Netanyahudan Makronun Fələstini tanıma qərarına REAKSİYA

Fransa Prezidenti Emmanuel Makronun ölkəsinin Fələstin dövlətini tanımaq qərarını açıqlamasından sonra İsraildə həm iqtidar, həm də müxalifət tərəfindən sərt reaksiyalar gəlib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu rəsmi bəyanat yayaraq Makronun bu addımını "qətiyyətlə qınadığını" bildirib. Onun sözlərinə görə, Fələstin dövləti bölgədə sülhə xidmət etməyəcək, əksinə, İranın daha bir "vasitəçi dövləti"nə çevrilə bilər.
"Tel-Əvivin yaxınlığında Fələstin dövlətinin yaradılmasını tanımaq qərarı, Qəzzada olduğu kimi, İranın yeni bir forpostunun meydana gəlməsi riskini daşıyır", – deyə Netanyahu bildirib.
O, əlavə edib ki, Fələstin dövləti İsraillə yanaşı sülh içində yaşamaq üçün deyil, onu məhv etmək üçün başlanğıc nöqtəsi rolunu oynayacaq:
"Açıq danışaq – fələstinlilər İsrailin yanında yox, onun yerində bir dövlət istəyirlər."
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron, Fələstin dövlətini tanımaq qərarı verdiyini və sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında bu barədə rəsmi açıqlama verəcəyini bildirib. Bu qərar beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.