İstanbulda Castin Timberleykin konsertində terror təhlükəsinin qarşısı alınıb

ABŞ-nin dünya şöhrətli müğənnisi Castin Timberleyk 11 ildən sonra İstanbul Texniki Universitetinin (İTÜ) stadionunda səhnəyə çıxıb.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, konsert zamanı terror aktının planlaşdırıldığı, lakin İstanbul polisinin vaxtında müdaxiləsi ilə böyük bir faciənin qarşısının alındığı bildirilib.
Qremmi və Emmi mükafatlı sənətçi 2025-ci il dünya turnesi çərçivəsində İstanbulda musiqisevərlərlə görüşüb. On minlərlə tamaşaçının izlədiyi konsertdən əvvəl gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Tədbirdə 1000 çevik polis əməkdaşı ilə yanaşı, minlərlə mülki polis və Terrorla Mübarizə İdarəsinin əməkdaşları da ərazidə xidmət aparıb.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan təhlükəsizlik tədbirləri fonunda İstanbul Emniyyətinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində potensial terror təhlükəsinin qarşısı alınıb. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumat verməyib.