Kövrələn Seyran Səxavət - 80 yaşın xatirələri: Fuad Poladovun təsəlli tapdığı pəncərə və dil müharibəsi - VİDEO
Uzun illər öncə duyğularla dolu bir qəlbdən təsirli bir sevgi şeiri doğuldu.
O şeir ki, dünyaya göz açdığı anda dil açdı, neçə-neçə sevginin, sevən ürəklərin şüarına çevrildi:
Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim!
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim.
Sanki hər kəsin hiss etdiyini o qələmə almışdı. Şübhəsiz ki, söhbət bu və digər dəyərli misraların müəllifi olan Seyran Səxavətdən gedir. Həyatını sözə və onun sehrinə həsr edən bu qocaman sənətkar şair, yazıçı, dramaturq, publisist və tərcüməçi kimi ədəbiyyatımızda özünəməxsus iz qoyub.
1946-cı ilin bir yaz günündə dünyaya göz açan sənətkarla 80 yaşının astanasında görüşdük. Gümrah görkəmi ilə qarşımızda dayanan şairin yalnız duruşu deyil, ürəyi də illərin ağırlığına boyun əyməmiş, ruhunun qəddi əyilməmişdi. Bəzən güldü, bəzən kövrəldi, bəzən düşündü, çox vaxt isə düşündürdü.
1news.az bu dəfə Seyran Səxavətin ömür yoluna, xatirələri və sözə çevrilən duyğularına işıq tutacaq.
- İlk olaraq elə bu sualınla başlamaq istəyirəm ki, müsahibə razılıq verəndə yaxşı mənada belə bir şərt qoydunuz ki, yaxşı suallar olsa razılıq verərəm. Seyran Səxavət indiyə qədər hansı sual eşitmək istəyib, amma heç kəs o sualı verməyə cəsarət etməyib?
- Söhbətimizin o birinci məsələsinə gəlim. Ona görə dedim ki, yeni suallar olsun. Əvvəla, hamı istəyər yeni sual olsun. Bunu deyəndə həm də xatırlatmışdım ki, indiyə qədər 7500-dən çox intervü vermişəm, bəlkə məndən çox intervü verən olmayıb. 100 dəfə soruşsan ki, sən kimsən, deyəcəyəm ki, Seyranam. Ona görə dedim ki, təzə suallar olsun. O mənada dedim. Mən bilsəydim ki, hansı sualı eşitmək istəyirəm, sizi niyə gözləyirdim, özüm-özümə verərdim. Onu mən həmişə qarşı tərəfdən gözləmişəm. Mən onsuz da başdan-ayağa sual işarəsindən ibarətəm.
Mənə elə gəlir ki, Allah insanı bir az da sual işarəsi kimi yaradıb. Bu uzunömürlülərə aiddir. Yəqin sizdə də görmüsünüz, yaşlı adamlar əyilib sual işarəsinə oxşayırlar. Bəkə də, bu onunla əlaqədardır ki, insan elə ömür boyu sualların ətrafında doğulur, sualların ətrafında yaşayır, sualların ətrafında da suallara əl edərək “əlvida” deyib çıxıb gedir. Bəkə də, o məntiqlə yaşa dolmuş insanların əksəriyyəti sual işarəsinə oxşayır.
- Ümumiyyətlə, müsahibələrdə sizi nə rahat edir? Zəif sual eşitmək, yoxsa güclü sual qarşısında səhti cavab vermək qorxusu?
- Mənim belə bir qorxum yoxdur. Çünki artıq bu yaşda, bu təcrübədə mən artıq qorxub qurtarmışam. Artıq mənim qorxu limitim sıfırlanıb. Əksinə mən gözlənilməz sualları xoşlayıram. İnsanın beynində 2 milyarda qədər hüceyrə var. Deməli, insan ən azı 2 milyard suala cavab vermək iqtidarındadır. Əlbəttə, söhbət şüuru sıfırdan yuxarı olan insanlardan gedir.
- Bir müsahibənizdə belə bir fikir səsləndirmişdiniz ki, dağlar uçsun, altında qalım, şəhər uçsun, altında qalım, amma söz altında qalmayım. Sizcə, yazıçı hansı anlarda sözə uduza bilir?
- Yazıçılar da müxtəlif cür olurlar. Çox təəssüf ki, belədir. Orta yazıçı var, ortadan aşağı yazıçı var, bir də təpədən dırnağa yazıçı var. Məsələn, Azərbaycan miqyasında götürsək, Yusif Səmədoğlu kimi. Gürcüstandan Nodar Dumbadze, Almaniyadan çox adamın tanımadığı Nobel laureatlarından geri qalmayan Ziqfrid Lenz kimi. Əsl yazıçı heç vaxt sözə uduzmur. Həmişə söz yazıçıya uduzdur. Yazıçı sözə uduzursa, deməli, o yazıçı deyil, zəifdir. Elə yazıçı ondan ötrüdür ki, sözü təsbeh kimi əlində fırlada bilsin, sözün başına oyun açsın, sözü qara qul kimi kimi işlətsin. Bayaq sadaladığım və sadalamadığım yazıçılar kimi. Sözə uduzursansa, hiss edirsən ki, sən sözə uduzmusan, gərək qələmi həmişəlik yerə qoyasan. Gedib başqa işlə məşğul olasan. Sözə uduzmaq olmaz, amma sözə uduzmamaq üçün də mühtəşəm bir Allah vergisi olmalıdır. Və Allah vergi verdiyi adamları dəstəkləyir. Elə birinci o vergini verməklə dəstəkləyir. Çox maraqlı sual oldu. Xoşum gəldi. Təşəkkür edirəm.
- Növbəti sualım dostlarınızla bağlıdır. Bilirik ki, mərhum sənətkarımız Fuad Poladovla da yaxın dost olmusunuz. Həm də qonşuluq münasibətiniz də olub. Və onun sizinlə bağlı belə bir fikri var: “Ən ağır, dözülməz və mənəvi sıxıntılar yaşadığım anlarda onun pəncərəsinə baxıb təsəlli alıram. Seyran mənim dostumdur. Bu sözləri söyləyəndə sevinc və qürur hissi keçirirəm”. Ümumiyyətlə, bir insan üçün mənəvi dayaq nöqtəsi olmaq, onun təsəlli tapdığı o pəncərəyə çevrilmək necə bir hissdir?
- (Kövrəlir-red.). Adam bunu sən dediyin məqamda və sən dediyin məkanda o saat hiss etmir. Mən o sözü Fuad dilinə gətirənə qədər heç hiss etməmişəm. Baxmayaraq ki, mən həssas adamam, həssaslar qrupuna aidəm, ancaq hiss etməmişəm. Amma adamı nə isə bir meh vururdu. Nə olduğunu bilmirdim, sən demə, bu imiş. Fuad onu dilinə gətirəndən sonra... Fuadik... (kövrəlir-red.). Bildim ki, mən lazımam. Adam biləndə ki, lazımam, bir az özünü dartır, bir az yeriyişi dəyişir. Bu böyük stimuldur. Qızım, Allah onu bütün gözəl insanlara qismət etsin. İnsan, özü də Fuad nəhənglikdə bir insan mənə güvənirsə, gör mən nəyəm. Belə çıxır, özümü demirəm. Biləndə və yaxud duyanda ki, sənə güvənənlər var, o güvənənlərin hamısının neçə qatı boyda sənə güc gəlir. Özü də güvənməyin də müxtəlif növləri var. Biri var, güvənirsən ki, gedəcəm, filankəsə deyəcəm ki, mənə 10 min pul ver, o da verəcək. O məişət güvənməyidir. Biri də var ki, mənəvi cəhətdən güvənirsən ki, ən ağır vaxtında, Fuad deyən kimi, pəncərə var, o pəncərəyə baxacağam və orada özümə uyğun bir adamın yaşadığını görəndə dünyanı vecimə almayacağam. Bax, bu güvənməkdir, qızım, ilahi bir güvənmək. Mən arzu edirəm, Allah bunu hamıya qismət etsin!
- “İnsan həvəsi öləndə ölür”. Belə bir fikriniz var. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında həvəsi nə öldürür və yaxud diri saxlayır?
- Bunun cavabı konkretdir, mən də konkret cavab verəcəyəm. Dediniz ki, Azərbaycan ədəbiyyatında həvəsi nə öldürür? Əgər o həvəs anadan gəlmədirsə, süni və saxta deyilsə, o həvəsi heç kəs öldürə bilməz. O həvəs sahibindən də, bəlkə, min il sonra ölür, bəlkə də, heç ölmür. Əslində yaşayış, həyat, kainat, dünya, qalaktika - hamısı həvəsdir. Həvəs qurtaranda, deməli, sən ondan da hələ neçə vaxt qabaq qurtarmısan, sadəcə xəbərin olmayıb. Hər şey həvəslədir, xırda şeylərdə, böyük şeylərdə.
- Sizin fikrinizə istinadən belə bir sual yarandı məndə. Deyirsiniz ki, həvəs insanda əvvəldən olmalıdır və o həvəsi heç nə öldürə bilməz. Məsələn, mən söhbət əsnasında Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını xatırladım. Belə bir fikir var idi ki, o ömrünün son illərində əl yazmalarını yandırmaq məcburiyyətində qalırdı. Artıq əsəbləri o qədər korlanmışdı. Çünki ətrafındakı insanlar onu başa düşmürdü, yazdıqlarını anlamırdı. Bəs o həvəsi necə diri saxlamaq olar? Necə etmək olar ki, Cəlil Məmmədquluzadə kimi hazırda yazanlar əsərlərini yandırmaq məcburiyyətində qalmasınlar?
- Həvəs o qədər böyük bir anlamdır, böyük bir güc və nüvədir ki, insan onu saxlamaq iqtidarında deyil. Ən azı ona görə ki, insanın özünü həvəs saxlayırsa, həvəs qoruyursa, həvəs bəsləyirsə, həvəs güc verirsə, insan həvəsə neyləyə bilər? Heç nə. Elə bil ki həvəs müdrik bir insandır. İnsan da təzə dil açmış körpədir. O dil açmış körpə 45 yaşında müdrikə nə edə bilərsə, insan da həvəsi o cür qoruyub saxlaya bilər. Həvəsi qorumaq mümkün deyil. Həvəs ərazi deyil, onu qoruyasan. Həvəs ad deyil, adını qoruyasan. Həvəs şərəf də deyil, şərəfini qoruyasan. Bunların hamısı həvəsin törəmələridir. Həvəs olmasa, bunların heç biri olmaz.
- Siz ədəbiyyat dünyasının tanınmış insanlarından birisiniz. Həm də Azərbaycan dilinin təəssübkeşisiniz. Belə bir fikir səsləndirmisiniz ki, dilimiz hazırda reanimasiya vəziyyətindədir. Bu əslində dilimizlə bağlı ciddi bir xəbərdarlıqdır. Dilimizə bu diaqnozu qoyduran səbəblər hansılardır? Efirlər və sosial şəbəkələrmi, mütaliə azlığımı, türk-rus və s. dillərə meyli etməkmi? Bunu nə ilə əlaqələndirərdiniz?
- Sizin bu sualınızda təxminən cavab da var. Axırda saydığın filan, filan, filan, filanlardırmı? Onların hamısıdır. Amma arasında qabaqda gedən “lider” var. Bəli, demişəm ki, Azərbaycan dili reanimasiya vəziyyətindədir. Mən təxminən 65 il sözlə işləyən bir adam kimi çoxdan bu qərara gəlmişəm. Təxminən 20 il qabaq demişəm ki, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Bu işin içində olanlar deyərlər ki, Seyran düz deyir. Amma bundan uzaq olanlar – lap 1 mm uzaq olanlar deyəcəklər ki, bu nə danışır? Cümlə qurmaq hara, dövlət qurmaq hara? Mən fonu deyirəm. Bu fonda əlavələrim də bundan ibarətdir ki, Azərbaycan dilinin reanimasiyaya düşməyində bir nömrəli, əjdaha kimi gecə-gündüz “işləyən” səbəb Azərbaycan televiziya məkanıdır. Hətta mən sizə deyərəm ki, televiziya məkanında gedən verilişlərin 95-97%-i təmiz Azərbaycan dilində deyil. Bunu mən deyirəm və məsuliyyətini daşıyıram. Razı olmayanlar məni məlkəməyə də verə bilərlər.
