Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

Qafar Ağayev17:46 - Bu gün
Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görüşü və Turizm Nazirlərinin 4-cü iclasında Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

1news.az xəbər verir ki, tədbirdə çıxış edən Kənan Quluzadə iqtisadiyyatın əsas sahələrindən biri kimi turizmin inkişafına dövlət tərəfindən diqqət ayrıldığını qeyd edərək ölkəmizin son illərdə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

O, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi nəticəsində COP tədbirləri tarixində ilk dəfə turizm mövzusunun iqlim danışıqlarının əsas gündəliyinə salınması, indiyədək 70-dən çox ölkənin tərəfdar çıxdığı “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” haqqında məlumat verərək D-8 təşkilatının üzvlərini bəyannaməyə qoşulmağa çağırıb.

Kənan Quluzadə, həmçinin Azərbaycanın 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakı şəhərində keçiriləcək 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. Sədr müşaviri qeyd edib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində üzv ölkələrlə turizm əlaqələrinin inkişafına töhfə verməyə hazırdır.

İclasın sonunda üzv ölkələr arasında turizm sahəsində qarşılıqlı əməkdaşlıq və regional inkişaf sahəsində yeni imkanlar yaratmağı nəzərdə tutan “D-8 Turizm Əməkdaşlığı 2025 üzrə Qahirə Bəyannaməsi” qəbul edilib və Türkiyənin Antalya şəhəri 2025-ci il üçün təşkilatın turizm şəhəri seçilib.

Qeyd edək ki, 2025-ci ilin ilk rübündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən Azərbaycana 160 mindən çox xarici ziyarətçi gəlib

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər