Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
Bank of Baku haqlı olaraq Azərbaycanın plastik kart bazarının lokomotivi hesab edilə bilər.
2024-cü il üzrə auditdən keçirilmiş hesabatlara görə, bankın plastik kartlarının sayı tarixi maksimuma – 19,9 milyonadək çatıb ki, bu da ölkə əhalisinin sayının iki dəfəsindən çoxdur.
Rəqabətdə öndə olma, pərakəndə kreditləşmədə liderlik, aqressiv ekspansiya strategiyası və bazarda güclü mövqe — kənardan baxdıqda, bir uğur hekayəsidir.
Lakin 2024-cü il üçün bankın auditdən keçmiş hesabatlarını və 2025-ci ilin üçüncü rübü üzrə tənzimləyici məlumatları diqqətlə nəzərdən keçirəndə daha mürəkkəb mənzərə ortaya çıxır.
Rəqəmlərin arxasında həqiqət
2025-ci ilin üçüncü rübü üzrə tənzimləyici hesabatlara görə, bankın ümumi kredit portfeli 860,6 milyon manat təşkil edib. Pərakəndə seqment — fiziki şəxslər üzrə kreditlər — bu portfelin 85 %-i, yəni 735 milyon manata yaxın hissəsini təşkil edib. 2024-cü ilin audit hesabatına əsasən kart kreditləri yalnız bir ildə 73 milyon manatdan 115 milyon manata yüksəlib, yəni 58 % artıb.
Ancaq artımın xərcləri də olur.
2025-ci ilin üçüncü rübü üzrə tənzimləyici hesabatlara görə, vaxtında qaytarılmayan kreditlərin payı 4,9 %-ə çatıb, lakin bu kreditlər üçün yaradılmış rezervlər kredit portfelinin 8 %-i səviyyəsindədir. Bu konservativ rezerv siyasəti aktivlərin keyfiyyətinin daha da pisləşə biləcəyinə hazırlaşma əlaməti kimi qiymətləndirilə bilər.
Mənfəətin paradoksu
2024-cü ilin nəticələrinə görə, Bank of Baku-nun xalis mənfəəti 27,1 milyon manat olub və kapitalın rentabelliyi təxminən 14 % təşkil edib. Lakin bu göstərici 2023-cü ilin 30,1 milyon manatlıq mənfəətindən təxminən 10 % azdır.
Portfel böyüyür, mənfəət isə azalır.
Portfel artdığı halda, mənfəətin azalmasının səbəbləri müxtəlifdir:
· Kredit itkilərinin bərpası əvvəlki illə müqayisədə kəskin azalıb — 2023-də 15,7 milyon manatdan 2024-də 2,6 milyon manata düşüb, bu da bankın mənfəətinə birbaşa təsir edib.
· Komissiya əməliyyatlarındakı defisit genişlənib – komissiya xərcləri gəlirlərdən 10,8 milyon manat çox olub (əvvəlki ildə bu fərq 6,9 milyon manat idi).
· Əməliyyat xərcləri artıb — əməkhaqqı xərcləri 7 %, inzibati xərclər 11 % artıb.
“Kart biznesinin iqtisadiyyatı” ayrıca diqqətə layiqdir: plastik kartlar üzrə komissiya gəlirləri 12,4 milyon manat, xərclər isə 18,8 milyon manat təşkil edib. Komissiya üzrə xalis mənfi nəticə 6 milyon manatdan artıqdır. Bu kart biznesinin ümumilikdə zərərli olması demək deyil — kartlar kreditlər üzrə faiz gəlirləri yaradır və digər çarpaz satış imkanları da verir — lakin “komissiya iqtisadiyyatı” açıq şəkildə mənfi olaraq qalır və bu boşluq böyüyür.
Kənd təsərrüfatı seqmentində şok
Bankın kredit portfelində kiçik, lakin göstərici əhəmiyyətə malik bir seqment də var — kənd təsərrüfatı kreditləri. 2025-ci ilin üçüncü rübü üzrə gecikmiş kreditlərin payı burada 26 %-ə brabərdir, yəni hər dörd kredidən biri xidmət olunmayan kreditdir. Müqayisə üçün qeyd edək ki, pərakəndə seqmentdə bu göstərici 4,5 % təşkil edir.
