“Liv Bona Dea Hospital” Nigar Köçərlinin iddialarına cavab verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Liv Bona Dea Hospital” Nigar Köçərlinin iddialarına cavab verdi

Qafar Ağayev17:12 - Bu gün
“Liv Bona Dea Hospital” Nigar Köçərlinin iddialarına cavab verdi

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və nəşriyyatının rəhbəri, eyni zamanda Azərbaycan Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli daha əvvəl sosial şəbəkə hesablarında paylaşım edərək "Liv Bona Dea" hospitalında qeyri-adekvat münasibətlə üzləşdiyini bildirmişdi.

"Bu yazını heç zaman yazmaq istəməzdim. Amma sussam, özümü heç vaxt bağışlamayacağam. Cəhənnəm quyusundayam… Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm"– deyə N.Köçərli yazıb.

Onun sözlərinə görə, "Yanvarın 14-də, səhər saat 7-də Liv Bona Dea xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəliblər. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətdə görüb.

“Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim” – deyə N.Köçərli əlavə edib:. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, - dedim.

Paylaşımda qeyd olunub ki, ona sistem vurmağa gələn tibb bacısı Əlindəki qabı yarasının üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” - deyə qışqırdım.

“Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, amma heç vaxt belə ağrı olmamışdı”, – deyə o yazıb və uzun müddət ona kömək göstərilmədiyini, daha sonra isə əlavə anesteziya üçün ödəniş tələb edildiyini bildirib.

Bu rezonans doğuran paylaşım fonunda 1news.az vəziyyətlə bağlı “Liv Bona Dea” hospitalına rəsmi sorğu ünvanlayıb.

Hospitaldan 1news.az-a verilən rəsmi açıqlamada bildirilir ki, xəstə əməliyyatdan sonra tibbi protokollara tam uyğun şəkildə oyanma otağında daimi nəzarətdə saxlanılıb və ilkin mərhələdə müvafiq ağrıkəsici və anestezioloji preparatlar tətbiq edilib.

Liv Bona Dea hospitalının 1news.az-a verdiyi rəsmi açıqlamada bildirilir ki, xəstə əməliyyatdan sonra tibbi protokollara tam uyğun şəkildə oyanma otağında daimi nəzarətdə saxlanılıb və ilkin mərhələdə müvafiq ağrıkəsici və anestezioloji preparatlar tətbiq edilib.

“Xəstənin fiziki müayinəsindən və ağrı səviyyəsinin qiymətləndirilməsindən sonra, müalicə həkimi ilə razılaşdırılaraq və klinik vəziyyət nəzərə alınmaqla epidural kateter yerləşdirilib”, – deyə klinikadan bildirilib. Eyni zamanda qeyd olunub ki, xəstənin həyat yoldaşına əməliyyatın uğurla başa çatdığı barədə məlumat verilib.

Lakin Nigar Köçərlinin iddiasına görə, onun həyat yoldaşı altı saat ərzində heç bir məlumat almayıb və xəstəxananın əməkdaşlarını tapmaq üçün mərtəbələr və şöbələr arasında hərəkət etmək məcburiyyətində qalıb. O, həmçinin adətən 1–2 saat davam edən əməliyyatın səbəb göstərilmədən altı saat uzandığını qeyd edib.

Liv Bona Dea isə açıqlamasında bildirir ki, xəstənin anatomik xüsusiyyətləri və aparılan əməliyyatın növü ağrı nəzarətinin müddətinə və əməliyyat blokundan palataya köçürülmə vaxtına birbaşa təsir göstərə bilər.

Bununla yanaşı, N.Köçərli yazır ki, ayılarkən ağrıların artdığını hiss edib, ətrafda isə heç kim olmayıb, uzaqdan gülüş səsləri eşidilib. Onun sözlərinə görə, dodaqlarının su ilə isladılması xahişi də uzun müddət cavabsız qalıb.

Klinikada bildirilib ki, əməliyyat günü xəstə anesteziologiya şöbəsinin rəhbəri tərəfindən müayinə edilib və ağrı səviyyəsinin azaldığı qeydə alınıb. Növbəti gün isə rahatlığın təmin olunması məqsədilə epidural kateterin çıxarılmadan saxlanılması barədə qərar verilib.

Buna baxmayaraq, Nigar Köçərli bildirir ki, ayıldıqdan sonra prosedurları icra edən tibb qardaşı tərəfindən kobud və alçaldıcı münasibətlə üzləşib və etiraz etməyə gücü qalmayıb.

Saat 15:00 radələrində o, palataya köçürülüb və həyat yoldaşını ilk dəfə orada görüb. Onun sözlərinə görə, həyat yoldaşına nə əməliyyatın gecikmə səbəbi, nə də real vəziyyəti barədə hər hansı izahat verilməyib. Daha sonra isə məlum olub ki, yer çatışmazlığı səbəbindən, əməliyyat planlı olmasına baxmayaraq, ginekoloji deyil, kardioloji şöbədə aparılıb.

Nigar Köçərlinin sözlərinə görə, xəstəxana rəhbərliyi şikayətlərdən xəbər tutduqdan sonra bir neçə nümayəndə onlara yaxınlaşıb. Əsas söhbəti Türkiyədən olan bir qadın aparıb, videomüşahidə kameralarının yoxlanılacağını, araşdırma aparılacağını və nəticələrin bildiriləcəyini vəd edib. Lakin, Köçərlinin iddiasına görə, bundan sonra onunla əlaqə saxlanılmayıb.

“Üç gün soruşdum: ‘Kameraların yoxlanışı nə yerdədir?’ Cavab yox idi. Sadəcə bizi axmaq yerinə qoydular”, – deyə o yazıb.

Yanvarın 16-da Nigar Köçərli evə buraxılıb. Evə gedərkən həyat yoldaşı onun boynundan asılı vəziyyətdə tibbi boru olduğunu görüb. Sonradan məlum olub ki, bu, epidural anesteziyadan sonra qalmalı olan kateter və plastırlar olub. Köçərlinin sözlərinə görə, bunlar həmin gün çıxarılmalı idi, lakin üç gün ərzində heç kim buna diqqət yetirməyib.

Evə qayıtdıqdan sonra tanış tibb bacısı qalan tibbi yapışqanları çıxarıb və dəridə güclü qıcıqlanmanı aşkar edib. Bundan əlavə, Köçərli bildirir ki, həyat yoldaşının Facebook-da paylaşdığı qısa postdan sonra onunla kardiologiya şöbəsinin əməkdaşı əlaqə saxlayaraq “Sadəcə növbə ilə bəxtiniz gətirmədi” deyib.

Liv Bona Dea hospitalında isə bu kimi şikayətlərə təəssüflə yanaşıldığı bildirilib və vurğulanıb ki, pasiyentin sağlamlığı və təhlükəsiz şəkildə evə buraxılması klinika üçün ən yüksək prioritetdir.

“İmicimizə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaları qəbul etmirik. Məsələ hüquqi müstəviyə keçirilərsə, bütün tibbi sənədləri və videomüşahidə kameralarının qeydlərini, digər pasiyentlərin məxfiliyinə riayət etməklə təqdim etməyə hazırıq”, – deyə klinikadan bildirilib.

Əlavə edək ki, 1news.az redaksiyası mövcud qanunvericilik çərçivəsində bu materialları dərc etməyə hazırdır.

Qeyd edək ki, Nigar Köçərlinin sosial şəbəkələrdəki paylaşımı, eləcə də 1news.az-ın Instagram və Facebook səhifələrində yayımlanan materiallar geniş ictimai rezonans doğurub. Şərhlərdə bir çox istifadəçi sözügedən klinikada yaşadıqları mənfi təcrübələri bölüşüb.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər