Azərbaycanda postmortem donorluq: mexanizm necə işləyir və qərarı kim verir? – VİDEOMÜSAHİBƏ
“Postmortem donor” termini son dövrlərdə ölkəmizin informasiya məkanında getdikcə daha geniş şəkildə səslənməkdədir.
Lakin bu anlayış bir çoxları üçün hələ də müəyyən miflərlə əhatə olunur və izahı çətin olan psixoloji narahatlıq yaradır. Əksər hallarda insanlar donor anlayışını ölüm sonrası orqanların götürülməsi proseduru ilə qarışdırır ki, bu da cəmiyyətdə yanlış təsəvvürlərin və anlaşılmazlıqların formalaşmasına səbəb olur.
Bununla belə, bu mürəkkəb və bəzən qorxuducu görünən terminologiyanın arxasında xilas edilmiş insan həyatları və Azərbaycan səhiyyəsində mühüm keyfiyyət sıçrayışı dayanır.
Belə ki, 24 fevral 2025-ci ildə ölkəmizdə postmortem donordan ilk uğurlu orqan transplantasiyası həyata keçirilib. Həmin ilin 31 oktyabr tarixində isə Qafqaz regionunda ilk dəfə olaraq unikal ürək transplantasiyası əməliyyatı icra olunub. Bu hadisələr milli transplantologiyanın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Prosedurun hüquqi və etik aspektləri barədə 1news.az-a Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yegənə Abbasova müsahibəsində ətraflı məlumat verib.
Söhbətin əvvəlində Yegənə xanım diri donor və postmortem donor anlayışları arasındakı əsas fərqləri izah edib, eyni zamanda Azərbaycan vətəndaşlarının ölümündən sonra donor olmaq imkanları barədə danışıb.
“Diri donorlar əsasən qohumlar, tanışlar və ya yaxın şəxslər olur. Tibbi uyğunluq təsdiqləndiyi halda onlar bir böyrəyini və ya qaraciyərin bir hissəsini bağışlaya bilərlər. Lakin ürək və ya gözün buynuz qişası kimi orqanların diri halda verilməsi mümkün deyil — bu cür orqanlar yalnız ölümündən sonra orqanlarını bağışlamağa razılıq vermiş şəxslərdən əldə olunur”, – deyə E. Abbasova bildirib.
Onun sözlərinə görə, postmortem donor olmaq istəyən Azərbaycan vətəndaşları Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəsmi internet saytında qeydiyyatdan keçə bilərlər.
Eyni zamanda vacib məqam ondan ibarətdir ki, ölümündən sonra donor olmağa razılıq vermək faktı orqanların mütləq şəkildə götürüləcəyi anlamına gəlmir. Yegənə xanım bunu konkret nümunə ilə izah edib: “Gəlin, Qənirə Paşayevanı xatırlayaq. O, orqanlarını vəsiyyət etmişdi, lakin beyin ölümü baş verməmişdi. Ölümün səbəbi septik şok olduğuna görə, onun orqanları transplantasiya üçün yararsız hesab olundu”.
E. Abbasovanın qeyd etdiyi kimi, donorların siyahısı ciddi şəkildə məxfi saxlanılır. Azərbaycanda bu sahədə vahid rəqəmsal informasiya sistemi fəaliyyət göstərir: sistemin sahibi müvafiq nazirlik, operatoru isə Koordinasiya Mərkəzidir. “Postmortem donor olmağa razılıq vermiş şəxslərin siyahısına kənar şəxslərin çıxışı qapalıdır”, – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, beyin ölümünün təsdiqlənməsi üçün kəllə-beyin travması, beyin qanaxması və ya insult kimi hallar mövcud olmalıdır. Bundan əlavə, ürək-ağciyər reanimasiyası aparıldıqdan sonra baş verən anoksik beyin zədələnməsi də bu diaqnozun qoyulmasına əsas verə bilər.
Tibb müəssisələrinə gəldikdə isə, ölkə üzrə süni tənəffüs aparatları ilə təchiz olunmuş istənilən reanimasiya şöbəsi potensial donor mənbəyi hesab olunur.
Yegənə xanım “gözləmə siyahısı” ilə bağlı məlumatları da açıqlayıb: hazırda Azərbaycanda ürək transplantasiyası üçün 40 pasiyent növbədədir.
Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri mühüm hüquqi məqama da aydınlıq gətirib: insan sağlığında rəsmi şəkildə donor olmağa razılıq veribsə, ailə üzvləri bu qərara veto qoya bilərmi?
“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən – xeyr, qoya bilməz. Postmortem donor psixi cəhətdən sağlam olan, 18 yaşına çatmış və öz iradəsini ifadə edərək müvafiq hüquqi sənədi imzalamış istənilən şəxs ola bilər”, – deyə E. Abbasova bildirib.
Ekspert həmçinin postmortem donorluq sahəsində dünya ölkələrinin bölündüyü Opt-in və Opt-out sistemləri arasındakı fərqi izah edib:
- Opt-out sistemi “razılıq prezumpsiyası”nı nəzərdə tutur: əgər şəxs rəsmi şəkildə imtina etməyibsə, beyin ölümü baş verdikdən sonra onun orqanları əlavə icazə olmadan istifadə edilə bilər.
- Opt-in sistemi isə o deməkdir ki, əgər insan sağlığında bununla bağlı iradəsini rəsmi şəkildə ifadə etməyibsə, qərarı onun yaxınları verir. Azərbaycan Opt-in sistemini tətbiq edən ölkələr sırasındadır.
E. Abbasovanın sözlərinə görə, hazırda artıq 1400-dən çox Azərbaycan vətəndaşı öz orqanlarını rəsmi şəkildə vəsiyyət edib. Bundan əlavə, son dövrlərdə donor kimi qeydiyyatdan keçməyən 13 nəfərin yaxınları da onların ölümündən sonra orqanlarının götürülməsinə razılıq veriblər. Resipiyentlərin ailələri bu humanist addıma görə həmin insanlara dərin minnətdarlıqlarını bildirirlər.
“Praktikadan nümunə olaraq deyə bilərəm ki, iki donor üzrə hər birindən 6 orqan, o cümlədən ürək götürmək mümkün olub. Digər hallarda isə, məsələn, beyin ölümü baş vermiş pasiyent dializ alıbsa, yalnız uyğun olan orqanlar – qaraciyər və buynuz qişa götürülüb. Bütün bunlar tibbi göstəricilərdən asılıdır: yalnız başqa bir insanın həyatını xilas etməyə yararlı olan orqan götürülür.
Həmçinin qeyd etmək istərdim ki, orqan donorluğu və transplantasiya tamamilə ödənişsiz əsaslarla həyata keçirilir”, – deyə Yegənə Abbasova yekunlaşdırıb.
Foto+video: Nadir İbrahimli








