Nigar Məmmədova: Ulu Öndər Prezident seçilərkən müəyyənləşdirilən bütün prioritetlər reallığa çevrilib | 1news.az | Xəbərlər
Siyasət

Nigar Məmmədova: Ulu Öndər Prezident seçilərkən müəyyənləşdirilən bütün prioritetlər reallığa çevrilib

19:55 - 02 / 10 / 2025
Nigar Məmmədova: Ulu Öndər Prezident seçilərkən müəyyənləşdirilən bütün prioritetlər reallığa çevrilib

3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix Azərbaycan xalqının və dövlətinin milli qurtuluşa gedən yolunun başlanğıcı idi. Böyük sınaqlardan çıxmış xalqımız öz seçimini etdi və Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqının strateji seçimi idi və bu seçim Azərbaycanı böyük faciələrdən qorudu, sabitliyin, inkişafın təməli oldu.

Bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

"Ulu Öndər Heydər Əliyev ömrünü müstəqil Azərbaycanın gələcək inkişafına həsr etdi. Dahi rəhbər andiçmə mərasimindəki nitqində həyatının sonuna qədər xalqa sədaqətlə xidmət edəcəyini, bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyini bəyan etdi.

Bu, elə dövr idi ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi, ərazilərin işğalı, xalqımıza qarşı amansız soyqırımı və etnik təmizləmə, 1 milyona yaxın qaçqın və məcburi köçkün probleminin ağır nəticələrini aradan qaldırmaq üçün güclü, qətiyyətli lider tələb olunurdu. Təbii ki, dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər diletant şəxslərin rəhbərlik etməsi ilə bağlı idi.

Azərbaycanın xilası prosesi 1993-cü il oktyabrın 3-də Ulu Öndərin and içməsi ilə rəsmən start götürdü. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində çoxşaxəli iş apardı, ölkədə hərc-mərclik yaradan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısının alınması ilə Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Bütün addımlar müstəqil və güclü Azərbaycan naminə idi.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan nüfuzlu bir dövlətə çevrildi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarının Azərbaycana münasibəti dəyişdi, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi.
Ulu Öndərin uzaqgörənliyi, praqmatik yanaşması ölkənin taleyini həll etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, yeni iqtisadi kursun müəyyənləşdirilməsi kimi vacib prosesin uğurlu həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.

Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələləri həll etdi. “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir” – deyirdi Ulu Öndər. Biz bu yanaşmanın ən real ifadəsinin şahidiyik. Ümummilli Liderin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və dövləti bütün hədəflərinə çatdı. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, sərkərdəlik və liderlik məharəti sayəsində ərazi bütövlüyü və suverenliyini bərpa etdi.

Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla icra edə bilən vətənpərvər nəsil yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz böyük qələbə nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu tarixi torpaqların əsl sahibləri öz doğma yurduna qayıdır. 1993-cü ildə dünya xəritəsindən silinməkdən xilas olan Azərbaycan bu gün beynəlxalq münasibətlər sisteminin layiqli üzvüdür. Müstəqil, inkişaf edən və qalib Azərbaycanın timsalında qürur və fəxrlə deyə bilərik ki, 32 il əvvəl Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərkən müəyyənləşdirilən bütün prioritetlər yerinə yetirilib. Ümummilli Liderin arzuladığı kimi, Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin, torpaqlarının və öz hüquqlarının sahibidir".

Paylaş:
110

Son xəbərlər

İstanbulda zəlzələ olub

02 / 10 / 2025, 16:11
Bütün xəbərlər