Dil elə bir var-dövlətdir ki... Bu müqayisənin özü də nöqsanlıdır. Dil var dövlətdən çox-çox yuxarıdır. Dil əslində, millətin silahıdır, özü də ən güclü silahdır. Belə bir söz var ki, filankəsin dili ilanı yuvasından çıxarar. Bəh-Bəh! Bəh-bəh! Sən dildə gücə bax! Yəni günahın 98 %-i Azərbaycan televiziya məkanındadır, 2% tərcümə olunan filmlərdə, çəkilmiş serialların və filmlərin dilindədir. Orduda belə bir komanda verirlər, sağa bax, düzlən. İndi qadasını aldığım Azərbaycan xalqı da televiziyaya baxır və “düzlənir”. Televiziya dili bu saat, ənlik-kirşanlı bir dilə çevrilib, əzilib-büzülən. Mənim dilim kişi dilidir. Kişi kimi bir dildir. İndi Azərbaycan xalqı ənlik-kirşanlı, sığallı-tumarlı bir dildə danışır. Azərbaycan televiziya məkanının dil mikropları artıq bir virus kimi xalqın arasında yayılıb. Məsələn, bir oğlandır, kənd adamıdır. Televiziyaya intervü verir. Artıq televiziya dilində danışır. Kameranı görən kimi sığallı-tumarlı danışmağa başlayır. Deyir ki, mənim telefonuma zəng daxil oldu. Adam qapıdan içəri daxil olar, zəng daxil olmaz. Telefonum zəng çaldı. Lap desin ki, telefonum zınqıldadı. Bu cür demək ondan yaxşıdır. İkincisi, anamız Bakı-Qazax yolunun nə bilim neçənci kilometrliyində avtomobil qazasında iştirak etmişdir. Kim könüllü surətdə qəzada iştirak edər? Ənlik-kirşanın nəticəsinə bax. Üçüncüsü, mən özümü hadisə yerinə yetirdim, anama baxış keçirdim. Anaya nə baxış keçirdin, harasına baxış keçirdin? Bu nə söhbətdir? Bu Azərbaycan dilidir? Belə yüzlərlə misal çəkərəm. Dildə israfçılıq edirik. İki sözlə deyə biləcəyimiz mətləbi altı-yedi sözlə deyirik. Məsələn, tütün məmulatlarının istifadəsi sizin sağlamlığınız üçün zərərlidir. Yedi söz... Tütün zərərdir. İki söz... Həmin mənadan da yaxşıdır. İsrafçılıq baş alıb gedir. Dilimizdə yaranan o israfçılıq sürüşüb məişətimizə düşdü. Yas yerlərində və toylarda stolun üstünə baxırsınız?
Azərbaycan dili o qədər zəngin, əzələli, sərrast və estet bir dildir ki, onu bu hala sala bilməyəcəklər. Amma cəhd etmək günahdır. Məsələn, rus dilində adama da kim deyirlər, başqa bir canlıya da. Uzunqulaqla adamın fərqi var. Amma bizdə adama kim, uzunqulağa nə deyirlər? Bu, estetdir. Məsələn, televiziyada yayımlanmış cümlə var: marallar çox tez hamilə olurlar. Ay, bədbəxt jurnalist, ay bədbəxt televiziya məkanı və o məkanın iriboynuzluları! Maral hamilə olmur. Maral heyvandır, dördayaqlıdır. Hamilə bizim analarımız olur, qızlarımız olur, bacılarımız olur. Onların iki ayağı var. Əcaba dörd ayaqla iki əyağın fərqi yoxdur? Maral boğaz olur. İnək də boğaz olur. Düzdür, marala mahnı və s. yazırlar. Əcaba inək də hamilə olursa, anamız da hamilə olursa, deməli, anamızla inəyin fərqi yoxdur? Yəni dilin vəziyyəti son dərəcə ağlamalıdır. Mən bu münasibətilə Mətbuat Şurasında, Azərbaycan Yazıçılar Birliyində, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, AMEA Dilçilik İnstitutunda, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində və Milli Məclisin Mədəniyyət Komitəsi və AMEA-nın ümumi yığıncağında dillə bağlı məruzələr etmişəm. Bu, igidlik, qəhrəmanlıq deyil, dil qarşısında borcdur. Tənqid etmək həmişə asandır. Mən necə etmək lazım olması ilə bağlı yolları da göstərdim. Nəzərə alsaq ki, bu işin bir nömrəli təqsirkarı Azərbaycan televizya məkanıdır, bununla bağlı bir qrup yaradırıq. Mən özüm də bu qrupda təmənnasız iştirak etməyə hazıram. Hər ay bir televiziya kanalı üzrə növbətçilik edərək nöqsanları qeyd edirik. Yazılı surətdə televiziya rəhbərlərinin nəzərinə çatdırırıq ki, bu nöqsanlar davam edərsə, biz o televiziyanı rəmzi olaraq 100 manat cərimə edirik. Yenə davam edərsə, o televiziyanı 1 milyon manat cərimə edirik. Dilimizə qarşı bu nankorluq yenə davam edərsə, artıq o televiziyanın lisenziya məsələsini ortaya qoyur. Amma hələ ki, bir şey yoxdur. Akademiyada bir akademik deyir ki, o qədər də pis deyil, dilimizin səsi BMT-dən gəlir. Şüar (gülür-red.). Baxır, o səs oradan necə gəlir. Səs var, cırıldayır, səs də var, Şalyapinin, Müslüm Maqomayevin, Cabbar və Yaqub Məmmədovun səsi kimi gəlir. Bir var zığıldayırsan, bir də var kişi kimi danışırsan.
- Siz çox təfsilatlı şəkildə dilimizdəki problemləri və həlli yollarını qeyd etdiniz. Bir az da sualı genişləndirmək istəyirəm. Dediniz ki, ədəbi dilimizi sağaltmaq üçün televiziyalar ilə işləmək lazımdır. Amma başqa dil daşıyıcıları var və o daşıdıqlarını öyrədənlər var. Məsələn, müəllimlər, jurnalistlər, yazıçılar, şairlər, yaxud elə oxucuların özləri. Bəs digər insanlar necə dilimiz üçün təbib rolunu oynaya bilərlər?
- Yenə deyirəm, bu da çox ortada olan məntiqdir. Ancaq televiziya. Bayaq da dediyim kimi artıq Azərbaycan xalqı televiziyaya baxıb “düzlən”məyə başlayıb. Hətta mən məruzəmdə demişdim ki, əgər belə getsə, gərək Milli Məclis təzədən yığışa və konstitusiyamızın ən məşhur və lazımlı bəndi olan “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” bəndini yığışdırıb əvəzinə “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan televiziya məkanının dilidir” yazmaq lazımdır. Bu televiziyalar nə qədər jurnalist “istehsal” edir? Reportaj edən jurnalistlərə baxırsan ki, heç biri Azərbaycan dilində danışmır. Sığallı-tumarlı, ənlik-kirşanlı... Hətta o məruzədə bir az da dərinə gedib demişdim ki, deyəsən, mən gecələrə Tbilisi prospektində peyda olan “üzdəniraq”larla bir yerdə görürəm.
- Siz 23 mart tarixində yeni yaşınıza qədəm qoyacaqsınız. Həm bir insan kimi, həm də qələm əhlinin bir nümayəndəsi kimi kifayət qədər uzun bir ömür yolu keçmisiniz. Əgər bir gənc sizə yaxınlaşsa və məsləhət istəsə, ona nə deyərdiniz?
- Mən ömür boyu, elə bu gün də məsləhət aldığım üçün məsləhət verməyə vaxtım olmayıb. İkincisi, insan ölənə qədər öyrənir. Mən də bununla razıyam, amma qarabağlılar demişkən, bir “cıqqılı” əlavəm var. Bəli, insan ölənə qədər öyrənir, amma öləndə də ölməyi öyrənir.
İndiki gəncliyə mənim verəcək məsləhətim yoxdur. O mənada ki, nə özümü, nə sözümü çöldən tapmışam.
Mən ictimai nəqliyyatı sevirəm. Darıxanda avtobusa, metroya minirəm. Görürsən ki, oturanların 70%-i yatır, 15% isə telefona baxır. Bu millətin portretidir. Hətta fikirləşdim ki, bir hekayə yazım – “Bir avtobus xalq”. Bu hamısı milli şüurun aşağı olmağı ilə bağlıdır. Niyə aşağıdır? Çünki tənzimləyəni yoxdur. Milli şüuru təhsil tənzimləyir. Təhsil özü can hayındadır.
- Son olaraq sizdən şeir eşitmək istərdik.
- Bizim ədəbi nəsil hələ Sovetin vaxtında Arazdan, Təbrizdən, rus işğalından qadağan olunmuş şeirlər yazırdılar. Əvvəlcə, onlardan 1-2 misra deyim, sonra özümdən deyərəm.
- Buyurun. Məmnuniyyətlə.
- Məsələn, Əşrəf Veysəlli yazırdı:
Hanı qoç Koroğlu, hanı qoç Nəbi,
Yağılar başıma qılınc endirir.
Bölüb Vətənimi siqaret kimi,
Hərə bir tərəfdə tüstüləndirir.
Qızım, bu Sovet vaxtı yazılıb. Adamı dara çəkərdilər. Və yaxud Kosyigin Moskvadan Tehrana getmişdi. Ramiz Rövşən yazmışdı:
Yüz illik ayrılıq, yüz illik həsrət
Ürək dincəlməyir, ürək yatmayır,
Moskva Tehranla görüşür,
Fəqət Bakının Təbrizə əli çatmayır.
Bilirsiniz ki, bizi Gülüstan və Türkmənçay müqaviləsinə əsasən bizi iki yerə şaqqaladılar. Bizim də qəribə bir vətənpərvər allergiyamız var idi. O vaxt rus dili dərsində mənə haqsız yerə töhmət vermişdilər. Artıq 15 dəqiqəyə divar qəzetində mənim karikaturam çıxdı. Növbəti dərs Azərbaycan tarixi dərsi idi. Arxada oturub “Töhmət” adlı şeirimi yazdım. Özü də yazdım ki, bu şeiri Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasına həsr etmişəm.
Bir gün tələbəyə töhmət yazıldı
Yazdılar bir dərsi pozduğu üçün
Fikirlər beynimdən yenə sızıldı
Eşidin dərdimi iki gün, üç gün.
Mənim kamanımda, sədəfli sazda
Tarda töhmətləri simlər öyrədib.
Canlı insanlara cansız kağızda
Bəs töhmət yazmağı kimlər öyrədib?
Bilmirəm, a qardaş, bu necə işdir,
Gərək biz hay salaq bütün cahana.
Töhmət, töhmət dedim, yadıma düşdü
Araz da töhmətdir Azərbaycana.
Dağlar zirvəsindən qopub elə bil,
Yollar bağlanıb, gələ bilmirəm.
Töhmət qeyrətimə hopub elə bil,
Necə yazıblarsa, silə bilmirəm.
Yağılar töhməti yazıb göndərib
Babam hansı səmtə yozub, görəsən?
Bəs mənim xalqıma kim töhmət verib?
Xalqım hansı dərsi pozub, görəsən?
Seyran Səxavət 19 yaş.
Mən bu şeirləri oxumaqla özümünü və mənsub olduğum ədəbi nəslin hansı kök üstündə böyüməyinin mənzərəsini yaradıram. O vaxtlar yazdığım “Girəvə axtarıram” şeirim var.
Yenə fikirlərimlə
Ürəyimi yeyirəm.
Mənə tərəf də baxın,
Görün mən nə deyirəm.
Deyirəm ki, zalımın
Nə vaxtsa doğulmuş
Nəvəsini boğmağa
Girəvə axtarıram.
Mən öz fikirlərimlə
Yağış olub dünyanın
Hər yerinə yağmağa
Girəvə axtarıram.
Tək bir otaqda yanan
On işıqdan doqquzun
Üfürüb keçirtməyə
Girəvə axtarıram.
Qanla keflənənləri
Kir kimi içirtməyə
Girəvə axtarıram.
Yersiz-yersiz tikilmiş
Evləri uçurtmağa,
Kimlərisə, hardansa
Harasa köçürtməyə
Girəvə axtarıram.
Mən öz doğma xalqımın
Ürəyində qalmağa,
Araz adlı çay üstdən
Böyük körpü salmağa,
Əliqabarlıların
Yekə qarınlılardan
İntiqamın almağa
Girəvə axtarıram.
Çoxlarının qəlbində
Yaşayan fikirləri,
Bir qarışqa yükünü
Daşıyan fikirləri
Uçurdub, sökdürməyə
Girəvə axtarıram.
Ermənilər dağıdan o yazıq Şuşanı
Yenidən tikdirməyə
Girəvə axtarıram.
Tüpürmək istəyirəm
O ölüm düyməsini
Hər an basmaq istəyən
Topal olmuş barmağa,
Bəzən nahaq yazılmış
Şeir kitablarını
Öz əlimlə cırmağa
Girəvə axtarıram.
Tələbəyəm, neyləyim?
Bəzən dərsdən qaçmağa,
Bir də sevdiyim qıza,
O zalım balasına
Ürəyimi açmağa
Girəvə axtarıram.
Ruhsuzların ruhunu
Çeynəməyə, soymağa,
Koroğlunun, Babəkin
Heykəlini qoymağa
Girəvə axtarıram.
İnsanlar arasında
Qoy olmasın qul, ağa,
Mən Gəncə şəhərinin
Adını qaytarmağa
Girəvə axtarıram.
Hər amallı niyyətə,
Bütün bəşəriyyətə
Ürəyimi verməyə,
Bu “Girəvə” şeirimi
Bir gün çap etdirməyə
Girəvə axtarıram.
Seyran Səxavət 19 yaş...
Seyran bəyə Tanrıdan möhkəm can sağlığı diləyirik! Qəlbiniz həmişə bahar görsün, dəyərli insan!
FOTO - VİDEO - Nadir İbrahimli







