ABŞ-dən 2026 Dünya Kuboku azarkeşlərinə xoş xəbər: “FIFA Pass” ilə viza üstünlüyü verəcək
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən 2026 Dünya Kuboku üzrə İşçi Qrupu toplantısından sonra FIFA prezidenti Canni İnfantino ilə birgə mətbuata bəyanat verib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp açıqlamasında Dünya Kubokuna bilet almış xarici azarkeşlərin ABŞ konsulluqlarında üstünlüklü viza müsahibəsi randevusu əldə etməsinə imkan verəcək yeni sistemin işə düşdüyünü bildirib.
Rəsmi adı “FIFA Prioritized Appointment Scheduling System” olan tətbiq bilet sahiblərinə viza üçün müraciət zamanı prioritet hüququ verəcək.
2026-cı il Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ-ın 11 şəhərində, həmçinin Meksika və Kanadada keçiriləcək. Canni İnfantino bildirib ki, turnir müddətində 5–10 milyon azarkeşin ABŞ-a səfəri gözlənilir.
ABŞ-ın dövlət katibi Marko Rubio isə Dünya Kuboku ilə bağlı viza müraciətlərinin artacağını nəzərə alaraq Dövlət Departamentinin 400 əlavə konsulluq əməkdaşı işə qəbul etdiyini açıqlayıb.
“Əgər oyunlardan biri üçün biletiniz varsa, mümkün qədər tez müraciət edin və son ana qədər gözləməyin. Bilet viza deyil və ABŞ-a girişə zəmanət vermir. Lakin bilet sahiblərinə sürətləndirilmiş randevu təqdim edir”, – Rubio qeyd edib.









