Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə bu hallarda icazə veriləcək - Deputatdan ŞƏRH

"Baş nazir Əli Əsədov tərəfindən təsdiqlənən yeni qaydalar kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və hədləri müəyyənləşdirir".
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Nazirlər Kabinetinin kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası ilə bağlı yeni qərarını şərh edərkən deyib.
“Yeni qaydalara əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün, həmçinin işçilərin müvəqqəti yaşaması məqsədilə yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara biləcək”.
Vüqar Bayramov qeyd edib ki, belə bir qərarın qəbul edilməsi torpaqlardan daha səmərəli istifadəyə imkan yaradacaq:
“Əvvəllər bu istiqamətdə dəqiq qaydaların olmaması sahibkarlar üçün ciddi çətinliklər törədirdi. Yeni mexanizm isə həmin çətinlikləri aradan qaldırır və kənd təsərrüfatı torpaqlarının iqtisadi baxımdan daha səmərəli istifadəsini təmin edir”.
Deputat əlavə edib ki, yeni qaydalar torpaqlardan birgə istifadəni stimullaşdıracaq:
“Əgər torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçərsə və həmin sahə 5 hektardan az olarsa, burada inşaat işlərinə icazə verilmir. Bu, torpaqların birləşdirilməsini təşviq edir. Nəticədə, böyük təsərrüfatların sayının artmasına şərait yaranacaq. Bu isə hazırda aqrar sektorda ən ciddi çağırışlardan biridir”.
Millət vəkili vurğulayıb ki, Nazirlər Kabinetinin qərarı kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərəliliyin artırılmasına xidmət edəcək.