“Yada sal məni”dən bu günə: Mübariz Tağıyevin sənət və həyat yoluna səyahət - VİDEOMÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Yada sal məni”dən bu günə: Mübariz Tağıyevin sənət və həyat yoluna səyahət - VİDEOMÜSAHİBƏ

Ayşən Salehli10:30 - Bu gün
“Yada sal məni”dən bu günə: Mübariz Tağıyevin sənət və həyat yoluna səyahət - VİDEOMÜSAHİBƏ

Bəzi nəğmələr var ki, səsləndiyi anda insanlar istər-istəməz ifaçıya qoşularaq zümzümə etməyə başlayırlar.

Bu, həm ifaçının səmimiyyətinin, həm də onu ərsəyə gətirən müəlliflərin sənətkarlığının göstəricisidir. Lakin elə nəğmələr də var ki, səsləndiyi zaman dodaqlar susur, qəlblər danışmağa başlayır. Çünki bu nəğmələr hissləri oyadır, ruhu dilə gətirir.

Budəfəki müsahibimiz Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyevdir. Onun yaradıcılığı da məhz belə nəğmələrlə zəngindir. Mübariz Tağıyev ürəkləri titrədən lətafətli səsi, musiqi biliyi və dəruni duyğularla yoğrulmuş ifaları ilə həm sənət zirvəsini, həm də qəlbləri fəth edib.

- Sizin iki müsahibənizi izləmişdim. Birində çox əyləncəli bir insan olduğunuzu gördüm, gülərək izlədim. Uşaqlıq, gənclik və İrəvan xatirələrinizi danışdığınız digər müsahibədə isə gözlərim doldu. Gəlin sizi öz dilinizdən tanıyaq. Əslində Mübariz Tağıyev kimdir və necə insandır?

- Mən Mübariz Tağıyev Hüseyn oğlu 1948-ci ildə qədim şəhərimiz İrəvanda anadan olmuşam. Orta və ali təhsilimi orada almışam. Bir müsabiqədən sonra Ermənistan dövlət estrada orkestrına dəvət olundum. O dünyamiqyaslı bir kollektiv idi. Uzun müddət də orada işlədim. Dünyanın yarısından çoxunu gəzdim. Bu da mənim tarixçəmdir. Ancaq gənclik illərim o vaxtlar dəbdə olan rok aləmi ilə bağlı olub. Uşaqlıq illərimizdə maqnitofon yox idi, əvəzinə böyük vallar var idi. Gedib studiyalardan rok aləminin dəbdə olan ulduzlarını alıb gətirirdik. Böyrək, qabırğa şəkilləri olan rentgen plyonkaları gətirib onun üstünə vururduq və qulaq asırdıq. Gənclik illərində başa düşdüm ki, estrada müğənnisi birbaşa oxu tərzi ilə seçilir. Atam kaman ustası idi. Mənə musiqinin müəyyən incəliklərini deyəndə söhbətin nədən getdiyini anlayırdım. Amma o istəyirdi ki, mən də kaman istiqamətinə gedim. Bu istiqamət isə mənlik deyildi. Estrada aləmi məni özünə cəlb edirdi. O illərdə püxtələşə-püxtələşə gəlirdim. Sonra getdim əsgərliyə...

- Orada da çox maraqlı xatirələriniz olub...

- Maraqlısı o idi ki, 26 yaşımda əsgərlik xidmətinə getmişəm. O illərdə sənət adamlarına “bron” verirdilər ki, müəyyən müddətə kimi burada qalsın, sonra da nə alınar, alınar. Mən gedib Tbilisiyə düşdüm. Başladım oranın xorunda oxumağa. Dirijor da gülürdü ki, sən estrada oxuyansan, burada necə işləyəcəksən? Yan tərəfdə bir leytenant oturmuşdu. Diqqətlə bizə baxırdı. Əli ilə işarə edib məni çağırdı. Dedi, Həştərxanda bir qornizon var. Gedək 700 yerli klubun açarını sənə verim, get özünə kollektiv yığ, işlə. Elə də oldu. Orada bədnam qonşularımızdan da, gürcülərdən də, bizimkilərdən də adamlar var idi. Ad günü və bayramlarda konsert verirdik. Axıra yaxın bir teleqram gəldi ki, Rəşid Behbudov məni teatrına dəvət edir. Bu mənə qəribə gəldi. Sonra yadıma düşdü ki, Rəşid Behbudov vaxti ikən o orkestrda işləyib. Xidmətim bitəndə məni zurna, nağara ilə yola saldılar ki, həmişəlik getmə, arada gəlib bizi də gör. Sən demə, Rafiq Babayev qardaşımı yolda görüb. Deyib ki, Mübariz haqqında söhbət gedir. Birbaşa buraya gəlsin. Bu söhbətdən sonra ailəm İrəvanda evi satıb Bakıya köçdü. Başlanğıc belə oldu. Bu dahi insanla 20 il bir yerdə oldum. O bir akademiya, yüksək səviyyəli bir məktəb idi. Sadəcə kulis arxasında oturub Rəşid Behbudovun səhnədəki davranışlarına baxmaq belə böyük məktəb idi.

- Rəşid Behbudovdan söhbət düşmüşkən, bildiyimiz qədər “Quran”a əl basıb and içmisiniz ki, mən toylara getməyəcəm. Sizin qarşınıza elə bir seçim qoyub ki, ya toylar, ya da ki sənət. Siz də sənəti seçmisiniz. Amma həyatınızda bir dəfə bu andı pozmağa cəhd etmisiniz, alınmayıb...

- Ruhəngiz Qasımova mənə 8 mahnı gətirdi ki, Mübariz, bunları sən oxu. Dedim, oxuyum da. 8 mahnını da yazdım. Birdən Rəşid müəllim otağa çağırdı ki, mən eşitmişəm, belə hərəkətlər edirsiniz. Mənsiz bunu etməyin. Biz bu gün buradayıq, amma bir ayağımız qastrollardadır. Sən bunu yazdırmısan, sonra da çəkilməlisən. Biz birigün İsveçrəyə gedirik. Bəs fikirləşmisən ki, bu necə olacaq? Dedim, fikirləşməmişəm. Sadəcə mahnı xoşuma gəldi, oxudum. Heç çəkiliş barəsində fikirləşməmişəm. Dedi, fikirləşməzsən də. Axırda da dedi ki, bu teatrın öz qayda-qanunları var. Toy, restoran, belə işlər teatrlıq deyil. Ya sənətlə məşğul olmalısan, ya da özünə ayrı yol axtar. Dedim, ay Rəşid müəllim, gənclik illərimdə restoranda oxumuşam, ancaq o restoran deyildi, xarici qonaqlar üçün olan proqram idi. Dedi, bilirsən, oğul. Hər şəhərin öz qayda-qanunları var. Burada toya getmək qəbahət deyil, ancaq bizim işlə uyğun gəlmir. Ruhəngiz xanıma dedim, məndən incimə. O da Cavan Zeynallı və Flora xanıma verdi. Rəhmətlik Rafiq Babayevlə çox yaxın, ailəvi dost olduq. Dedi ki, belə məqamlar o qədər olacaq ki, sən təsəvvürünə gətirmirsən. Bu söhbətdən sonra seyfdən balaca bir “Quran” çıxartdı, dedi, əlini qoy üstünə. Dedim, ay Rəşid müəllim, mən namaz qılan deyiləm. Dedi, elə bilirsən, mən qılıram? Dedi, həyatda bir qorxu bundandır. Əlimi qoydum üstünə. And içdim. Uzun illər keçdi üstündən. 90-cı illərin əvvəlləri idi. Vəziyyət çox ağır idi. Rafiq Babayev dedi ki, bir toy var, mənə deyiblər ki, Mübariz gəlib 1-2 mahnı oxusun. Dedim, gəlməyəcəm. Dedi, ailən, uşağın var. Vəziyyət pisdir. Gəlib oxuyarsan. Məni birtəhər razı saldı. Gəlib səhnəyə çıxdım. Gördüm biri içir, biri gülür, biri elə oturub, biri belə. Dedim, mən belə şeylərə öyrəşməmişəm. Mikrofonu yerə qoydum, dedim, Rafiq, məndən incimə, birini göndərərəm, gəlib yola verər. Dedi, sən dəlisən? Belə dolana bilməyəcəksən. Dedim, ay Rafiq, mən Rəşid müəllimə söz vermişəm, yaxşı deyil. Dedi, o sözü mən də vermişəm. Ancaq heç kəs fikirləşmirdi ki, müharibə olacaq.

- Rəşid Behbudovdan danışdınız, xatirələrinizi bölüşdünüz. Bəs niyə hazırda ikinci Rəşid Behbudov yoxdur? Niyə elə insanlar yenidən gəlmir? Zövqlər niyə korlanıb? Həqiqətən də, insanlar zövqsüzləşib?

- Mən belə düşünmürəm. Ola bilər ki, gələcəkdə Rəşid Behbudovdan da yaxşı kimsə gələcək. Hər dahi insan bir dəfə gəlir həyata. Min ildən bir gəlir. Onun kopyasını çıxarmaq asandır, ancaq yeriyişini yeriyə bilməzlər. Hər adamın öz yüksəkliyi olmalıdır. Yadımdadır ki, 70-ci illərdə dedik ki, bayağı mahnıları yığın. Elə dedik-dedik, bu günə kimi hələ də yığa bilməmişik. Çünki hər kəsin öz zövqü var, onu yığa bilməyəcəyik, alınmayacaq. Bir dəfə bir söz işlətdim. Dedim ki, bayağı mahnını sevən insanı simfonik orkestrın konsertinə aparın, 10 dəqiqədən sonra təcili yardım çağırın ki, onu aparsınlar. Yaxud cazla bağlı bir konsertə aparın, görün nə günə düşəcək. Eyni vəziyyətdə də gözəl musiqini sevən bir adamı bayağı mahnılar oxunan bir konsertə apar. Birincisi, getməz, ikincisi, getsə də, eyni vəziyyət onda da yaranacaq.

Mən axır vaxtlar baxıram ki, meyxanaçılara gözəl kostyumlar geyindirib kəpənəklər bağlayırlar. Məgər bununla hər şey həll olunur? Meyxananın özü də bədahətən deyilən bir şeydir. Hər adamda bu yoxdur. Allah vergisi olan insanlardır. Onları da gözəl bir formaya salmaq lazımdır. Yoxsa bir-birinə ağzına gələni desin, yox. Mən çox istəyərdim ki, Azərbaycanda həm aşıq sənəti, həm də meyxana sənəti yaxşı olsun. Aşıq sənəti bizim kökümüzdür. Gətirib nə vəziyyətə çıxardılar ki, bu insanlar 1-2 qəpik qazamaq, ailəsini dolandırmaq üçün səviyyəsiz restoranlara, 3-4 masası olan yerlərə gedirlər. Nə isə. Bədbin notlara girməyək. Klassik, caz musiqi istiqamətində böyük uğurlar var. Biz deyirdik ki, Rafiq getdi, Vaqif getdi. Nə olacaq? Görürsünüzmü? Gənc nəsil gəlir. Ona görə də Azərbaycan musiqisi yaşayacaq! Allah Üzeyir bəyə də qəni-qəni rəhmət eləsin! Ruhu şad olsun ki, miras qoyduğu bu yol yaxşı əllərdədir. Dediyimiz balaca-balaca problemlər gəlib-gedən məsələlərdir. Əsas odur ki, dəryalar olan muğamımızı itirməyək. Çünki bütün sahələr bununla bağlıdır. Bir də ki, Allah vergisi olan insanlara kömək etmək lazımdır. Onlar köməksiz olurlar. Heç bir şey istəmirlər, başlarını aşağı salıb öz işləri ilə məşğul olurlar. Qalanlar orada-burada, ekranlarda olurlar, onlar özlərinə yol tapacaqlar.

- Sizin də dediyiniz kimi bir az pozitiv notlara köklənək. Sizin çox gözəl mahnılarınız var: “Ovuc içi qədər xoşbəxtlik yetər”, “Yada sal məni”, “Sən gələndə” və s. Bu mahnılar hazırda sosial şəbəkələrdə “Trend”dir və gənclərin ən sevimli mahnılarına çevrilib. Sizcə, bunun sirri, tilsimi nədədir?

- Üç dəqiqəlik mahnı həm bəstəkar, həm şair, həm də aranjiman tərəfdən harmoniya təşkil etməlidir. Ancaq axırda bunu ifaçı təqdim edir. Əgər məndə səmimilik, intonasiyalarda düzgün vurğular yoxdursa, o heç vaxt çatmayacaq. Tələbələrimə deyirəm, “sevirəm səni” de. Deyir, sevirəm də. Zəhrimar sənə sevirsən. Belə sevmək olur? Deyir, ay Mübariz müəllim, mən hələ sevməmişəm axı. Dedim, bəs sən sənət aləminə gəlmək istəyirsən. Sən onu çatdırmalısan. Tamaşaçı dediyin hər bir sözə inanmalıdır. Yalana da inanmalıdır. Hərdən soruşurlar ki, ay Mübariz müəllim, siz bunu yaşamısınız? Deyirəm, ay oğlum, ay qızım, həyatda hər bir şey olur. Mən onu yaşamasam da, mahnıda yaşamışam.

- Mahnılarınızdan danışdıq. “Yada sal məni” mahnınızın “Youtube”da yerləşən klipində belə bir rəy görmüşdüm: “Yoldaşım şəhid olanda əşyaları qayıtdı. Onların içində də telefonu... Telefonu bir az qurdaladım ki, bəlkə mənə nə isə yazıb qoyub. Heç nə tapa bilmədim. Bir neçə gün sonra mahnı siyahısında təkcə bu mahnını tapdım. Təkcə bu var idi... Sanki hiss eləmişdi şəhid olacağını və mənə ondan bir bu mahnı qaldı, bir də körpəmiz”. Düzdür, vətənpərvər mahnılar oxuyursunuz, amma bu mahnı xüsusən qəlblərə yol tapıb. Əsasən də şəhid ailələri və şəhid xanımları bu mahnı ilə sanki təsəlli tapırlar. Bu cür rəyləri görəndə nə düşünürsünüz, nə hiss edirsiniz?

- Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin! Qazilərimizə can sağlığı versin! Onların analarına can sağlığı versin! Uzun ömür arzulayıram. Onların balaları xoş gün görsün. Görəcək də. Kim fikirləşərdi ki, Cəbrayıla, Ağdama qayıdacaqlar? Bütün zəbt olunmuş yerlərdə yeni-yeni qəsəbələr , evlər tikilir. Buna baxanda adam yaşamaq istəyir. Evlərini tərk edib gedən insanlar sevinə-sevinə oraya geri qayıdırlar, torpağı öpürlər ki, biz bu torpaqda böyümüşük. Şəhidlik elə bir zirvədir ki, əlçatmazdır. İstəsən də, güllə qabağında dayansan da, səni tutmayacaq.

Rafiq Babayevin yaratdığı “Cəngi” ansamblı ilə qarnizondan əsgərləri cəbhəyə yola salırdıq. Bir oğlan var idi, əlində bayraq bizə kömək edirdi. Yola saldıq. Həftəsonu oldu. Dedim, o oğlan haradadır? Gəlib kömək etsin! Gənc leytenant var idi. Gördüm üzünün cizgiləri dəyişdi. Dedi, o şəhid olub. Mən nə vəziyyətə düşdüm... Konserti birtəhər, titrəyə-titrəyə yola verdik. Eldar Mansurovla başqa bir mahnı işləyirdik. Gəldim Eldargilə. Gördüm ki, şair Piruz Dilənçi əyləşib. Bu oğlanı onlara da danışdım. Piruz dedi ki, bir şeirə bax. Birinci, ikinci sətirlərdən hiss etdim ki, bunlar öz-özünə yaranan bir şey deyil. Bax “Yada sal məni” mahnısı belə yaranıb.

Azərbaycan musiqisində öz imzası olan böyük sənətkarımızın yaradıcılığına və ruhuna daha dərin səyahət etmək üçün 1news.az-ın hazırladığı müsahibəni izləyə bilərsiniz:

FOTO - VİDEO - Nadir İbrahimli

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər