Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur

19:30 - 16 / 04 / 2025
Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra ilk xarici səfərini ölkəmizə etməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə tutulur.

Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar: “Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”.

Cənab Prezident onu da qeyd edib ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Proseslər göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Qonşu ölkənin Prezidenti Mixeil Kavelaşvilinin də dediyi kimi, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar.

Deputat qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. “Bütövlükdə, Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir”,-deyə millət vəkili vurğulayıb.

Paylaş:
317

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər