Tramp Qrenlandiya ilə bağlı mövqeyini açıqladı, Fransanı yeni rüsumla hədələdi
ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumu ərəfəsində verdiyi açıqlamalarda Qrenlandiya və beynəlxalq ticarət məsələləri ilə bağlı sərt mövqe ortaya qoyub.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp Rusiya Prezidenti Vladimir Putini Qəzza üzrə yaradılan Sülh Şurasına dəvət etdiyini təsdiqləyib. ABŞ lideri eyni zamanda Qrenlandiya ilə bağlı yaranan fikir ayrılığı fonunda Fransada istehsal olunan spirtli içkilərə 200 faiz əlavə gömrük rüsumu tətbiq edilə biləcəyini bildirib.
Bazar ertəsi günü jurnalistlərə açıqlama verən Donald Tramp Danimarkanın Qrenlandiyanı yetərincə qoruya bilmədiyini iddia edib. O, bu məsələni İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bir sıra dünya liderləri ilə müzakirə edəcəyini deyib.
Tramp Qrenlandiyaya istinad edərək Danimarkaya müraciətlə bildirib:
“Biz bu əraziyə sahib olmalıyıq. Onlar bunu qəbul etməlidirlər. Onlar buranı qoruya bilmirlər. Danimarkalılar gözəl insanlardır, liderləri də çox yaxşı insanlardır, amma ora heç getmirlər”.
ABŞ Prezidenti adanın strateji baxımdan son dərəcə əhəmiyyətli olduğunu vurğulayaraq, Davosda keçiriləcək görüşlərdə Qrenlandiya məsələsinin əsas müzakirə mövzularından biri olacağını qeyd edib. Onun sözlərinə görə, bu məsələ “müxtəlif beynəlxalq tərəfdaşlarla” müzakirə ediləcək.










