Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

12:39 - Bu gün
Bakıda növbəti Beynəlxalq Xalça Festivalı keçiriləcək

1-3 may 2026-cı tarixlərində Bakıda növbəti Beynəlxalq Xalça Festivalı baş tutacaq.

1news.az xəbər verir ki, “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.

Festival 1 may tarixində Bakı Biznes Mərkəzində keçiriləcək və “Xalça sənayesi: Dəyər, dizayn və rəqabət qabiliyyəti” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu ilə işə başlayacaq. Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspert, dizayner, istehsalçı, tədqiqatçı, ixracatçı və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

2-3 may tarixlərində festival İçərişəhərin tarixi küçələrində davam edərək qədim karvansaraylar, meydanlar, tarixi evlər xalça sərgiləri, ustad dərsləri, eləcə də musiqili tədbirlərə ev sahibliyi edəcək. Dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələr öz xalçaçılıq ənənələrini Qoşa Qala meydanında qurulacaq milli pavilyonlarda təqdim edəcəklər. Bundan əlavə, bir neçə məşhur xarici və yerli rəssamın İçərişəhərdə yerləşən qalereyalarda sərgiləri də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan xalçaçılarının peşə bayramı – “Xalçaçı günü”nə həsr olunan Xalça Festivalı bu il həm də “Azərxalça” ASC-nin 10 illik yubileyinə təsadüf edir.

Festival günlərində xalçaçılıq sənətinə dair eksklüziv sərgilər, ustad dərsləri, konsert proqramları və uşaqlar üçün xüsusi maarifləndirici fəaliyyətlər də təşkil olunacaq.

3 gün davam edəcək xalça bayramına qatılmaq istəyənlər festival barədə ətraflı məlumatı bakucarpetfest.az saytından, bakucarpetfest Instagram səhifəsindən əldə edə bilərlər. Əlavə suallar üçün [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Xalça sənətinin zəngin ənənəsini birlikdə yaşatmaq və dünyaya tanıtmaq üçün hər kəsi 1-3 may tarixlərində Beynəlxalq Xalça Festivalına, İçərişəhərə dəvət edirik!

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər