AMB dayanıqlı maliyyə təşəbbüsləri üzrə görüləcək işləri açıqlayıb

Ötən il Azərbaycanda dayanıqlı maliyyə təşəbbüsünün inkişaf strategiyası üzrə icra vəziyyəti məlum olub.
Bu barədə 1news.az Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.
Belə ki, dayanıqlı maliyyə təşəbbüsləri ilə bağlı strategiyanın plan üzrə icra olunan fəaliyyət istiqamətləri 76,9 faiz, gecikən fəaliyyət istiqamətləri isə 23,1 faiz olub.
Bu sektorda əsas nailiyyətlər kimi “Dayanıqlı Maliyyə Prinsipləri”, “Banklarda ekoloji risklərin idarə edilməsi üzrə Təlimat”, eləcə də, “Yaşıl Taksonomiyanın” təsdiq edilməsi, həmçinin Beynəlxalq Valyuta Fondu ilə birgə Azərbaycanın maliyyə sektorunda keçid risklərinin qiymətləndirilməsi və uyğunlaşmaya yönəlmiş ilk birgə texniki yardım missiyasının başa çatdırılması göstərilib.
Dayanıqlı maliyyə təşəbbüsləri üzrə görüləcək addımlar kimi isə bu sektor üzrə əlverişli mühitin formalaşdırılması istiqamətində hökumətin yaşıl suveren istiqraz buraxılışı təşəbbüslərinin dəstəkənməsi, iqlim və ESİ (Ekoloji, Sosial və İdarəetmə) amillərinin risklərin idarə edilməsi sisteminə inteqrasiyası, maliyyə bazarlarında şəffaflıq və bazar intizamının təmin ediməsi məqsədilə iqlim və ESİ risklərinin açıqlanması üzrə əsas meyarların və əmsalların müəyyənləşdirilərək tənzimləyici çərçivəyə inteqrasiya edilməsi, həmçinin maliyyə institutları tərəfindən bu risklərə dair məlumatların dövrü əsasda açıqlanması müəyyənləşdirilib.
Dayanıqlı maliyyə təşəbbüsləri üzrə gecikən fəaliyyət istiqamətlərinə yaşıl və dayanıqlı maliyyə alətləri bazarının inkişafı üzrə əlverişli hüquqi və tənziməyici mühitin formalaşdırlıması, iqlim və ESİ riskərinin açıqlanması üzrə əsas meyarların, habelə əmsalların müəyyənləşdirilməsi və tənzimləyici çərçivəyə inteqrasiya edilməsi, eləcə də maliyyə institutları tərəfindən iqlim və ESİ riskləri üzrə məlumatların dövrü əsasda açıqlanması daxil edilib.
Qeyd edək ki, 2024-cü ili yanvarın 26-da Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub.
Strategiyada ESİ (ekoloji, sosial və idarəetmə) və dayanıqlı maliyyə meyarlarının maliyyə xidmətlərinə inteqrasiyası, rəqəmsal maliyyə həllərinin inkişafı, bu sahədə innovasiyaların geniş miqyasda təşviqi və kibertəhlükəsizliyin gücləndirilməsi təşəbbüsləri də əhatə olunub.
Bundan əlavə, maliyyə sektorunda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin daha da artırılması, habelə, cəmiyyətdə maliyyə biliklərinin və əlçatanlığının təşviqi kimi fundamental məsələlər strategiyada öz əksini tapıb.