilər təşkil edib.
Bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub.
Qeyd edək ki, məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına sahibdirlər.
2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib.
2025-ci ilin ilk üç ayı ərzində isə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini, o cümlədən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Dövlət Rəsm Qalereyası, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix Diyarşünaslıq Muzeyi, “Diri baba” türbəsi və Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 123 761 xarici, 30 430 yerli turist bilet alaraq ziyarət edib.
2025-ci ilin birinci rübünün bu göstəriciləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, ümumi turistlərin sayında 73 faiz, sadəcə xarici turistlərin sayında isə 99 faiz artım deməkdir.













