Şahin Seyidzadə: İlham Əliyev Düşənbə çıxışı MDB məkanında münasibətlərinin inkişafı üçün mühüm mesajlar verdi

“Prezident İlham Əliyevin Düşənbə çıxışı MDB məkanında əməkdaşlıq və qardaşlıq münasibətlərinin inkişafı üçün mühüm mesajlar verdi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
Deputatın sözlərinə görə, 10 oktyabr tarixində Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev Tacikistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə, regionda sülh və sabitliyə yönəlmiş əməkdaşlığa dair əhəmiyyətli fikirlər səsləndirib.
“Dövlət başçımız çıxışında Tacikistan xalqını və rəhbərliyini əldə etdikləri nailiyyətlər münasibətilə təbrik etdi, xüsusilə Düşənbə şəhərinin sürətli inkişafını yüksək qiymətləndirdi. İnfrastrukturun yenilənməsi, müasir arxitektura nümunələrinin artması, şəhərin yeni simasının formalaşması Tacikistanın planlı dövlət siyasətinin nəticəsi kimi vurğulandı. Bu, Azərbaycan tərəfindən dost ölkənin uğurlarına verilən dəyərin göstəricisidir”, – deyə Şahin Seyidzadə qeyd edib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər MDB dövlətləri arasında qarşılıqlı hörmət, dostluq və bərabərlik prinsiplərinə əsaslanan siyasətin davam etdiyini nümayiş etdirir:
“Cənab Prezident bir daha göstərdi ki, Azərbaycan diplomatiyası yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda mədəni və humanitar sahələrdə də fəal rol oynayır. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyinin dəstəklənməsi bu istiqamətdə həmrəylik və mədəni dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deputat bildirib.
Şahin Seyidzadə əlavə edib ki, dövlətlərarası münasibətlərin inkişafı həm də ictimai diplomatiya və regionlararası əməkdaşlıqla möhkəmlənir:
“Azərbaycan və Tacikistan bu baxımdan MDB məkanında model ölkələr kimi çıxış edir. Onların təcrübəsi regionda sabitliyin və qarşılıqlı inamın güclənməsi üçün mühüm nümunədir. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı məhz bu istiqamətdə strateji ismarıcları özündə ehtiva edir”, – deyə deputat vurğulayıb.