DYP sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP sürücülərə müraciət edib

Qafar Ağayev09:11 - Bu gün
DYP sürücülərə müraciət edib

Həftəsonu günlərində şəhərlərarası və rayonlara doğru səfərlərin intensivliyinin artması ilə əlaqədar sürücülərə müraciət olunub.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, yol hərəkətinin sıxlaşması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir. Bu baxımdan səfərə çıxan sürücülərə bir sıra vacib məqamlar xatırladılıb.

Qeyd olunub ki, sürücülər səfərə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc, sükan, təkər və işıqlandırma sistemlərini yoxlamalıdırlar. Hərəkət sürəti yol şəraitinə və müəyyən edilmiş hədlərə uyğun seçilməli, uzun məsafələrdə yorğunluq hiss edildikdə mütləq fasilə verilməlidir.

Eyni zamanda, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsinin saxlanılması, ötmə əməliyyatlarının isə yalnız icazə verilən və təhlükəsiz yol sahələrində həyata keçirilməsi tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfər zamanı diqqəti yayındıran amillərdən, o cümlədən mobil telefondan istifadədən çəkinməyi və təhlükəsizlik kəmərindən istifadəni unutmamağı da tövsiyə edib.

Məlumatda vurğulanıb ki, səfərin rahat və təhlükəsiz keçməsi sürücünün diqqətindən və məsuliyyətli davranışından asılıdır. Sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırılıb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər