Rəhman Hacıyev BDU-da 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak etdi

26 sentyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, rəsmi şəxslər, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış abidə və Universitetin şəhid məzunlarına həsr olunmuş guşəni ziyarət edərək önünə əklil qoyub, gül dəstələri düzüblər.
Sonra tədbir böyük akt zalında davam edib. İlk olaraq Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, bu il müstəqil dövlətimizin tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfərimizin 5 ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq müzəffər Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçərək uzun müddət əsarət altında qalan torpaqlarımızı azad etdi. Şəhidlərimizin qanı ilə sulanan əzəli torpaqlarımızda üçrəngli bayrağımız əbədi olaraq dalğalandırıldı.
Rektor bildirib ki, 44 günlük Vətən müharibəsində BDU-nun yüzlərlə məzunu da iştirak edib, şücaət göstərib, onlardan 22-si şəhidlik zirvəsinə ucalıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, beşinci ildönümünü qeyd etdiyimiz Anım Günü bizim üçün yalnız kədər və hüzn günü deyil, həm də həmrəyliyimizin, milli iradəmizin və gələcəyə inamımızın rəmzidir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, eyni zamanda onların arzularını gerçəkləşdirmək üçün işğaldan azad olunmuş torpaqlarımızı yenidən qurmaq, Qarabağı dirçəltmək naminə əzmlə çalışırıq.
“Qarabağ Dirçəliş Fondu olaraq, bu müqəddəs missiyanın bir parçası olmaqdan qürur duyuruq”- deyə, İdarə Heyətinin sədri vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı, Milli Məclisin üzvləri Rizvan Nəbiyev, Pərvin Kərimzadə, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Sərxan Veysəlli xalqın eyni amal uğrunda mücadiləyə qalxdığı və qəhrəmanlıq tarixinin başlanğıcı olan bu günün yaddaşlarda əbədi iz buraxdığını bildiriblər.
Çıxışlarda xalqımızın Vətən müharibəsi günlərində bir yumruq kimi Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında birləşdiyi, müqəddəs şəhidlərimizin xatirəsinin əbədi yaşayacağı bildirilib.
Çıxışlardan sonra BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii kompozisiya nümayiş olunub.








