Comart Otorbayev: Orta Dəhliz Çin və Avropa ticarətinin hərəkətverici qüvvəsidir
“Orta Dəhliz layihəsinin əsas hərəkətverici qüvvəsi Çin və Avropa arasındakı nəhəng ticarət dövriyyəsidir”.
1news.az-ın məlumatına görə, bunu Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev (2014-2015) XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
O, qeyd edib ki, hazırda dünyada baş verən logistik dəyişikliklər dəmir yolu nəqliyyatının əhəmiyyətini kəskin şəkildə artırıb. Qırmızı dənizdəki geosiyasi vəziyyətlə əlaqədar olaraq gəmilərin Afrika ətrafında uzun məsafə qət etməsi dəmir yolunu daha ucuz, səmərəli və sürətli alternativə çevirib.
C. Otorbayev keçən il Çin-Avropa ticarət əlaqələrinin 70 milyard dollar dövriyyəni keçdiyini vurğulayaraq, Orta Dəhlizin potensialından danışıb:
“Rusiya və Belarusdan keçən Şimal Dəhlizi hələ də daşımaların 90%-ni təşkil etsə də, bazar payını tədricən itirməkdədir. Orta Dəhliz isə müstəsna artım nümayiş etdirir. Ötən ilin ilk yarısında bu marşrutla konteyner daşımaları 93% artıb”.
Sabiq baş nazir vurğulayıb ki, bu artımın əsas səbəbi region ölkələri — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Gürcüstan arasında qurulan effektiv kommunikasiya və vahid tənzimləmə mühitidir. Onun sözlərinə görə, dəhlizə artıq 40 milyard dollar investisiya qoyulub.
Layihənin qarşısında duran əsas maneəyə toxunan natiq, Xəzər dənizi keçidini marşrutun “dar boğazı” adlandırıb: “Xəzər dənizini keçmək üçün tələb olunan əlavə 5,000 dollarlıq xərc çatdırılma qiymətinə təsir edir. Biz bu maneəni aradan qaldırmaq və keçidi daha optimal etmək üzərində işləyirik”.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inşasına da toxunan Otorbayev, bu layihənin Avropa ilə Çin arasındakı məsafəni daha 900 kilometr qısaldacağını qeyd edib. Bu isə malların Çinin Çonqinq şəhərindən Almaniyanın Duysburq şəhərinə cəmi 12 günə çatdırılmasına imkan verəcək.
Sonda o, Orta Asiya və Cənubi Qafqazın artıq qapalı deyil, qlobal ticarəti birləşdirən mərkəzi regionlara çevrildiyini xüsusi vurğulayıb.