2024-cü ilin audit hesabatına görə kənd təsərrüfatı portfeli 2023-lə müqayisədə 6,3 milyon manatdan 3,6 milyon manata qədər azalıb, demək olar ki, iki dəfə. Bu isə bankın bu problemli seqmentdən çıxış strategiyasını göstərir.
“Əgər oxşar problemlər əsas, çox böyük pərakəndə seqmentdə yaransa, bankın bu vəziyyətdən çıxış strategiyası necə olacaq?” — sualı yaranır.
Kapitalın sıxılması
Bankın 2023-cü il üçün kapital adekvatlığı norması 15,26 % təşkil edirdi, lakin 2024-də 14,62 %-ə düşüb. Tənzimləyici minimum — 10 % olduğu üçün hələ də təhlükəsizlik “balışı” var, lakin trend aydındır: portfel sürətlə böyüdükcə və aktiv keyfiyyəti pisləşdikcə kapital daha sürətlə sıxılır.
Əgər artım eyni templə davam etsə və aktivlərin keyfiyyəti daha da pisləşərsə, bank ya kapital cəlb etməli, ya da artımı yavaşlatmalıdır — hər iki variant səhmdarlar üçün arzuolunmazdır.
Yanvar sualı
Bankın maliyyə strukturunda diqqətçəkən bir detal — Azpetrol şirkətindən (bankın səhmlərinin 28,89 %-nə sahibdir) aldığı 16,76 milyon manatlıq subordinasiya olunmuş borc mövcuddur. Audit hesabatına görə bu borc 2026-cı ilin yanvarında ödənilməlidir.
Əlaqəli tərəfdən cəlb edilmiş subordinasiya olunmuş borc böhran demək deyil. Bu cür alətlər adətən mütəmadi olaraq yenidən maliyyələşdirilir.
Lakin bu, bankın kapital bazasının struktur xüsusiyyətini nümayiş etdirir: tənzimləyici kapitalın bir hissəsi səhmdarın maliyyələşdirməni uzatmağa hazır olmasından asılıdır.
Köhnə borclar
2025-ci ilin üçüncü rübü üzrə yaş üzrə analiz göstərir ki, 12,7 milyon manatlıq borc bir ildən artıq müddətdə gecikib. Pərakəndə seqmentdə bu göstərici 8,6 milyon manatdır. Yaşlanmış borcların əhəmiyyətli səviyyədə qalması çətinlikləri göstərir — bu kreditlərin ya silinməsi, ya da real restrukturizasiyası tələb olunur.
Nəticə
Bank of Baku Azərbaycan pərakəndə bank bazarında unikal mövqeyə malikdir. Lakin sürətli artım bir neçə istiqamətdə gərginlik yaradır: gecikmiş kreditlərin artması, kartlar üzrə mənfi “komissiya iqtisadiyyatı”, kapitalın sıxılması və portfel artdığı halda mənfəətin azalması.
Konservativ rezerv siyasəti risklərə ehtiyatlı yanaşmanı göstərir. Lakin bir sual hələ də aktualdır: belə tendensiyalar davam edərsə, bank strateji artımını necə davam etdirəcək?
Müəllif: Artur Andersen :-)
Xüsusi olaraq 1news.az üçün
Məqalə Bank of Baku-nun 2024-cü il üzrə auditdən keçirilmiş illik hesabatına və 2025-ci ilin üçüncü rübü üzrə tənzimləyici hesabatlarına əsaslanır.
Material müəllifin mövqeyini əks etdirir, məlumat xarakteri daşıyır və investisiya tövsiyəsi deyil.
Yazını başqa dillərlərdə də oxuya bilərsiniz:
Bank of Baku и скрытая цена роста: о чем говорят отчеты банка?












