Bakıda qırmızı işıqdan keçən avtomobil svetoforu aşırdı - VİDEO
Bakının mərkəzində svetofor sıradan çıxıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qadağanedici işıqda hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb.
Hadisə nəticəsində bir ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.
Məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenilənməsi istiqamətində işlərə başlanılıb.
Qeyd edilib ki, ötən il Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bununla bağlı müvafiq tədbirlər görülüb.












