“İlham Əliyevin Çinlə bağlı fikirləri iki ölkə arasında geniş əməkdaşlıq perspektivlərindən xəbər verir”

“Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda ölkənin hazırkı siyasi gündəmini, gələcək perspektivləri və beynəlxalq münasibətlər sistemində qarşılıqlı şəkildə fəaliyyət göstərdiyimiz digər aktorlarla münasibətimizi qiymətləndirdi”.
Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Prezidentin çıxışı Azərbaycanın dövlətçilik tarixinin yeni və ən təsirli mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi:
“Azərbaycan təkcə qlobal çağırışlara uyğunlaşmır, eyni zamanda yeni dünya düzənində aktiv şəkildə iştirak edir, öz təşəbbüsləri ilə gündəm formalaşdırır”.
"Azərbaycanın yaratdığı və son 5 ildə aktual olan yeni iqtisadi və tərəfdaşlıq gündəmlərindən biri Zəngəzur dəhlizidir. Son illərdə regional və qlobal əhəmiyyət kəsb edən bu layihə, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü kontekstində, dünya iqtisadiyyatının ağırlıq mərkəzi hesab edilən Çin üçün də yeni perspektivlər yaradır" - deyə deputat əlavə edib:
“Ona görə də Zəngəzur dəhlizindən danışanda yalnız Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, həm də Çindən Londona qədər uzanan iqtisadi, strateji vektordan və bu vektor boyunca yerləşən dövlətlərin maraqlarından danışılmalıdır”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev çıxışı zamanı Çin-Azərbaycan münasibətlərinə xüsusi yer ayırıb:
“Dövlət başçımız bu əlaqələrin təkcə yükdaşımalar üzrə deyil, həm də yaradılacaq yaşıl dəhliz sektoru üzrə də Çinlə yaxın tərəfdaş olduğumuzu dilə gətirdi. Xüsusilə 2025-ci ilin aprelində imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi bu münasibətlərin real nəticələr verdiyini göstərir. Artıq Azərbaycana Çin sərmayəsi və texnologiyaları daxil olur”.
H.Babaoğlu vurğulayıb ki, iki ölkə arasında viza rejiminin ləğvi də əməkdaşlığa müsbət təsir göstərir:
“Azərbaycan və Çin vətəndaşları qarşılıqlı olaraq vizasız səfər imkanına malikdirlər. Bunun özü artıq iqtisadi canlanma yaradacaq mühüm hadisədir. Mənim fikrimcə, Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışında Çinə dair səsləndirdiyi fikirlər hər iki ölkənin gələcək əməkdaşlıq niyyətlərinin miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoyur”.
Qeyd edək ki, iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.